Close

07:35
18 Oktyabr 2024

Fuad Nəcəflinin Baş nazir xofu - Bacarmadığınızı etiraf edin... - FOTO

Naxçıvan muxtar dövlətdir. Muxtar respublikanın hüquqi statusu Azərbaycanın və Naxçıvanın konstitusiyaları ilə müəyyən olunub. Naxçıvanda qanunvericilik hakimiyyətini Ali Məclis, icra hakimiyyətini Nazirlər Kabineti həyata keçirir. Muxtar respublikanın ali vəzifəli şəxsi Ali Məclisin sədri, hökumətin başçısı isə Baş nazirdir.

Prezident İlham Əliyevin 22 dekabr 2022-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi yaradılıb.

Fərmanda qeyd olunub ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirməlidirlər. Səlahiyyətli Nümayəndəliyin əsasnaməsinə görə, nümayəndəlik müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir və onların fəaliyyətinə nəzarət edir. Göründüyü kimi, Prezidentin fərmanı və dövlət başçısının təsdiqlədiyi əsasnamə Səlahiyyətli Nümayəndəliyin səlahiyyət həddini dəqiq müəyyənləşdirib. Yəni, səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə heç kim deməyib ki, get, Naxçıvanda muxtar respublikanın sabiq rəhbəri Vasif Talıbovsayağı bildiyi et.

Bu qənatə gəlmək üçün kifayət qədər əsaslar var. Ancaq bu yazıda həmin əsaslardan biri barədə bəhs edəcəyik.

2022-ci ildə Naxçıvanda aparılan kadr islahatlarından sonra muxtar respublikada ciddi dəyişiklik baş vermədi. Əksinə, vəziyyət daha da pisləşdi, 50 mindən çox iş yeri bağlandı, tikinti sektoru iflic oldu. Kimlərinsə şəxsi ambisiyaları, hər şeyi əvvəlki dövrün üstünə atmaq, uzun illərdir, bölgədə fəaliyyət göstərən tikinti şirkətlərini Naxçıvandan sıxışdırıb çıxarmaq cəhdləri vaxtilə bu sahədə çalışan 20 min nəfərə yaxın insanı işsiz qoydu. Bütün bu uğursuzluqları Vasif Talıbovun dövründə Baş nazir təyin edilən Səbuhi Məmmədovun üstünə yıxdılar və onu vəzifədən kənarlaşdırdılar. Deyilənə görə, sabiq Baş nazir sabotajla məşğul olurmuş. Yazını sona qədər diqqətlə oxuyun, sonda kimin sabotajla məşğul olduğunu açıqlayacağıq.

Bu il aprelin 25-də Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Naxçıvan Ali Məclisi Ceyhun Cəlilovu muxtar respublikanın Baş naziri təyin etdi.

Yəqin ki, Ceyhun Cəlilovun bu vəzifəyə namizədliyi müzakirə olunarkən səlahiyyətli nümayəndə Fuad Nəcəflinin də fikri öyrənilib. Hazırkı Baş nazir bundan əvvəl Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışırdı. Gözlənilirdi ki, Naxçıvanda artıq hər kəs öz işi ilə məşğul olacaq, yeni Baş nazirin fəaliyyətinə şərait yaradılacaq. Ancaq biz burda da prosesin əksini müşahidə edirik. Baş nazirin səlahiyyətləri məhdudlaşdırılır, o, sanki “kölgədə” saxlanılır. Fuad Nəcəfli elə görüntü yaratmağa çalışır ki, sanki Naxçıvanda ondan başqa işləyən yoxdur. Yaxud da cəmiyyətə göstərmək istəyir ki, o, Naxçıvanın yeni Vasif Talıbovudur.

Faktlara müraciət edək.

