Naxçıvanın Ombudsmanına açıq məktub: "Sizdən kimə şikayət edək?"

“TNS” İnformasiya Agentliyinin direktoru Tural Səfərov Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Günay Rzayevaya açıq məktubla müraciət edib.
Həmin müraciəti təqdim edirik:
“Hörmətli Günay xanım!
Azərbaycan Respublikası qanunvericilik aktlarında (Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi, “Media haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunları) məlumat azadlığının təmin edilməsi üçün bir sıra hüquqi müdafiə mexanizmləri və əsas prinsiplər müəyyən edilib. Belə ki, “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu (maddə 5: məlumat azadlığının təmin edilməsi; məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı) və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu ilə (maddə 6.1.3: dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi; maddə 6.1.4: informasiyanın maksimum açıqlığı; maddə 6.1.5: informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi; maddə 6.1.9: informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması) informasiya əldə olunmasının əsas prinsipləri, qeyd edilən əsas prinsiplərə uyğun olaraq informasiya sahiblərinin vəzifəsi (10.1. informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur; 10.4.1. informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; 22.1. informasiya sahibi bu Qanunun 14.1-ci maddəsinin tələblərinə uyğun olaraq informasiyanın əldə olunmasına şərait yaradır, yaxud informasiyanı sorğuçuya təqdim edir; 22.4. informasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa, informasiya sahibi həmin informasiyanı, o cümlədən açıqlanmış informasiyanı rəsmi təsdiqlə birlikdə verməlidir) və məsuliyyəti (27-1. sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) şikayət etmək hüququ) təsbit edilib.
“Media haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsinə əsasən dövlət orqanları (qurumları), bələdiyyələr, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında informasiyanı media subyektlərinin və jurnalistlərin yazılı və şifahi sorğusu əsasında, habelə mətbuat konfransları və ya brifinqlər keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər. Həmin Qanunun 17.3 və 17.4-cü maddələri ilə müəyyən edilib ki, informasiya əldə edilməsi barədə yazılı sorğuya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir. Media subyektləri və jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, müəssisə və təşkilatlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən qanunla müəyyənləşdirilmiş qaydada şikayət etmək hüququna malikdirlər.
“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 1.3-cü maddəsinə əsasən Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir. Həmin Qanunun 13-1.4-cü maddəsinə görə Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibi olan dövlət orqanından, yerli özünüidarə orqanından və ya vəzifəli şəxsdən pozuntuların aradan qaldırılmasını tələb edir.
Hörmətli Günay xanım!
Bildiririk ki, “TNS” İnformasiya Agentliyi 15, 23 və 30 yanvar 2024-cü il tarixlərində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə informasiya sorğuları göndərib. Təəssüf ki, qanunla müəyyənləşdirilmiş müddətin başa çatmasına baxmayaraq, sorğuların heç birinə cavab verilməyib.
“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli, 1361 saylı Fərmanına uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 374-cü (informasiya əldə etmək haqqında qanunvericiliyin pozulması) maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlər üzrə protokol Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili adından Müvəkkil, onun Aparatının rəhbəri, Aparat rəhbərinin müavini tərəfindən tərtib olunur.
Yuxarıda istinad olunan qanunvericilik normalarının tələbləri informasiya sahibi tərəfindən dəfələrlə pozulduğundan verdiyimiz sorğuların informasiya sahibi tərəfindən dərhal cavablandırılması üçün qanuna müvafiq tədbirlərin görülməsinə, informasiya subyekti barəsində İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilməsinə göstəriş verməyiniz üçün fevralın 2-də sizə müraciət etmişdik.
Ombudsmana müraciətimizə cavabda bildirilmişdi ki, TNS Dövlət Komitəsinə informasiya sorğusu göndərməyib. Biz faktlarla yenidən sizə müraciət etdik. Təəssüf ki, bu dəfə siz özünüz bizə cavab vermədiniz. Fevralın 6-da təkrar göndərdiyimiz müraciət hələ də cavabsız qalıb. Əgər muxtar respublikanın Ombudsmanı da bizim məlumat almaq hüququmuzu məhdudlaşıdırıb bizə cavab vermirsə, o zaman Naxçıvandakı dövlət orqanlarının sorğularımızı cavabsız qoyması normal hal sayılır. Bəs biz sizdən kimə şikayət edək? Ümid edirik ki, siz heç kimdən çəkinmədən öz vəzifənizi icra edəcək, belə qanun pozuntularının qarşısını alacaqsınız".