Close

19:54
05 Oktyabr 2024

Prezident Naxçıvana ayrılan vəsaiti niyə azaldıb? - Muxtar respublika rəhbərliyi... - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.

Fərmana görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsinə ayrılan vəsait 3 dəfədən çox azaldılıb.

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov TNS-ə açıqlamasında Prezident fərmanının mahiyyətini və səbəbini izah edib.

Professor deyib ki,  “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə 2024-cü ildə ayrılması nəzərdə tutulan 249,1 milyon manat məbləğində vəsaitin həcmi 179,1 milyon manat azaldılaraq, 70 milyon manata endirilib.

“Prezidentin imzaladığı fərman onu göstərir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” üzrə 2024-cü ildə nəzərdə tutulan tədbirlərin icrası sahəsində problemlər mövcuddur. Heç şübhəsiz, Prezidentin 26 dekabr 2023-cü il tarixli sərəncamı ilə proqramda nəzərdə tutulan tədbirlərin 2024-cü ildə maliyyələşdirilməsi üçün 249,1 milyon manat vəsait ayrılarkən cari ildə həmin vəsaitlərin tam istifadə edilə biləcəyi əsaslandırılmışdı, əks halda, bu qədər vəsait nəzərdə tutulmazdı. Görünən odur ki, Naxçıvanda yerli hökumət cari ilin ötən dövrü ərzində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə 2024-cü ildə icrası nəzərdə tutulan işlərin yerinə yetirilməsini təmin edə bilməyib. Bu səbəbdən də cari ilin ötən 10 aya qədər zaman kəsiyində vəsaitlərdən istifadənin real vəziyyəti nəzərə alınaraq nəzərdə tutulan vəsaitin həcmi Prezident fərmanı ilə 179,1 milyon manat azaldılıb”, - Fikrət Yusifov bildirib.

Onun sözlərinə görə, biz bu gün Qarabağı yenidən tikib-qururuq və Prezidentin son çıxışlarının birində deyildiyi kimi “Biz bütün bu işləri, demək olar ki, öz gücümüzlə və öz vəsaitlərimiz hesabına görürük”.

“Belə olan halda, ölkədə digər məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlərin istifadə olunmayan hissəsinin Qarabağda görülən işlərin maliyyələşdirilməsinə yönləndirilməsi tam məntiqlidir. Nəzərə almaq lazımdır ki, burada söhbət yalnız 2024-cü il üçün nəzərdə tutulmuş vəsaitlərin azaldılmasından gedir. Yəni, 2024-cü il üçün nəzərdə tutulan vəsaitlərin azaldılması o demək deyil ki, növbəti illərdə də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsinə az vəsait ayrılacaqdır. Əksinə, proqramla nəzərdə tutulmuş işlərin 2027-ci ilə qədər başa çatması üçün növbəti illərdə daha çox vəsaitin ayrılacağı gözləniləndir. Heç şübhəsiz, əvvəlcə 2024-cü il üçün ayrılmış vəsaitlərdən aşağı səviyyədə istifadənin səbəbləri aydınlaşdırılacaq və növbəti illərdə belə vəziyyətin təkrarlanmaması üçün tədbirlər görüləcəkdir”, - professor əlavə edib.