Close

22:16
30 Sentyabr 2024
20:30
30 Sentyabr 2024

Naxçıvan Hava Limanı AZAL-dan bu məqsədlə alınmışdı - Yeni qərar nəyi dəyişəcək? - FOTO

Naxçıvan Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyinə veriləcək.

Bu barədə TNS-ə özəl mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bununla bağlı qərarı olacaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2021-ci il tarixli qərarı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilib. Dəyişikliyə əsasən, Naxçıvan Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.

Naxçıvanın sabiq rəhbəri Vasif Talıbov bütün dövlət orqanlarının mərkəzdən deyil, məhz muxtar respublikadan idarə olunmasına çalışırdı. Büdcədən oğurlanan vəsaitlərin muxtar respublikadan daha rahat şəkildə çıxarılması üçün hava limanının Naxçıvana tabe etdirilməsi Talıbova lazım  idi.

Naxçıvanın nə hava yolları şirkəti var, nə də təyyarəsi. Belə olan təqdirdə sual yaranır. Naxçıvan Beynəlxalq Hava Limanı niyə muxtar respublikanın Nazirlər Kabinetinin tabeliyində fəaliyyət göstərməlidir? Məgər, Gəncədəki, Lənkərandakı, Qəbələdəki hava limanları həmin şəhər və rayonların icra hakimiyyətlərinin tabeliyindədir? Deyəsən, hökumət bu variantın effektiv olmadığı qənaətinə gəlib. Ona görə də Naxçıvan Beynəlxalq Hava Limanı AZAL-ın tərkibinə qaytarılır.

Fikrimizcə, bu, ən doğru qərardır. Hava limanı muxtar respublika Nazirlər Kabinetinin tabeliyində fəaliyyət göstərdiyi ötən dövr ərzində Naxçıvan sakinləri çox ciddi problemlərlə üzləşiblər. Muxtar respublika sakinləri təkcə bilet tapa bilmədiklərindən şikayətçi deyildi, həm də hava limanının biabırçı fəaliyyətindən narazıdır.

Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən aviakassalar AZAL-ın tabeliyinə verildikdən sonra bilet problemi tamamilə həll edilib.

Əvvəllər muxtar respublikadakı aviakassalar Naxçıvan Beynəlxlaq Hava Limanının tabeliyində idi. Həmin aviakassalarda ciddi nizam-intizamsızlıq və özbaşınalıq hökm sürürdü. Naxçıvandan Bakı şəhərinə gəlmək üçün bilet almaq istəyənlərə süni manelər yaradılırdı. Hətta Milli Məclisin deputatları da Bakıdan Naxçıvana bilet tapa bilsələr də, əks istiqamətə qara bazardan bilet aldıqlarını etiraf etmişdilər.

DSC_0278

Problemin həlli məqsədilə bu ilin may ayında AZAL Naxçıvandakı aviakassaları nəzarətə götürüb. Bundan sonra Naxçıvanda biletlə bağlı yaradılan süni problem aradan qaldırılıb.

Bu gün Naxçıvan Muxtar Respublikasının ərazisindəki aviakassalara AZAL tərəfindən ciddi nəzarət olunur, vətəndaşların şikayəti diqqətlə dinlənilir, neqativ hallara yol verilmir. Artıq Naxçıvandan Bakıya təyyarə ilə gəlmək istəyən muxtar respublika sakinlərinin və qonaqların bilet almaqdan ötrü hansısa yaramazdan xahiş etməsinə gərək yoxdur. İnsanlar bilet tapa bilmək üçün hava limanında və avikassaların qarşısında günlərlə gözləmək məcburiyyətində də deyil.

DSC_0296

Naxçıvan şəhərindəki aviakassada bir saatlıq müşahidədən sonra bu qənaətə gəldik. Bilet almaq istəyən yerli sakinlər və Naxçıvanın qonaqları göstərilən xidmətdən çox razılıq ediblər.

DSC_0316

Naxçıvan şəhər sakini Həsən Əliyev deyib ki, bir neçə ay bundan əvvəl buradan bilet almaq müşkül məsələ idi.

DSC_0302

“Aviakassaya gəlib saatlarla gözləyirdik. Bilet olmasına baxmayaraq, bizə deyirdilər ki, bilet yoxdur. Gözümüzün qabağında artıq pul verənlər, yaxud tapşırılanlar gəlib bilet alıb gedirdilər. İndi çox yaxşıdır. Nə vaxt istəyirsən, gəlib bilet ala bilirsən”, - Həsən Əliyev bildirib.

Sahib İsgəndov iş üçün Naxçıvana gəlib. Bakıda yaranan bir problemin həlli məqsədilə təcili paytaxta getmək zərurəti yaranıb. Onun avikassanın rəhbərliyinə müraciəti cavabsız qalmayıb. Vətəndaş növbəti reysə bilet ala bilib.

DSC_0320

Sahib İsgəndərov TNS-ə açıqlamasında çox təəccübləndiyini bildirib: “Mən iş üçün Naxçıvana bir neçə dəfə gəlmişəm. İlk dəfədir ki, belə rahat bilet alıram. Bu şəraiti yaradanlara təşəkkür edirəm”.

Aviakassada əməkdaşımızın söhbətləşdiyi bütün vətəndaşlar göstərilən xidmətdən belə razılıq ediblər.

Göründüyü kimi, bu xidmətin Naxçıvan Beynəlxlaq Hava Limanından alınması problemlərin həllinə gətirib çıxarıb. Deməli, hava limanının özündəki problemlər də bu formada həll edilməldir.

Naxçıvan hava limanının AZAL-ın tabeliyinə verilməsi orada şəffaflığın artırılmasına da şərait yaradacaq.

Azərbaycan Respublikasının Hesablama Palatası bu ilin əvvəlində Naxçıvan Beynəlxalq Hava Limanında nəzarət tədbirləri həyata keçirib. Nəzarət tədbirlərinin nəticələri gəlirlərin, xüsusilə nağd vəsaitlərin gizlədilməsi variantlarının olmasını göstərib. Bu, hava limanının gəlirlərinin hesabatlarda doğru-düzgün əks olunmamasına gətirib çıxarıb. Hava limanında şəffaflığın artırılması, vəsaitlərin mənimsənilməsinin qarşısının alınması üçün limanın AZAL-ın tabeliyinə verilməsi, onun korrupsioner rəhbəri Mənşur Gülməmmədlinin isə təcili şəkildə vəzifədən uzaqlaşdırılması şərtdir.

Naxçıvan Beynəxalq Hava Limanının muxtar respublika Nazirlər Kabinetinin tabeliyindən çıxarılıb AZALA-a birləşdirilməsindən sonra oradakı rəzilliklərə son qoyulacaq.