Naxçıvana poçt göndərişlərinin qəbulu dayandırıla bilər? – “Azərpoçt” sorğumuza cavab vermir

“Naxçıvanpoçt”un “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinə külli miqdarda borcu var.
Bu barədə TNS-ə özəl mənbələrdən məlumat daxil olub.
Məlumatlı mənbənin sözlərinə görə, bu borc ödənilməyəcəyi təqdirdə muxtar respublikaya poçt göndərişləri və qəbulu dayandırıla bilər. Dövlət orqanlarının əksəriyyətinin aralarındakı yazışmanın, pul baratlarının göndərilməsi və qəbulunun əsasən poçt vasitəsilə aparıldığını nəzərə alsaq, bu, çox ciddi problemlərin yaranmasına gətirib çıxaracaqdır.
Məsələ ilə bağlı “Azərpoçt” MMC-yə müraciət etsək də, suallarımıza cavab verən olmayıb. Qurum rəsmisi Afaq İbrahimovaya dəfələrlə şifahi və yazılı müraciətlərimiz heç bir nəticə verməyib. Afaq İbrahimova saytımıza açıqlamasında yalnız onu deyib ki, hazırda “Azərpoçt” MMC ilə “Naxçvanpoçt” arasında poçt mübadiləsi davam edir.
Bir müddət əvvəl mediada “Naxçıvanpoçt”un işçilərinin aylardır, əməkhaqqı almadığı ilə bağlı məlumat yayılmışdı. Bundan sonra “Naxçıvanpoçt” publik hüquqi şəxs Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin tabeliyinə verilib.
Əldə etdiyimiz məlumata görə, poçt işçilərinin əməkhaqları hələ də ödənilməyib. Hazırda “Naxçıvanpoçt”da yoxlama aparılır.