Close

Bu, Naxçıvan rəhbərliyinin gözləri qarşısında baş verir – Siyavuş Novruzova, Eldar İbrahimova, Vüqar Rəhimzadəyə təklif edirik ki...

Son vaxtlar Naxçıvanda Ulu Öndər Heydər Əliyevin irsinə göstərilən laqeyd münasibət muxtar respublika sakinlərinin narahatlığına səbəb olub. Bu məsələ bir neçə dəfə ictimailəşdirilsə də Naxçıvan rəhbərliyi buna əhəmiyyət verməyib.

Bu yaxınlarda Naxçıvanın sabiq mədəniyyət naziri Sarvan İbrahimov Ulu Öndər Heydər Əliyevin adını daşıyan binaların baxımsız vəziyyətdə saxlanılması ilə bağlı öz sosial şəbəkə hesabında paylaşım etmişdi. TNS sabiq nazirin həmin paylaşımını ictimailəşdirmiş, bir gün sonra Sarvan İbrahimov paylaşımını silmişdi. Sabiq nazirin bu hərəkəti Naxçıvan ziyalıları tərəfindən etirazla qarşılanmışdı. Həmin yazını bu linkdən oxuya bilərsiniz.

Sabiq nazir bu günlərdə “Facebook” hesabında yenə Naxçıvan rəhbərliyini sərt tənqid edib. Vəziyyət o həddə çatıb ki, Sarvan İbrahimov belə dözə bilməyib.

“Bura Naxçıvan şəhərindəki Heydər Əliyev prospektidir. Prospektdə Ümummili Liderimizin əzəmətli heykəli ucalır. Abidənin təxminən 30 metrliyində yeni pivəxana açılıb. Dünən isə sosial şəbəkələrin birində pivəxananı işlədən bir şəxs pivəxananı reklam edir və uca səslə deyirdi ki, pivəxanamız muzeyin yanında yerləşir. Ümummilli Liderimizin əziz xatirəsi ucadan uca tutulmalıdır. Pivəxananın bu ərazidə fəaliyyət göstərməsi yolverilməzdir. Qanun onu da deyir ki, orta məktəbə yaxın ərazidə spirtli içkilər satılması qadağandır. Pivəxananın lap yaxınlığında isə orta məktəb yerləşir, yəqin ki, həmin məktəbdə seçki məntəqəsi də fəaliyyət göstərəcək. Qəribədir, yaxınlıqda olan dövlət müəssisələri bu vəziyyəti görmür?”, - Sarvan İbrahimov yazıb.

Heydər Əliyev Muzeyi Naxçıvandakı müqəddəs yerlərdən biridir. Ümummilli Liderimizin irsinə belə münasibət qəbuledilməzdir. Azərbaycanda Ulu Öndərimizin adını daşıyan yeganə muzey diqqətdən kənarda qalıb. Aylardır, muzeyin havalandırma sistemi işləmir. Heydər Əliyev Muzeyindəki nadir eksponatların sıradan çıxma ehtimalı var.

Heydər Əliyev Muzeyi Naxçıvan şəhərinin mərkəzində, Ali Məclisin və Nazirlər Kabinetinin yaxınlığında yerləşir. Təəssüf ki, bütün bunlar Ali Məclisin binasında oturan Prezidentin səlahiyyətli nümayəndəsinin, Ali Məclisin rəhbərliyinin və muxtar respublikanın Baş nazirinin gözləri qarşısında baş verir.

Cənablar, Ulu Öndərə sayğı foto çəkdirmək üçün keçirilən tədbirlərlə, yuxarı rəhbərlik görsün deyə sosial şəbəkə hesablarınızdakı paylaşımlarınızla olmur. Heydər Əliyevə sevgi və sayğı insanın qəlbində olmalı, Onun irsinə münasibətdə özünü göstərməlidir.

Azərbaycanın  əlaqədar dövlət orqanlarını bu məsələyə reaksiya verməyə, Heydər Əliyev Muzeyinin müqəddəsliyinin qorunması üçün hərəkətə keçməyə, muzeydəki nadir eksponatların sıradan çıxmasının qarşısını almağa çağırırırq. Hazırda Naxçıvanda Milli Məclisə seçkilərlə əlaqədar təbliğat-təşviqat kampaniyası aparan Ulu Öndərimizin yaratdığı Yeni Azərbaycan Partiyasının deputatlığa namizədləri Siyavuş Novruzova, Ziyafət Əsgərova, Eldar İbrahimova, Vüqar Rəhimzadəyə, Ülviyyə Həmzəyevaya təklif edirik ki, Heydər Əliyev Muzeyinə getsinlər, bu müqəddəs məkana laqeyd münasibətə öz etirazlarını bildirsinlər.

7085cd82-d4fe-4c5c-bf05-3de3b1419828

92832ee7-74f2-42b4-983e-bf7637faeaf7