Close

11:10
02 İyul 2024

Naxçıvan Ali Məclisi niyə buraxılmadı?

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 1 sentyabr 2024-cü il tarixə seçkilər təyin edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətlərini icra edən Anar İbarahimov sərəncam imzalayıb. 

Sərəncamda deyilir:

“Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 iyun tarixli 176 nömrəli Sərəncamını rəhbər tutaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndinə əsasən qərara alıram: Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilsin”.

Azərbaycan Respublikasının Milli Məclisindən fərqli olaraq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi buraxılmayıb, Ali Məclisə yeni seçkilər təyin olunub. Yəni, muxtar respublika parlamenti seçkilərin keçirildiyi dövr ərzində fəaliyyətdə olacaq.

Bəs Naxçıvan Ali Məclisi niyə buraxılmayıb?

TNS dəqiqləşdirib ki, Azərbaycan və Naxçıvan konstitusiyalarında Ali Məclisin buraxılması proseduru nəzərdə tutulmayıb.

Naxçıvan parlamentar muxtar respublikadır. Konstitusiyaya görə, Naxçıvanın ali vəzifəli şəxsi Ali Məclisin sədridir. Naxçıvan Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. Əgər Naxçıvan Ali Məclisi buraxılarsa, o zaman ali vəzifəli şəxs də öz səlahiyyətini itirmiş olur. Bu isə o deməkdir ki, seçkilərin keçirildiyi 2 ay müddətində muxtar respublikanın rəhbəri olmayacaq.

Buna görə də Naxçıvan Ali Məclisi buraxılmayıb, yeni seçkilər təyin edilib. Muxtar respublika parlamenti yeni seçilmiş Ali Məclisin ilk iclasına qədər fəaliyyətini davam etdirəcək.