Fuad Nəcəfliyə bu dəfə Ülvi Hüseynli xatırlatması - Vasif Talıbov barədə duyğu ilə yazılanlar...
Əslində bu barədə yazı dərc etmək planımız yox idi. Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Ali Məclisinə seçkilər ərəfəsində 2020-ci il seçkilərində baş verən hadisələri, namizədlərin seçki kampaniyasının necə aparıldığını, namizədlər siyahısının nə vaxt elan olunduğunu öyrənmək üçün araşdırma aparırıq. İnternetdə axtarış apararkən seçkilərdən sonra bir çox saytlarda Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun deputat və Ali Məclisin sədri seçilməsinə həsr olunmuş yazılar qarşımıza çıxdı. İnsafən deyək ki, Vasif Talıbov barədə o dövrdə yazılmış ən yaxşı yazıları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli qələmə alıb.
Maraq bizi bürüdü və biz Ülvi Hüseynlinin Vasif Talıbov barədə yazdıqlarını araşdırmağa başladıq.
Vasif Talıbovun istefasından sonra muxtar respublikada Prezidetin səlahiyyətli nümayəndəsi təyin olunan Fuad Nəcəflinin apardığı kadr islahatı zamanı Ülvi Hüseynlinin yerində qalması, ona hətta Talıbov dövründən daha çox səlahiyyətlər verilməsi Naxçıvan ictimaiyyətinin marağına səbəb olmuşdu. Axı hər kəs bilirdi ki, Ülvi Hüseynli Vasif Talıbovun ən yaxın adamlarından biridir. Talıbov ona yüksək vəzifələr vermiş, böyük imkanlar yaratmışdı. Necə oldu ki, işlədiyi müddətdə Vasif Talıbovu heç 2-3 dəfə görməyən adamlar Talıbovçu kimi “vuruldu”, ancaq Naxçıvanın sabiq rəhbərinin burnunun dibində olan, ona sədaqətlə xidmət edən Ülvi Hüseynlinin səlahiyyətləri artırıldı. Bu niyə və necə baş verdi? Bu sualın cavabını yəqin ki, Prezidentin səlahiyyyətli nümayəndəsi Fuad Nəcəflinin özündən başqa heç kim bilmir. Ehtimal edirik ki, Fuad Nəcəfli Naxçıvanda vəzifəsindən azad edilən və vəzifəsində saxlanılan adamları dərindən tanımayıb. Bəlkə də bu adamlar barədə müfəssəl məlumata malik olsaydı, belə qərarlar qəbul etməzdi. Ona görə də biz cənab Nəcəfliyə bu sahədə kömək etmək üçün Vasif Talıbova qəlbən bağlı olan, onun haqqında duyğu ilə yazılar yazan insanların iç üzünü ortalığa çıxarırıq.
Beləliklə, Ali Məclisin Aparat rəhbəri Ülvi Hüseynlinin Vasif Talıbov haqqında duyğu ilə yazdığı məqalələri bəzi ixtisarlarla təqdim edirik.
Xalqın sevgisi rəhbərin qələbəsidir
Bəzi yazılar vardır ki, sadəcə duyğu ilə yazılır. Həmin yazılarda rəqəmlərə, statistikaya, sözçülüyə gərək yoxdur. Çünki yazının mövzusu hər bir insanın yaşadığı real həyatın lap özü olur. Kiməsə nəyisə göstərməyə, sadalamağa ehtiyac yoxdur. Sadəcə xatırlatmaq kifayətdir.
9 fevral Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə növbəti seçkilər günü kimi tarixə çevrildi. Bu tarix bir çox cəhətləri ilə yaddaşlara həkk olundu.
Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında seçici fəallığı təsdiq etdi ki, insanlara real iş və nəticə lazımdır. Artıq boş vədlərin, xəyallar karvanının nə vaxtı, nə də yeridir.
Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsindən daxil olmuş protokollar üzrə məlumatlar açıqlanıb və parlament seçkilərinin ilkin nəticələri, lider namizədlər müəyyənləşib. 1 saylı Şərur-Sədərək Seçki Dairəsindən namizəd Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ölkə üzrə ən yüksək – 94,6 faiz səs toplayıb.
Müdriklər deyir ki, rəhbərin ən böyük qələbəsi xalqın etimadı, inamı və sevgisidir. Bu gün sosial şəbəkələrdə, internet saytlarında Ali Məclis sədrinə təbriklərin yazılması, seçicilərin, bütün muxtar respublika əhalisinin, ölkə vətəndaşlarının, hətta qonşu ölkələrin jurnalistlərinin öz sevinclərini, qürurlarını bölüşməsi təsdiq etdi ki, rəhbərin ən böyük qələbəsi xalqın sevgisidir. Bir də bu sevginin əsasında dayanan real iş, əməl və nəticədir...
Müdrik olmaq
Yazının sərlövhəsini təsadüfən seçmədim. Həqiqətən, müdrik olmaq hər rəhbərə nəsib olmur. Çünki müdrik olmaq üçün öz ömrünü deyil, xalqın həyatını yaşamaq lazımdır. Görkəmli filosoflardan biri bu məsələyə belə izah verib: “Taleyini xalqın taleyi ilə bağlayan insanların ömrü də xalqın ömrünə çevrilir”.
1995-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən cənab Vasif Talıbov da taleyini Naxçıvanla bağlayan, muxtar respublikaya yeni həyat bəxş edən və ömrünü xalqın ömrünə çevirən qurucu rəhbər və müdrik liderdir.
