Close

NTV-nin loqosu ilə bağlı iddialara sərt reaksiya: “Bu televiziyaya sızmış erməniqanlılar…”

Naxçıvan televiziyasının loqosu ilə bağlı maraqlı iddialar ortaya çıxıb.

TNS xəbər verir ki, bununla bağlı tanınmış jurnalist Aygün Muradxanlı rəhbəri olduğu Prime TV-nin “Qırmızı masa” proqramında danışıb.

O bildirib ki, loqodakı “n” hərfi erməni əlifbasındakı “ra” hərfinə bənzəyir.

İddia olunur ki, bu işarənin mənası “biz qayıdacağıq” deməkdir.

Saytımız mövzu ilə bağlı “Turan” hərəkatının başqanı Cahandar Bayoğlunun fikirlərini öyrənib.

e08edb3d-4e0d-4eb8-ad58-652c4dfcb13b

Siyasətçi bu mövzunun araşdırılması vacib olan məsələ olduğunu bildirib: “Mən özüm araşdırma apardım ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda nə kimi oyunlar gedir, nələr baş verir? Naxçıvan televiziyasının loqosunun dəyişdirilməsi, bu formaya salınması ciddi məsələdir.

Araşdırmalar nəticəsində o qərara gəldim ki, gerçəkdən burada bir çirkli niyyət var. Bu, Azərbaycana qarşı qəsb planlarını həyata keçirən bir çox qüvvənin Naxçıvanda hələ də güclü olduğundan xəbər verir. Loqonun Azərbaycan, Türk dünyası üçün bir anlam kəsb etməyən, erməni əlifbasında olan hərfə bənzədilməsi düşündürücüdür. Mən bu məsələni olduqca ciddi qəbul edirəm. Naxçıvan hələ də quru yollarla Azərbaycana bağlı deyil. Muxtar respublika Azərbaycanın bütövlüyündən ayrı düşmüş bir yerdir. 

Bizim Naxçıvanın Azərbaycanla birləşməsi uğrunda mübarizə apardığımız bir dövrdə ölkəmizə qarşı düşmən güclərin ermənilər vasitəsilə Naxçıvan üzərində oyun oynadıqlarını görürük.

Bu gün beynəlxalq hüquqa əsaslanaraq, 1918-1920-ci illərdə mövcud olan xəritəmizin bərpa olunması uğrunda mübarizə aparırıq. Zəngəzurun Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olduğu xəritədən danışırıq. Beynəlxalq hüquqa əsasən, Azərbaycanın haqlı olduğu bir durumda bu gün də bizə qarşı böyük güclər dayanır. Azərbaycanı bölmək, içəridən parçalamaq istəyən qüvvələrin olduğunu bilirik. Təəssüf ki, bu qüvvələrin Azərbaycan daxilində böyük dayaqları var. Onlar hakimiyyətə, siyasi dairələrə, ölkənin bütün qurumlarına sızıblar. Hər addımda onları görürük”.

Cahandar Bayoğlu bildirib ki, Azərbaycanda “Erməniqanlılar partiyası” fəaliyyət göstərir: “Bu gün “Erməniqanlılar partiyası”nın və xarici qüvvələrin əlində olan adamların Naxçıvanda söz sahibi olduğunu görürük. O baxımdan Azərbaycanın təhlükəsizlik orqanlarından xahiş edirəm ki, Naxçıvan TV-də işləyən adamlar, loqonun ideya müəllifi, onu hazırlayan hər kəs təsbit olunsun, araşdırılsın. Bu televiziyaya sızmış “Erməniqanlılar partiyası”nın, anti-Azərbaycan güclərin uzantıları araşdırılmalıdır. Azərbaycan ictimaiyyətinə bu barədə geniş bilgi verilməlidir.

Bizi içimizə sızdırdıqları adamların əli ilə vururlar.  Millətimiz çaş-baş qalır. Nə edəcəyini bilmir. Bu da milli bütünlüyümüzə bir zərbədir”.

Cahandar Bayoğlu Naxçıvan televiziyasının loqosunun bu formada hazırlanmasının təsadüf olmadığını vurğulayıb:

“Azərbaycanın dövlət qurumları, ictimai-siyasi sektoru məsələni diqqətdə saxlamalı, araşdırmalıdır.

Azərbaycana qarşı olan güclərin açıq müstəvidə fəallaşdığını görürük. Müharibələrlə ölkəni ələ keçirə bilməyən güclər açıq müstəvidə Azərbaycana sahib olmaq uğrunda mübarizə aparırlar. Erməniqanlılar, ingilisbaşlar, rusbaşlar ölkəmizə sahiblənmək istəyirlər. Azərbaycana haqqı çatan Türk millətinin ölkədə söz sahibi olmasına əngəl törətməyə çalışırlar.

Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gələndən sonra orada xalqın dərdini çəkən, Azərbaycanı düşünən, milli kimliyimizi dərk edən adamlar vəzifədə olmayıb. Yeni təyin olunanlar da Azərbaycanı Naxçıvansızlaşdıran siyasətin içində çabalayırlar, heç bir iş görə bilmirlər. Çox istəyirdik ki, Talıbovdan sonra baş verən dəyişikliklər millətin xeyrinə olsun. Təəssüf ki, olmadı. Orada tanışlar, qohumlar var. Danışırıq, belə başa düşürəm ki, orada insanların sərbəstliyində yumşalma olsa da, rifah səviyyəsində heç bir irəliləyiş yoxdur.

Muxtar respublika durğunluğa doğru gedir. Naxçıvan təkcə Azərbaycanın bir bölgəsi deyil, Türk dünyasını bir-birinə bağlayan ərazidir. Bölgə ilə zarafat etmək olmaz”.

Naxçıvan televiziyasının yeni loqosunun hazırlanması üçün müsabiqənin keçirilib keçirilmədiyi, loqonun mənası ilə bağlı TNS-in sorğusuna cavab olaraq “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyətindən bildirilib ki, Naxçıvan televiziyasının yeni loqosu televiziyanın öz imkanları əsasında hazırlanıb.

“Televiziyanın İnformasiya texnologiyaları şöbəsinin peşəkar qrafik-dizaynerləri var. Loqonun ideya və tərtibatı məhz televiziyanın qrafik-dizayneri Tural Əliyevə məxsusdur. Digər tərəfdən loqonun hazırlanması üçün müsabiqə elan olunmayıb. Bunun üçün televiziyanın xərclər smetasında ayrıca maliyyə imkanı olmadığı üçün müsabiqənin keçirilməsi məqsədəuyğun sayılmır. Qanunla belə bir tələb də yoxdur. Ümumiyyətlə, Naxçıvan televiziyasının indiyə qədər heç bir loqosu müsabiqə ilə tərtib olunmayıb. Yeni loqo Azərbaycan əlifbasının kiçik “n” hərfi əsasında tərtib olunub. Loqonun aşağısında isə “tv” qısaltması qeyd edilib. “n” hərfinin hər hansı başqa bir xalqın əlifbasındakı hərfə bənzədilməsi absurd və qərəzli yanaşmadan başqa bir şey deyil. Loqodakı qırmızı rəng Azərbaycan Respublikasının Dövlət Bayrağında da əks olunan qırmızı rəngdir. Qırmızı rəng müasirliyin, yeniliyin rəmzidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir və yenilikçi ruhlu, demokratik cəmiyyətin qurulması, aparılan siyasətə Ntv olaraq dəstəyin nümayişi kimi qırmızı rəng loqomuzda əks olunub. Naxçıvan televiziyasının loqosu “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 12.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim olunub və təsdiq edilib”, - açıqlamada qeyd olunub.