İbrahim Məmmədov imtina etdi, sədrin səlahiyyətlərinin icrası Malik Rzayevə həvalə olundu
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası sədr müavini Malik Rzayevə həvalə edilib.
TNS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.
Bu vəzifənin icrası ötən ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İbrahim Məmmədova həvalə olunmuşdu.
TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, sədrin səlahiyyətlərinin icrasının digər müavinə həvalə edilməsinin səbəbi İbrahim Məmmədovun bu vəzifənin icrasından imtina etməsidir. Onun vəzifənin icrasından imtina etməsinin səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, İbrahim Məmmədov ixtisaslı mütəxəssisdir. Uzun illərdir, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində çalışır.
Malik Rzayevin isə bu sahədə heç bir təcrübəsi yoxdur. O, hüquqşünasdır, əvvəllər Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Şahbuz Rayon Prokurorluğunda işləyib. Malik Rzayev uzun illər Bakı şəhərində vəkil kimi fəaliyyət göstərib, 11 saylı Mediasiya təşkilatında çalışıb.