Mahir Əliyev: “Zəngəzur dəhlizinin açılması Naxçıvanda dəmiryol infrastrukturunun yenilənməsini zəruri edir” - ÖZƏL

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri zamanı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nun imzalanması mühüm tarixi hadisədir. Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu layihəsinin reallaşdırılması Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında Naxçıvan vasitəsilə birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir”.
Bunu TNS-ə açıqlamasında “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev deyib.
Direktor bildirib ki, Qars-Naxçıvan dəmir yolu xəttinin uzunluğu, təqribən, 220 kilometr olacaq: “Bu, sərhədə qədər olan məsafədir. Naxçıvan dəmir yollarının bu xəttə qoşula bilməsi üçün dəmir yolu şəbəkəsində yenidənqurma işləri aparılmalıdır”.
Mahir Əliyev deyib ki, Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda dəmir yolu stansiyalarının və dəmir yolu xətlərinin beynəlxalq tələblərə uyğun yenidən qurulması da öz əksini tapıb: “Proqramda qeyd olunub ki, Zəngəzur dəhlizinin açılması burada dəmiryol infrastrukturunun yenilənməsini də zəruri edir. Bu səbəbdən dəmiryol infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin ediləcəkdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda dəmir yolu şəbəkəsində aparılacaq yenidənqurma işləri ilə bağlı konkret tapşırıqlar verilib. Həmin tapşırıqlara uyğun olaraq, Naxçıvan dəmir yolu şəbəkəsində dəmir yolu xətləri (süni qurğular daxil olmaqla), dəmir yolu xətti boyunca mövcud olan inzibati və texniki binalar, elektrik təchizatı sistemi, rabitə-işarəvermə sistemi yenidən qurulacaq, Naxçıvan stansiyasında müasir sərnişin vağzalı infrastrukturu yaradılacaqdır. Bundan başqa, yollarda əsaslı təmir işlərinin aparılması üçün zəruri avadanlıqlar və maşın-mexanizmlər alınacaq, “Qəza-bərpa qatarı”nın maddi-texniki bazası yaradılacaq və zəruri maşın-mexanizmlərlə təchiz ediləcək. “Naxçıvan Dəmir Yolları”nın Sədərək rayonu ərazisində stansiyası yoxdur. Gələcəkdə Sədərək stansiyasının yaradılması da nəzərdə tutulub”.
Direktor bildirib ki, Türkiyə ilə sərhəddən Ordubada qədər dəmir yolu xətti müasir standartlara uyğun şəkildə tamamilə yenidən qurulacaq.
“Qars-Naxçıvan dəmir yolu xəttinin tikintisi başa çatdırılana qədər biz Naxçıvandakı işləri tamamlayacaq, dəmir yolunun muxtar respublikanın ərazisindən keçən hissəsinin Zəngəzur dəhlizinə qoşulmasını təmin edəcəyik. Bütün bu işlərin 2027-ci ilə qədər başa çatdırılması nəzərdə tutulub”, - Mahir Əliyev əlavə edib.