Naxçıvanda bu qurumun işçiləri aylardır əməkhaqqı almırlar

“Naxçıvanpoçt”un əməkaşları beş aydır ki, əməkhaqqı almırlar.
Bu barədə sosial şəbəkələrdə məlumat yayıb.
Poçt işçiləri faktı TNS-ə təsdiqləyiblər.
Əvvəllər publik hüquqi şəxs olan “Naxçıvanpoçt” avqustun əvvəlindən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin tabeliyinə verilib.
Poçt işçilərindən B. Nağıyev bildirib ki, əvvəl maaşın verilməməsinə səbəb kimi təhvil-təslim işlərinin başa çatdırılmaması göstərilib:
“Naxçıvanda son aylar bütün idarələr kimi, bizim təşkilatın da maaşlar gecikdirilir. “Naxçıvanpoçt” publik hüquqi şəxs olanda əməkhaqqı problemi ictimailəşdirildi, 1-2 ay maaş verdilər, sonra yenə dayandırdılar. Avqust ayında dedilər ki, “Naxçıvanpoçt” nazirliyini tabeliyinə verilir. Sevindik ki, nəhayət maaşlarımızı ala biləcəyik. Əvvəlcə dedilər ki, təhvil-təslim bitsin, bütün maaşlar veriləcək. İndi də deyirlər ki, büdcədə pul yoxdur. Bu necə nazirlikdir ki, işçilərinə verməyə pul tapa bilmir?”
Digər şikayətçi A. Qasımov deyib ki, maaş tələb edənləri işdən çıxarmaqla hədələyirlər:
“Fevral ayından maaş almırıq. Başqa gəlir yerimiz də yoxdur. Məktəblər açıldığına görə, xərclərimiz də artıb. Övladlarımızın ehtiyaclarını ödəyə bilmirik. Hamımız borc içindəyik. Bəzilərimiz ehtiyaclarımızı ödəmək üçün banklardan kredit də götürmüşük. Vəziyyətimiz günü-gündən ağırlaşır. Maaşlarımızı isə vermirlər. Deyirlər ki, büdcədə pul yoxdur. Bəs bizim yığıb verdiyimiz pullar hara gedir ki, maaşa pul qalmır? Bizi onsuz da aşağı maaşa işlədirlər. Axşamlar növbətçi də qalırıq. Aldığımız isə minimum əmək haqqı miqdarında - 310 manatdır. Bu gün, sabah edə-edə aylar keçir. Tələb edəndə də deyirlər ki, ərizəni yaz işdən çıx”.
Qeyd edək ki, “Naxçıvanpoçt”un 1 mıərkəzi, 7 rayon filialı, 175 poçt bölməsi var. Bu qurumda yüzlərlə işçi çalışır.