Close

Naxçıvan ciddi dəyişikliklər ərəfəsində - Fuad Nəcəfli bu tarixdə yola salınacaq

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov 2022-ci ilin dekabrında tutduğu postdan mədəni şəkildə uzaqlaşdırılsa da, muxtar respublikanın sosial-iqtisadi həyatında ciddi dəyişikliklər baş vermədi.  Naxçıvan "xan"ının ardınca bir nömrəli sələfi sayılan müavini Azər Zeynalov da istirahətə göndərildi. Amma "xan"ın və "vəzir"in bütün səlahiyyətlərini itirməsi "kiçik torpaq"da böyük dəyişikliklərə səbəb olmadı. 

TNS xəbər verir ki, muxtar respublikada sosial-iqtisadi problemlərin həll olunmaması mərkəzi hakimiyyətin nəzərini yenidən Naxçıvana yönəldib. Hakimiyyət muxtar respublikada ciddi islahatlar həyata keçirməyə hazırlaşır. 

"Yeni Sabah" bununla bağlı sensasiya sayılacaq məlumatlar əldə edib. Hakimiyyətdəki mötəbər şəxs sayta bildirib ki, Azərbaycan Prezidentinin Naxçıvandakı xüsusi nümayəndəsi Fuad Nəcəfli ona ayrılmış "krediti" tamamilə xərcləyib qurtarıb. Buna görə də, Bakı Naxçıvandakı "islahatlara" Fuad Nəcəflinin timsalında başlamaq niyyətindədir. 

Mənbənin dediyinə görə, Naxçıvan ciddi dəyişikliklər ərəfəsindədir. Onun sözlərinə görə, Fuad Nəcəfli sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən bir neçə gün sonra, tutduğu vəzifədən uzaqlaşdırılacaq. Nəcəfli ilə başlayacaq dəyişikliklər, Naxçıvanda dövlətin əksər qurumlarını əhatə edəcək. Rəhbərlik etdiyi sahədə müsbət dönüş yarada bilməyən bütün vəzifəli şəxslər bir-birinin ardınca istefaya göndəriləcək. 

Qeyd edək ki, son vaxtlar Naxçıvanda baş vermiş ən ciddi hadisə, iyulun 5-də Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayevin tutduğu vəzifədən uzaqlaşdırılması olub(Yenisabah.az).