Əvvəla onu qeyd edək ki, icra hakimiyyətini həyata keçirən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti muxtar respublikanın iqtisadi, sosial proqramlarının həyata keçirilməsini təmin edir, nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir. Yəni, Naxçıvanda iqtisadi və sosial sahələrdə görülən bütün işlərə Baş nazir cavabdehdir. Amma nədənsə Naxçıvanda keçirilən tədbirlərə, xüsusilə Baş nazirin birbaşa cavabdeh olduğu sahələrdə keçirlən tədbirlərə Ceyhun Cəlilov dəvət olunmur. Əslində, bu tədbirləri Baş nazir Ceyhun Cəlilov təşkil etməli, səlahiyyətli nümayəndə həmin tədbirlərə dəvət olunmalıdır. Unudulmamalıdır ki, Prezidentin Naxçıvandakı digər nümayəndəsi də elə Baş nazirdir.

105297_66311c3c8ead6

Ceyhun Cəlilovun Baş nazir təyin edilməsindən bir neçə gün sonra – aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib və Baş nazir həmin tədbirdə iştirak etməyib. Halbuki bu məsələdə qərar verəcək şəxs Baş nazirdir.

105635_663b8b7515dab

Mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans, habelə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Baş nazir bu tədbirə də qatılmayıb.

106398_664e1cc2062e2

Mayın 22-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 və Naxçıvan səhiyyəsinin 100 illiyi münasibətilə “Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev konfransda iştirak ediblər. Baş nazir yenə yoxdur.

106776_665718286a9bd

Mayın 29-da Naxçıvan şəhərində "I Regional Sığorta Forumu" keçirilib. Baş naziri burda da görən olmayıb.

109049_66913185e58ee

İyulun 12-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvanda ikinci özəl tibb müəssisəsi fəaliyyətə başlayıb. Dövlət Proqramının icrasına birbaşa cavabdeh olan Nazirlər Kabinetinin rəhbəri bu dəfə də saya salınmayıb.

109669_66a0fca9ebf50

İyulun 24-də Babək şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib. Baş nazir Ceyhin Cəlilovun bu tədbirdə də iştirakına imkan verməyiblər.

Belə nümunələrin sayı çoxdur. Aydın təsəvvür yaransın deyə, biz bir neçə tədbiri xatırlatdıq.

Sabiq Baş nazir Səbuhi Məmmədov Vasif Talıbovun kadrı olduğu üçün Fuad Nəcəfli onunla işləmək istəmirdi. Bəs Ceyhun Cəlilov kimin kadrıdır? Yeni Baş nazirin qanuni səlahiyyətləri niyə məhdudlaşdırılır? Bu sualların cavabı tapılmasa, Naxçıvanda heç bir dəyişiklik olmayacaq.

Əslində bu məsələdə Baş nazir özü də günahkardır. Adam soruşa bilmir ki, bu vəzifəni niyə belə hörmətdən və urvatdan salırlar. Onun da özünəməxsus “haqlı səbəbləri” var. Ceyhun Cəlilovun qaranlıq keçmişi ilə bağlı xeyli suallar var və Baş nazir indiyədək mediada səsləndirilən sualların heç birinə cavab verməyib. Üstəlik, nazir olduğu dövrdə o qədər qanunsuzluq edib ki, indi səsini çıxara bilmir.

Fuad Nəcəfli təkcə Nazirlər Kabinetinin deyil, Ali Məclisin də işini iflic edib. Yeni Azərbaycan Partiyasının üzvü olmayan Fuad Nəcəfli partiyanın da işinə müdaxilə edərək, bu sahədə də hegemonluq edir, partiya təşkilatlarının normal iş prinsipini pozur. Bu barədə növbəti yazılarda.

Öz hərəkətləri ilə Vasif Talıbov olmaq istədiyini göstərən Fuad Nəcəfli indiyədək bütün uğursuzluqları kimlərinsə işi sabotaj etdiyi ilə əlaqələndirib. Fikrimizcə, ən böyük sabotajı cənab Nəcəfliyə elə onun özü edir. Hörmətli Fuad müəllim, şəxsi ambisiyalarınızı bir kənara qoyun. Öz daxilinizdə bacarmadığınızı etiraf edin, kənara çəkilin, qanuni səlahiyyətlərinizi icra edin, imkan verin bacaranlar işləsinlər. Bəlkə onlar sizi də xilas edəcəklər...

TNS