Naxçıvan Müəllimlər İnstitutunda Anım Gününə həs olunmuş tədbir keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda Anım Gününə həs olunmuş tədbir keçirilib.
İnstitutdan TNS-ə bildirilib ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsədilə keçirilən tədbirdə institutun professor-müəllim heyəti, qazilər və tələbələr iştirak edib.
İnstitutun rektoru Azad Novruzov çıxışında 2020-ci il dekabrın 2-də Prezident İlham Əliyevin Azərbaycan Respublikasında “Anım Günü”nün təsis edilməsi haqqında Sərəncamını diqqətə çatdıraraq qeyd edib ki, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmasından sonra Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Rektor vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, böyük xalqdır: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Bu tarix doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq üçün iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskin dediyi şərəfli bir tarixdir. 27 sentyabr - uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi kökündən dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o münbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu”.
Sonra şəhid Vəli Quliyevin haqqında çəkilən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən qazilər - baş leytenant Hüseyn Həsənov, ehtiyatda olan leytenant Fərdi Məmmədov, əsgər Elsun Nəcəfzadə və Əyyub Sadiqov Qarabağda keçirilən antiterror əməliyyatının onlara bəxş etdiyi qürurdan, döyüş xatirələrindən bəhs edib, Vətən uğrunda şəhid olmaq arzusunda olduqlarını dilə gətiriblər.
Çıxışlardan sonra tələbələrin ifasında Vətən müharibəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.
Tədbirin sonunda institutun tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub.