Naxçıvanda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib
Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin 34-cü ildönümü yad edilib.
TNS xəbər verir ki, yanvarın 20-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ali Məclis sədrinin müavini Anar İbrahimov, baş nazir Səbuhi Məmmədov, dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, “Naxçıvan qaziləri” İctimai Birliyinin üzvləri və yüzlərlə sakin Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra dövlət və hökumət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, hər birinin üzərinə tər qərənfillər düzüblər.
Xiyabandakı 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidə də ziyarət edilib.