Dünyanın nüfuzlu şirkətləri Naxçıvanda bu layihələri həyata keçirəcək

Naxçıvanda “yaşıl enerji zonası”nın inkişafı üçün konsepsiya hazırlanır.
Bu barədə TNS-ə Energetika Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazirlik “TotalEnergies” və “Nobel Energy” şirkətləri ilə ümumi gücü 650 MVt olan Günəş elektrik stansiyalarının inşası, istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edir. “Nobel Energy” şirkəti ilkin mərhələdə 100 MVt gücündə Günəş elektrik stansiyasını istifadəyə verməyi planlaşdırır.
“Eyni zamanda, “Masdar” şirkəti ilə ilkin mərhələdə gücü 150 MVt olan Günəş elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. “Czech Engineering” şirkəti isə Sədərək rayonunun Türkiyə ilə sərhədində Günəş elektrik stansiyalarının inşası, enerji ötürücülərinin tikilməsi və istifadəsi üzrə əməkdaşlıqda maraqlıdır. Artıq Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “Czech Engineering” arasında Azərbaycan Respublikası ərazisində bərpa olunan enerji mənbələri üzrə layihələrin icrası, həmçinin Naxçıvan Muxtar Respublikasında gücü 500 MVt-a qədər olan Günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü şəbəkənin qurulması imkanlarının araşdırılması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Həmçinin, Almaniyanın “Notus” şirkəti Naxçıvanda yaşıl enerji layihələri reallaşdırmaq niyyətindədir. İlkin mərhələdə pilot layihə olaraq, 70 MVt-lıq Günəş elektrik stansiyasının Naxçıvanın şimal-qərbində - Türkiyə ilə sərhəd xəttinə yaxın ərazidə qurulması nəzərdən keçirilir”, nazirlikdən bildirilib.