Close

Naxçıvandakı bu muzeyin direktoru MSK üzvü seçildi

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına yeni üzv seçilib.

TNS xəbər verir ki, bu barədə qərar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında qəbul edilib.

İclasda Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi məsələsi müzakirəyı çıxarılıb.

Ali Məclis sədrinin müavini Anar İbrahimov məsələ ilə bağlı muxtar respublikanın Mərkəzi Seçki Komissiyasının sonuncu tərkibinin Ali Məclisin 2020-ci il 30 dekabr tarixli Qərarı ilə seçildiyini bildirib.

22 iyul 2024-cü il tarixdə keçirilmiş Mərkəzi Seçki Komissiyasının iclasında komissiyanın sədri Əliyev Əjdər Zahid oğlu öz ərizəsi əsasında sədr vəzifəsindən azad edilib. 24 iyul 2024-cü il tarixdə komissiya üzvü Əjdər Əliyev 1 sentyabr 2024-cü il tarixdə Ali Məclisə keçiriləcək növbədənkənar seçkilərə deputatlığa namizədliyini irəli sürüb. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq maddəsinə əsasən, Ali Məclisin deputatlığına namizəd olduqda seçki komissiyası üzvünün səlahiyyətlərinə xitam verilir. Beləliklə, Əliyev Əjdər Zahid oğlu Mərkəzi Seçki Komissiyasının üzvü ola bilməz. Naxçıvan Muxtar Respublikası Konsitusiyasına əsasən, Ali Məclis Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi məsələsini həll edir.

Sədr müavini qeyd olunanları nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd olaraq Orucəliyev Ramil Əli oğlunu təklif edib.

Namizəd haqqında məlumat verilib və Ramil Orucəliyevin Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü seçilməsi ilə əlaqədar Ali Məclisin 2020-ci il 30 dekabr tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı qərar oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Ramil Orucəliyev Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin direktorudur.