Gərgin əmək, böyük zəhmət, torpağa və yurda bağlılıq Naxçıvan Muxtar Respublikasını iqtisadi, sosial və mədəni intibah mərhələsinə yüksəldib:
Bu gün Naxçıvan Gəmiqaya qədər müdrik, Əlincəqala qədər əyilməz, Haçadağ qədər vüqarlı, Əshabi-Kəhf qədər müqəddəsdir.
Bu gün Naxçıvan İslamın və türkçülüyün mərkəzidir.
Bu gün Naxçıvan inkişafın, tərəqqinin və yüksək rifahın təminatıdır.
Bu gün Naxçıvan vətənpərvərliyin iş və əməldə reallaşdırmaq nümunəsidir.
Bu gün Naxçıvan blokadada yaşamağın və inkişaf etməyin mümkün olduğu yerdir.
Bu gün Naxçıvan müstəqil Azərbaycanın inkişaf və tərəqqi etalonu, illik reytinq lideridir.
Bu gün Naxçıvan cinayətsiz və təhlükəsiz həyatın qarantı, sabitlik məkanıdır.
Bu gün Naxçıvan qəbul etdiyi hər qərarla nümunə kimi götürülən, daim təqdir olunan ulu torpaqdır.
Nəhayət bu gün Naxçıvan ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam və inkişaf etdirildiyi qədim türk yurdudur, qüdrətli Azərbaycandır!
Uğur gedilən yoldur, çatdığımız məkan deyil. Qədim və müasir Naxçıvanın uğuru da 1995-ci ilin 16 dekabrında əsası qoyulan və uzaq gələcəyə hesablanmış yolundadır. Uğurlarla dolu yolumuz isə sonsuz və əbədidir.
İnkişaf, sabitlik və yüksək rifah...
Əgər yüz il, min il bundan sonra da kimsə Naxçıvanın bu günü haqqında hər hansı bir araşdırma aparmış olsa, yəqin ki, onun yazacağı əsərin, məqalənin sərlövhəsi belə olacaq: İnkişaf, sabitlik və yüksək rifah.
Böyük zəhmətlə, vətən sevgisi ilə görülən işlər Vətəni gülüstana çevirir.
Tarixə nəzər salsaq görərik ki, ən böyük hünər və qəhrəmanlıqlar Vətən naminə edilib. Ona görə də bu qəhrəmanlıqların müəllifi olan liderlərin ömrü illərlə deyil, onların əməlləri ilə ölçülür.
Bir daşla divar hörülmədiyi kimi, inkişaf, rifah da bir sahəyə qayğı ilə başa gəlmir. Muxtar respublikada iqtisadiyyat da, sosial məsələlər də, ordu quruculuğu da eyni qayğı əhatəsindədir. Atılan hər bir addım, qəbul edilən hər bir qərar konkret hədəfə, çoxşaxəli inkişaf perspektivlərinə hesablanıb. Hər bir sahədə yenilik, tərəqqi müşahidə olunur. İnsan amilinə yüksək qiymət verilir. Yerli istehsalın və ixracın həcmi artıb. Yeni iş yerləri açılıb, işsizlik minimuma endirilib.
Artıq Naxçıvanın blokada şəraitində olması inkişaf üçün, iş görmək üçün əngəl deyil. Çünki fasilələrlə enerji alan, çörək növbələri az qala həyat tərzinə çevrilən Naxçıvanda bu gün ərzaq və enerji təhlükəsizliyi təmin olunub. Güclü ordu yaradılıb. Gələcəyimizi etibar edəcəyimiz sağlam gənclik formalaşıb. Bu gün Naxçıvan tarixini kərpic-kərpic bərpa edir. Naxçıvan qurulur, müasirləşir, abadlaşır, inkişaf edir. Naxçıvan Muxtar Respublikasında görülən bütün bu işlərin, nail olunmuş inkişafın bir səbəbi var: O da Vətənpərvərlikdir. Özü də sözdə yox, əməldə, işdə olan Vətənpərvərlik...
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun rəhbərliyi altında davam etdirilən ulu öndər Heydər Əliyevin yolu inkişafın, tərəqqinin, sabitliyin, rifahın yoludur.
Amalımız, yolumuz daim açıq olsun!
Bu, Ülvi Hüseynlinin Vasif Talıbov barədə yazdığı məqalələrin bir hissəsidir. Bizi başqa məsələ düşündürür. Göründüyü kimi, Ülvi Hüseynli Naxçıvanda görülən işləri yüksək qiymətləndirib, Vasif Talıbovu “müdrik lider” səviyyəsinə qaldırıb. Bu yazıların müəllifi Ülvi Hüseynli Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Vasif Talıbov dövrünü sərt tənqid edəndə niyə demirdi ki, “Hörmətli səlahiyyətli nümayəndə, elə deyil axı, Naxçıvanda hər şey qaydasındadır, Vasif Talıbov müdrik liderdir, o, muxtar respublikanı əla idarə edib”. Sual olunur. O zaman Ülvi Hüseynli Vasif Talıbov barədə yazdıqlarında səmimi olmayıb? Elədirsə, deməli, o, Fuad Nəcəfliyə də səmimi deyil. Bu suallar barədə düşünməyi oxucuların, nəticə çıxarmağı isə Fuad Nəcəflinin ixtiyarına buraxırıq.
Qeyd: Naxçıvan balaca yerdir, orada hər kəs hər kəsi yaxşı tanıyır. Məsələn, naxçıvanlılar bilir ki, orada kimin portretini kimin atası və əmisi yandırıb.
Davamı olacaq.
TNS