Close

Naxçıvanda hüquqşünası maliyyə naziri təyin etdilər

Həsən Bayram oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.

TNS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

Qeyd edək ki, Həsən İsmayılov bu təyinatadək maliyyə nazirinin müavini vəzifəsində çalışır, nazirin səlahiyyətlərini icra edirdi.

Bu, həmin Həsən İsmayılovdur ki, maliyyə nazirinin səlahiyyətlərini icra etdiyi dövrdə nazirlik başqa dövlət orqanının səlahiyyətlərini mənimsəyərək dövlət satınalamaları ilə bağlı ikinci bir elektron sistem yaradıb. Halbuki, bu, qanunla qadağandır. Qanunsuz şəkildə yaradılan elektron sistem barədə yazını bu linkdən oxuya bilərsiniz.

Həsən İsmayılov ixtisasca hüquqşünasdır. Yeni nazir maliyyə sahəsi üzrə heç bir ali təhsil almayıb, bu sahədə heç bir sertifikatı yoxdur. Halkbuki maliyyə naziri iqtisadiyyat, maliyyə üzrə ali təhsilli olmalıdır. Təsəvvürünüzə gətirin ki, Naxçıvanın büdcəsinin idarə olunması, maliyyə məsələləri bir hüquqşünasa həvalə olunub.

Tutaq ki, Naxçıvanın Baş naziri başını qoyub ətəyinə bu təqdimatı verib. Bəs bu sərəncamı imzalayan ali vəzifəli şəxsin səlahiyyətlərini icra edən Anar İbrahimov hara baxır? Ali Məclis yeni nazirin təhsilini niyə araşdırmayıb? Bu, artıq nonsesdir və Naxçıvanda kadrların hansı prinsiplər üzrə, kimlərin diqtəsi ilə seçilib təyin olunduğunun göstəricisidir.

Deyək ki, Baş nazir ağına-bozuna baxmadan təqdimatı verir, Ali Məclis sədrinin müavini də araşdırmadan sərəncamı imzalayır. Axı Naxçıvanın yerli hakimiyyət orqanlarına nəzarət etmək üçün Prezident muxtar respublikaya nümayəndəsini təyin edib. Bəs səlahiyyətli nümayəndə Fuad Nəcəfli bu məsələlərə niyə nəzarət etmir? Cənab Nəcəfli niyə aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmır ki, Naxçıvanın yerli orqanları burada Vasif Talıbovsayağı öz bildiyini edir. Suallar çoxdur, cavabları hələ ki yoxdur.