Bu şəxslər Culfa rayonundan Ali Məclisin deputatı seçilə bilərlər

Bu il sentyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçiriləcəkdir. Bu həftə deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsi prosesi başa çatır. İndiyək Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası deputatlığa namizədliyini irəli sürən, namizədliyi qeydə alınan şəxslərlə bağlı rəsmi məlumat açıqlamayıb. MSK-nın saytında da bu barədə məlumat yoxdur.
TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə iştirak edəcək bəzi namizədlərin adları bəlli olub.
Culfa rayonu ərazisindəki seçki dairələrindən Ali Məclisin deputatlığına Qəzənfər Abdullayev, Rza Xudiyev, Əjdər Əliyev və Canməmməd Canməmmədov namizədliklərini irəli sürüblər.
Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, Əjdər İsmayılov Mərkəzi Seçki Komissiyasının sədri, Rza Xudiyev Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrının direktorudur. Canməmməd Canməmmədov əvəllər Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanunu qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilə bilməzlər.
Konstitusiyaya görə, Qəzənfər Abdullayev və Rza Xudiyev deputat seçilərsə, tutduqları vəzifələrdən azad edilməlidirlər.
Əjdər Əliyevin seçki ərəfəsində istefa verib deputatlığa namizəd olması ciddi suallar doğurur və seçki prosesində ciddi problemlər yarada bilər.
Digər dairələrdən namizədliyi irəli sürülən və deputat seçilmək şansı çox olan namizədlərin də adlarını açıqlayacağıq.