Qisas almaq üçün Naxçıvana getdi, gəlinlərini öldürmək istədi - Film kimi cinayətin ŞOK TƏFƏRRÜATI
Naxçıvanda qardaşının keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Afəddin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TNS hadisənin təfərrüatlarını əldə edib.
İstintaq materiallarına görə, A. Əliyevin cinayət törətməsinə səbəb onun qardaşının qətlə yetirilməsi olub.
Aliment vermədi, qətlə yetirildi
Belə ki, A. Əliyevin qardaşı Sultan Əliyev ötən il iyunun 10-da keçmiş qaynı Hüseyn Qasımov tərəfindən qətlə yetirilib.
Sultan Əliyevlə həyat yoldaşı Sitarə Qasımova 13 il evli olublar, bu nikahdan onların iki övladı dünyaya gəlib. Amma onlar boşanmağa qərar veriblər. Məhkəmənin qərarı ilə S. Əliyevə birgə nikahdan olan iki övladına görə aliment kəsilib.
Bundan sonra S. Qasımova övladları ilə birlikdə Bakıda qardaşı Hüseynin himayəsində qalıb. S. Əliyev isə məhkəmənin qərarını icra etməyib, alimenti ödəməyib. Nəticədə Sultanın 3 min manat borcu yaranıb.
Sitarə Qasımova Naxçıvana qayıdaraq, aidiyyəti qurumlara aliment ala bilməməsi barədə məlumat verib. Məlumat əsasında Sultan Əliyev saxlanılıb və ona 10 gün inzibati həbs verilib. Həbs müddəti başa çatan Sultan Bakıya qayıtsa da, alimenti verməyib.
Ötən il iyunun 10-da Sultan Əliyev Bakıda həmkəndlilərinin toyunda olarkən keçmiş qaynı Hüseynlə rastlaşıb. Bu zaman tərəflər arasında mübahisə yaransa da, yaxınlıqdakı şəxslər vasitəsilə mübahisə yatırdılıb.
Sultan toydan çıxıb Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki evinə gedərkən Hüseyn onu izləyib. Sultan Mehdiabad qəsəbəsində yaşadığı məhəlləyə daxil olarkən Hüseyn onu dönər bıçağı ilə onu qətlə yetirib.
Hadisədən sonra Hüseyn Qasımov həbs edilib.
Afəddin qardaşınının xüsusi amansızlıqla qətlə yetirildiyini öyrənəndən sonra qarşı tərəfin ailə üzvlərindən kimisə qisas məqsədilə öldürmək qərarına gəlib. O, bu barədə bir neçə qohumuna da məlumat verib.
Hüseynin həbsindən sonra bacısı Sitarə Bakıda dolana bilmədiyi üçün övladları ilə birlikdə Naxçıvana köçüb və orada yaşamağa başlayıb. Bunu eşidən Afəddin qisas almaq məqsədilə Naxçıvana-Sitarənin məskunlaşdığı Həmzəli kəndinə gedib.
Məhkəmədə ifadə verən Sitarə Qasımova bildirib ki, o, 2009-cu ildə Sultan Əliyevlə ailə qurub: "2021-ci ildə Sultandan boşandım. Bir müddət qardaşım Hüseynin himayəsində qaldım. Sonradan Naxçıvan şəhərinə köçüb orada kirayədə yaşadım. Boşandıqdan sonra məhkəmə uşağa görə təxminən 150-160 manat aliment kəsdi. Sultan Əliyev alimenti ödəmədiyi üçün mənə 3000 manat borcu yarandı. Başqa gəlir yerim yox idi, dolana bilmirdim. Alimentə görə Sultanla problemlər yaşadım. Naxçıvana gəldikdən sonra lazımi orqanlara müraciət etdim. Bu işlə bağlı icra məmuru təyin olundu və Sultan Əliyevə 10 gün inzibati həbs verildi. Cəzasını çəkib qurtardıqdan sonra Bakıya getdi, amma alimeti ödəmədi".
"Bizdən kimisə öldürəcəyini desə də, inanmadıq"
Sitarə ifadəsində deyib ki, bundan bir neçə gün sonra Sultanla Hüseyn Bakıda toyda qarşılaşıb: "Sultan içkili olduğu üçün Hüseynlə həbs olunması barədə mübahisə edib. Hüseyn də onu qətlə yetirib”.
S. Qasımova bildirir ki, Afəddin bir neçə dəfə onlara xəbər göndərərək, “qardaşımın qanını almaq üçün sizin ailədən kimisə öldürəcəyəm”, - deyib. Amma Sitarənin ailəsi onun bu xəbərdarlığını ciddiyə almayıb: “Hüseyn tutulduqdan sonra köməksiz qaldım, məcbur olub anamın yaşadığı kəndə köçdüm, ata evimdə qalıb anamın pensiyası ilə dolanırdıq.
