Close

14:21
09 May 2025
14:14
09 May 2025
13:46
09 May 2025
13:40
09 May 2025
13:07
09 May 2025

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilir - YENİLƏNİB

Noyabrın 23-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqres öz işinə başlayıb.

TNS xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən festival-konqresin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Heydər Əliyev Muzeyində olan ziyarətçilərə görkəmli dövlət xadiminin zəngin, çoxşaxəli siyasi irsi və mənalı ömür yolundan bəhs edən eksponatlar barədə məlumat verilib.

Sonra Naxçıvan Dövlət Milli Dram Teatrında “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresinin açılış tədbiri keçirilib.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiya və videoçarx nümayiş etdirilib.

96167_655f42b041567

“Qərbi Azərbaycana qayıdış” festival-konqresin açılışı münasibətilə tədbir iştirakçılarını salamlayan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, bu gün xalqımız öz tarixinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib. Uzun illər gizli saxlanılan, zaman-zaman təhrif edilmiş hadisələr özünün əsl mahiyyətini və qiymətini alır. Sözsüz ki, bunun ən mühüm səbəblərindən biri müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi oldu. 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə dövlətimizin suverenliyinin onun bütün ərazisində təmin olunması ilə nəticələndi. Tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı ilə yanaşı, həm də Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpasıdır. Daha dəqiq ifadə etsək, Qərbi Azərbaycana qayıdışdır.

96167_655f42b04158c

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki, sovet hakimiyyətinin ilk illərində Qərbi Azərbaycanda 1922-23-cü illərdə 36, 1924-cü ildə 62, 1929-30-cu illərdə 112, 1931-ci ildə isə 245 Azərbaycan məktəbi fəaliyyət göstərib. Həmin dövrdə 113 Azərbaycandilli məktəbəqədər təhsil müəssisəsi də mövcud olub. 1981-1982-ci tədris ilində Qərbi Azərbaycanda 155 Azərbaycandilli məktəb, 1986-1987-ci tədris ilində isə 206 Azərbaycandilli məktəb fəaliyyət göstərib. Nazir vurğulayıb ki, Qərbi Azərbaycandakı Azərbaycan məktəblərinin məzunları arasından elmin müxtəlif sahələrini əhatə edən 10 akademik, akademiyanın 9 müxbir üzvü, 140 elmlər doktoru və 740 elmlər namizədi yetişmişib. Emin Əmrullayev ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərslərin, seçmə fənlərin daxil edilməsinin olduqca vacib olduğunu bildirib. Azərbaycanın elm, təhsil müəssisələrində Qərbi Azərbaycan tarixinin araşdırılması sahəsində ardıcıl, sistemli tədqiqatların aparılması və elmi-tarixi nəzəri əsərlərin yaradılması zərurətini qeyd edib.

96167_655f42b0415af

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında vurğulayıb ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımıza məxsus tarixi faktlar, ədəbi-mədəni dəyərlər, folklor nümunələri, toponimika məlumatları, o yurd yerlərindəki tarixi-mədəni abidələr barədə məlumatların tədqiq olunması ziyalıların, elm adamlarının qarşısında duran mühüm vəzifələrdir. Bu baxımdan keçirilən festival-konqres mühüm əhəmiyyət kəsb edir. Konqresdə 200-dək elmi çıxışlar olacaq və onlar toplanaraq nəşr olunacaq. Burada yer alan tarixi-mədəni faktlar Qərbi azərbaycanlıların layiqli və ədalətli şəkildə yurdlarına qovuşmasını təmin edəcək Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına mühüm töhfə olacaq.

96167_655f42b0415db

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edib ki, Prezident İlham Əliyevin Qərbi azərbaycanlılar məsələsində daim nümayiş etdirdiyi prinsipial mövqe, onların hüquqlarının bərpa olunmasına və öz doğma torpaqlarına qayıtmasına qəti və birmənalı dəstək ifadə etməsi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını hazırlamaqla bağlı tapşırıqları tarixi torpaqlarımıza dönüş uğrunda səylərə yeni təkan verib: “1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya zamanı Qərbi Azərbaycandakı 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşamış, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edib. Bütövlükdə 300-ə yaxın yaşayış məntəqəsində azərbaycanlı soydaşlarımız yaşayıbar. Lakin təəssüf ki, onların hamısı ermənilərə xas üsul və metodlarla sonuncu nəfərinə qədər Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovulublar. Bu prosesdə 200-dən çox soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən artıq insanımız bədən xəsarəti alıb. 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub ki, beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün həmin ziyanın məbləği 700 milyard ABŞ dolları həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu ziyan bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək olmaz”,- deyə Əziz Ələkbərli vurğulayıb.

96167_655f42b0415ff

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edərək, beynəlxalq hüquqda xalqın tarixən yaşadığı doğma yurdundan zorla çıxarılmasının cinayət əməli hesab olunduğunu diqqətə çatdırıb. Ombudsman bildirib ki, soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarından zorla çıxarılması və etnik təmizləmə siyasətini yerinə yetirənlər beynəlxalq müstəvidə cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Ermənistan tərəfi 4 minə yaxın itkin düşmüş soydaşlarımızla bağlı sorğularımıza cavab və minalanmış ərazilərimizlə bağlı heç bir məlumat vermir. Bu isə işğaldan azad olunmuş ərazilərimizə qayıdış və quruculuq prosesini ləngidir. Bundan başqa Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan 30 ildir blokada şəraitində yaşayır. Üçtərəfli Bəyanatda öz əksini tapan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiyaların təmin olunması müxtəlif bəhanələrlə təmin olunmur”. Səbinə Əliyeva beynəlxalq təşkilatlara səslənərək, Azərbaycana qarşı ədalətli mövqe göstərməyə, Qərbi azərbaycanlıların ləyaqətli və tam təhlükəsiz qayıdışına səssiz qalmamağa çağırıb.

96167_655f42b041625

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova vurğulayıb ki, toponimləri və folklor nümunələrini öyrənməklə Qərbi Azərbaycan torpaqlarının tarixən Azərbaycan türklərinə məxsus olduğunu sübut etmək mümkündür.

Alim qeyd edib ki, yüzlərlə bu xüsusda olan yer adlarını, tarixi faktları saxtalaşdırmaq heç nəyi dəyişmir. Çünki Azərbaycan xalqı yaşayır və öz tarixinə sahib çıxır: “Hesab edirəm ki, elmi konqres soydaşlarımızın min illərlə məskunlaşdığı, tarixi və təbii sərhədləri daxilində böyük maddi-mənəvi dəyərlərin nümunələrini yaşatmış xalqımızın son 200 ildə keçdiyi yolun bütün aspektlərdə əsl mənzərəsini ortaya qoyacaq. Hər kəs elmi tədqiqatların təkzibolunmaz faktlarla ortaya qoyduğu məruzələrdə iki əsr müddətində geosiyasi vəziyyətlərin yaratdığı reallıqların ağrı-əzabları ilə yaşamış xalqımızın iradəsini görə biləcək”.

Tədbir bədii hissə ilə davam edib.

11:39

Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda konqres keçirilir.

TNS xəbər verir ki, festival-konqres iştirakçıları bu gün xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında qonaqlara ətraflı məlumat verilib.

Qeyd edək ki, Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə keçirilir.

96167_655ef7393d772

96167_655f42b041674

96167_655f42b04164d