Close

20:50
19 Sentyabr 2024

Bu deputat Naxçıvan Ali Məclisinin sədri seçilə bilməz - AÇIQLAMA

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə növbədənkar seçkilərlə yanaşı, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də seçkilər keçirilib.

Konstitusiya Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədikdən sonra Milli Məclisə olduğu kimi, Ali Məclisə də sədr seçiləcək.

Məlumdur ki, Naxçıvan Ali Məclisinin sonuncu sədri Vasif Talıbov 2022-ci ilin dekabrında istefa verib. İstefadan sonra bu vəzifəni sədrin keçmiş birinci müavini Azər Zeynalov və müavini Anar İbrahimov icra ediblər.

Sonuncu seçkilərdə adı çəkilən heç bir şəxs namizədliyini irəli sürməyib.

Bu səbəbdən muxtar respublikanın Ali Məclisinin sədri seçiləcək şəxsin kimliyi maraq doğurur.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən, Ali Məclisin sədrliyinə muxtar respublikada ən az 5 il daimi yaşamış deputatların namizədliyi irəli sürülə bilər.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev TNS-ə deyib ki, Ali Məclis sədrinə dair tələblər muxtar respublika konstitusiyasının 29-cu maddəsində təsbit olunub: “Orada qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ali Məclis tərəfindən seçilir. Sədr ona tabedir və hesbat verir. O, Ali Məclis tərəfindən geri çağırıla bilər. Göstərilib ki, muxtar respublika ərazisində 5 ildən az olmayaraq, daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi, ikili vətəndaşlığı olmayan ali təhsilli hər bir deputat Ali Məclisə sədr seçilə bilər. Buradan aydındır ki, şəxs Ali Məclisin deputatı olmalıdır, muxtar respublikada daimi yaşamalıdır. Yəni o şəxs sədr seçilə bilər ki, seçilən günə qədər Naxçıvanda ən az 5 il daimi yaşasın. Həmin şəxsin daha əvvəl yaşadığı müddət bu tələbə daxil deyil. Həmin müddət şəxsin seçildiyi günə qədər olan müddətdir. Onun seçilənə qədər muxtar respublikada 5 il yaşaması təsdiq olunmalıdır. Yalnız bu halda Ali Məclis sədri seçilə bilər. Başqa hallarda, o cümlədən 5 ildən az müddətdə orada yaşayıbsa, Ali Məclis sədri ola bilməz”.

Qeyd edək ki, Ali Məclisin 45 deputatı var.

TNS-ə daxil olan məlumata görə, onlardan Bəxtiyar Məmmədovun sədr olacağı barədə xəbərlər yayılıb. Lakin Bəxtiyar Məmmədov ən az 5 il muxtar respublikada yaşamaq tələbinə cavab vermir. Belə ki, o, seçilənə qədər Naxçıvanda 5 il daimi yaşamayıb.

Ali Məclis sədrliyinə alternativ namizədlərlə bağlı da müxtəlif iddialar səsləndirilir.