Close

Dövlət blokada şəraitində yaşayan Naxçıvanın daha da təcrid edilməsinə imkan verməməlidir

Bu gün Azərbaycan Respublikasının Nazirlər Kabineti “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarında dəyişikliklər edib.

Azərbaycan vətəndaşı olan hər bir sərnişinə bu gündən etibarən güzəşt məbləği 10 manata endirilib. Qeyd edək ki, əvvəllər bu məbləğ 20 manat təşkil edirdi.

Beləliklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat məbləğində müəyyən olunub.

Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasına təyyarə biletinin qiymətinin artırılması muxtar respublikada yaşayan və Naxçıvanla əlaqəsi olan hər kəs tərəfindən narazılıqla qarşılanıb. Bu qərar artıq sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib.

Yəqin ki, bu təklifi AZAL verib. Dünyanın ən bahalı aviaşirkətlərindən biri olan AZAL blokada şəraitində olan Naxçıvana güzəşt məbləğinin endirilməsinə nail olmaqla minlərlə insanı dövlətdən narazı salıb.

Naxçıvan Azərbaycanın ən həssas yeridir. Ölkənin əsas ərazisi ilə quru əlaqəsi olmayan muxtar respublikaya gediş-gəlişin ən rahat yolu hava nəqliyyatıdır. İran İslam Respublikasından keçməklə Naxçıvana gedib-gələnlər həmin yolun çətinliklərini, qonşu ölkədə bizə göstərilən münasibəti yaxşı bilirlər.  Odur ki, insanların çoxu hava nəqliyyatına üstünlük verir. Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində biletin qiymətinin artırılması xüsusilə əhalinin aztəminatlı təbəqəsi üçün ciddi problemlər yaradacaqdır.

İndi sual oluna bilər ki, Naxçıvan əhalisi tez-tez Bakıya niyə gəlir? Yaxud Bakıdan hər gün Naxçıvana nə qədər adam gedir ki, bu qiymət artımı insanların həyat tərzinə təsir göstərsin?

Bakı ölkəmizin paytaxtıdır. Respublikamızn digər bölgələrindən olduğu kimi, Naxçıvandan da xeyli insan paytaxtda məskunlaşıb. Bu insanların toyu, yası var, xəstəsi var, orda qalan ata-anası, bacı-qardaşı var. Qazax deyil ki, 20 manat verib bilet alasan, 5-6 saata rayona çatasan. Bu, blokada şəraitində olan Naxçıvandır. İlin bəzi vaxtlarında valideyninin dəfninə gedə bilmək üçün ölkədə ağız açmadığın adam qalmayan və yenə də bilet tapa bilmədiyin Naxçıvan.

Naxçıvan nə Bakıdır, nə İstanbuldur, nə Londondur, nə də Parisidir. Hə, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə aparılan quruculuq işləri sayəsində bu şəhərlər kimi gözəl, təmizdir. Amma Gəncədə, Qubada, Lənkəranda olan səhiyyə sistemi, həkimlərdən Naxçıvanda da var. Demək istədiyim odur ki, Azərbaycanın digər bölgələrində yaşayanlar kimi, naxçıvanlılar da bəzi sağlamlıq problemlərinin həlli üçün paytaxta üz tuturlar. Dövlət üçün 20 manat, yəni hər iki istiqamətdə artırılan qiyməti nəzərdə tuturam, heç nədir, amma sağlamlığına görə Bakıya üz tutan kasıb bir Naxçıvan sakini üçün bu, nəzərəçarpacaq vəsaitdir. Həmin vəsait ən azı onun Bakıdakı taksi puludur.

Övladı Bakıda təhsil alan naxçıvanlı, oğlu muxtar respublikada hərbi xidmətdə olan Azərbaycanın hər hansısa bir bölgəsinin sakini ildə bir neçə dəfə paytaxta və Naxçıvana getməli olur. Görün, sadə bir Azərbaycan vətəndaşının büdcəsinə bu qərarla nə qədər ziyan vurulacaq.

Bilmirəm, bu qiymət artımını necə əsaslandırıblar. Fikrimcə, bunun heç bir izahı və əsaslandırılması ola bilməz. Dəfələrlə Türkiyədə daxili reyslərdən istifadə etmişəm. İğdırdan İstanbula təqribən 1500  kilometrlik məsafədir, bu məsafəni təyyarə 2.5 saata qət edir. İğdır-İstanbul istiqamətində təyyarə bileti isə heç 50 manat deyil. Amma Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində 600 kilometrlik və bir saatlıq yol üçün AZAL-a 50 manat kifayət etməyib.

Hesab edirəm ki, blokada şəraitində olan Naxçıvana təyyarə biletinin qiymətinə yenidən baxılmalı, ölkəmizin bu həssas bölgəsinə güzəştlər tətbiq edilməlidir. Dövlət onsuz da ölkədən təcrid olunmuş vəziyyətdə yaşayan Naxçıvanın daha da təcrid edilməsinə imkan verməməlidir. Muxtar respublika əhalisinin çətinlikləri nəzərə alınmalı, onların paytaxtla daha rahat əlaqə qurması üçün imkanlar artırılmalıdır. Mövcud vəziyyətdə bu, çox önəmlidir. Zəngəzur dəhlizi açılandan, muxtar respublika blokadadan çıxandan sonra AZAL istəyir qiyməti 60 manat yox, 100 manat eləsin. Amma indiki şəraitdə bu qiymət artımı məqbul deyil. Nazirlər Kabinetinin bu qərarına Naxçıvanla sıx əlaqəsi olan Azərbaycan vətəndaşı kimi kəskin etiraz edirəm.

Tural Səfərov