Sultan öləndən sonra Afəddin Bakıda həmkəndlilərinə - “Onlardan qardaşımın qisasını alacağam, bir nəfəri öldürəcəyəm”- demişdi. Amma Sultanın ailəsi ilə yaxşı münasibətləri olmadığına görə bu deyilənləri ciddiyə almadıq. Sultanla 13 il ailəli olmuşam, həmin vaxt Afəddinlə Sultan danışmırdı. Hətta bizim toyumuza da onun ailəsi gəlməmişdi.
Hadisə günü axşam saat 20:00 radələrində eyvanda çayın qaynamasını gözləyirdim, Afəddin qəfil həyətə daxil olaraq, əlindəki bıçaqla üstümə hücum çəkdi. Məsafə az olduğu üçün qaça bilmədim. Onu görən kimi qışqırdım. Afəddin məni tutub sinəmdən və bədənimin başqa hissələrindən bıçaq zərbələri endirməyə başladı. Mənə hər bıçaq zərbəsi endirəndə “Bu günü gözləyirdim ki, sən gələsən”, - deyirdi. Mən isə dayanmadan qışqırırdım. Səsimə anam evdən çıxdı, gördü ki, Afəddin məni öldürür, dərhal Afəddinin üstünə gəlib, əlini onun ağzına salıb çəkib yerə yıxdı. Afəddin anamın əlini dişlədi. Daha sonra o, anamın sinəsinə bıçaq zərbəsi endirmək istəyəndə anam bir əli ilə bıçaqdan tutdu, digər əli ilə yerdəki daşı götürüb Afəddinin başına vurdu.
Mən yerdən duranda gördüm ki, anamın səsi gəlmir. Afəddinə “anamı öldürmüsən?” deyə qışqəranda o, mənə “ananla işim yoxdur, səni öldürəcəyəm", - deyib yenidən mənim üstümə cummaq istədi. O, yerdən durana qədər mən dərhal qazın üstündəki qaynar çaydanı götürüb onun sifətinə və kürəyinə tökdüm. Afəddin itirib yerə yıxıldı və durub qaçdı”.
"Əlimlə ağzını bağladım, bıçaqla zərbələr endirdim"
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Afəddin Əliyev özünü hadisədə təqsirli bilib. Qeyd edib ki, qardaşının meyitini görəndən sonra psixi sarsıntı keçirib və buna görə də ailədən qisas almaq qərarı verib: “Yas məclisini yola verəndən sonra eşitdim ki, qardaşımın yoldaşı Naxçınvana köçüb. Bu məqsədlə Şərur rayonuna gedib, Sitarənin harada olduğu ilə maraqlandım. Məlumat aldım ki, Naxçıvan şəhərində kirayədə yaşasa da, arada atası evinə gelir. Şərurda bazardan qatlanan bıçaq alıb, ailənin yaşadığı kəndə getdim. Bir neçə gün müşahidə edib Sitarənin evə gəlməsini gözlədim. Bir gün heyvan otararkən gördüm ki, Sitarə həyətdədir. Heyvanları dama salıb, qayıtdım. Bıçağı şalvarın arxa cibindən çıxarıb açdım, sakitcə həyətə daxil oldum. Sitarə məni görüb, qaçmaq istəyəndə onun boynundan yapışıb, birinci qışqırmaması üçün ağzını əlimlə bağladım. Sonra bıçaqla onun bədəninin müxtəlif yerlərinə zərbələr endirdim. Sitarənin səsinə anası Pakizə çıxıb, mənə hücum etdi, bıçağı əlimdən almaq istədi, bacarmadı. Daha sonra başımdan daşla vurdu. Sitarə isə üstümə qaynar su tökdü, huşumu itirib yerə yıxıldım. Sonra durub evimə getdim, polisə qorxumdan getmədim, amma evdəkilərə bildirdim ki, cinayət törətmişəm. Sonra polislər gəlib məni apardı”.
"Ağsaqqalları başsağlığına gəlmədi"
Törətdiyi hadisədən peşman olduğunu deyən təqsirləndirilən şəxs bildirib ki, qisas almaq istəməsinə səbəb qarşı tərəfdən onlara heç kimin başsağlığı verməməsi olub: “Heç kim bizə başsağlığı verməyə gəlmədi. Ağsaqqalları gəlib üzr istəmədi. Məsciddə qardaşımın meyiti yuyularkən bədənindəki yaraları, qarnının cırılmasını görəndən sonra psixi sarsıntı keçirdim. Bunlardan da heç kim gəlmədiyi üçün söz verdim ki, onların ailəsindən kimisə öldürməliyəm”.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsində iş üzrə məhkəmə prosesi yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A. Əliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.