Ulu Öndər Heydər Əliyevin sabiq mətbuat katibi deputatlığa namizədliyini irəli sürüb - FOTO
Naxçıvan Muxtar Respublikasıının və Azərbaycan Respublikasının əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktoru Qahirə Hüseynova öz təşəbbüsü ilə 30 saylı Naxçıvan şəhər seçki dairəsindən yerli parlamentə namizədliyini irəli sürüb.
TNS xəbər verir ki, o, seçkidə iştirakla bağlı fikirlərini bölüşüb.
“Baxmayaraq ki, Ulu Öndər Heydər Əliyev 1990-1993-cü illərdə Naxçıvanda siyasi fəaliyyət göstərdiyi dövrdə, hələ 26 yaşında onun mətbuat katibi və yaxın silahdaşı kimi Ali Məclisin qurulmasında və təşəkkül tapmasında fəal iştirak etmişəm, parlament seçkilərinə namizəd kimi ilk dəfə qatılıram. Taleyimə çox minnətdaram ki, Naxçıvanın o mürəkkəb və çətin dövründə xalqımızın böyük oğlu Heydər Əliyevin yanında olmaq şərəfi mənə nəsib olub”, - deyə namizəd bildirib.
O vurğulayıb ki, Ali Məclisin Sədri Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində Naxçıvan erməni işğalından xilas olub, həmin dövrdə Naxçıvanda Azərbaycan dövlətçiliyinin bünövrəsi qoyulub: “Siyasi əqidəsi və dünyagörüşü görkəmli dövlət xadimi Heydər Əliyevin təsiri altında formalaşan bir insan kimi mən hər zaman Onun siyasi xəttinə sədaqətlə xidmət etmişəm və daima Prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi strategiyanı dəstəkləmişəm. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra yaranan yeni reallıqlara uyğun olaraq dövlət başçımız regionların inkişafına böyük diqqət yetirir. Sekiqabağı platformamda Prezidentimizin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nı əsas götürmüşəm. Bu sənəddə bütün sahələrdə inkişafın prioritet istiqamətləri müəyyənləşdirilib. Sosial rifahın yüksəldilməsi, mədəniyyətin, təhsilin inkişafına yönələn islahat və tədbirər Dövlət Proqramında əsas vəzifə kimi qarşıya qoyulub. Platformamda müasir cəmiyyətin xarakterik problemlərinə də yer ayırmışam. Seçicilərim mənə etimad göstərib deputat seçsələr, sosial-iqtisadi qanunvericiliyin təkmillədirilməsində fəal iştirak edəcəyəm”.