Close

16:10
12 Oktyabr 2024

Audiovizual Şuradan Naxçıvan televiziyasının qalmaqallı loqosu ilə bağlı AÇIQLAMA

Naxçıvan televiziyasının loqosu ilə bağlı müzakirələr davam etməkdədir.

TNS xəbər verir ki, bəzi internet televiziyalarında bu məsələ gündəmə gətirilib. Bildirilib ki, loqodakı “n” hərfi erməni əlifbasındakı “ra” hərfinə bənzəyir.

İddia olunur ki, bu işarənin mənası “biz qayıdacağıq” deməkdir.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyətindən TNS-ə bildirilib ki, Naxçıvan televiziyasının yeni loqosu televiziyanın öz imkanları əsasında hazırlanıb.

“Yeni loqo Azərbaycan əlifbasının kiçik “n” hərfi əsasında tərtib olunub. Loqonun aşağısında isə “tv” qısaltması qeyd edilib. “n” hərfinin hər hansı başqa bir xalqın əlifbasındakı hərfə bənzədilməsi absurd və qərəzli yanaşmadan başqa bir şey deyil. Naxçıvan televiziyasının loqosu “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 12.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim olunub və təsdiq edilib”, - açıqlamada qeyd olunub.

TNS bununla bağlı Azərbaycan Respublikası Audiovizual Şurasına sorğu göndərib. Şuradan sorğuya cavab olaraq bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən media subyektinin redaksiyasının loqotipində (emblemində) irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyi, terrorçuluq, zorakılıq və qəddarlığı təbliğ edən, əxlaqa zidd olan simvollar və (və ya) onların kombinasiyasından (sözlər, hərflər, rəqəmlər, qrafik elementlər və s.), habelə digər media subyektinin redaksiyasının loqotipi (emblemi) ilə eyni və ya ona oxşar loqotipdən (emblemdən) istifadə olunması qadağandır.

“Azərbaycan Respublikası Audiovizual Şurası “Naxçıvan TV” televiziya redaksiyasının (kanalının) loqotipinin (embleminin) qanunauyğunluğunu məhz “Media haqqında” Qanunun 12.3-cü maddəsinin tələbini rəhbər tutaraq yoxlayıb və müsbət rəy verib.

Azərbaycan Respublikası Audiovizual Şurası media subyektinin redaksiyasının loqotipində (emblemində) istifadə olunan hərfin başqa dillərin əlifba hərfləri ilə eynilik təşkil etməsi və ya etməməsi, habelə həmin hərflərin başqa dillərdə hər hansı məna bildirməsi ilə bağlı yoxlama aparmır və bu məsələ onun səlahiyyətində deyildir”, - şuradan bildirilib.