Vasif Talıbovun köməkçisinə daha bir etimad - Oğlu Naxçıvanda yüksək vəzifəyə təyin olundu

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun sərəncamı ilə Ramin Ramiz oğlu Məmmədov nazir müavini təyin olunub.
TNS dəqiqləşdirib ki, Ramin Məmmədov uzun illər Vasif Talıbovun köməkçisi vəzifəsində çalışan Ramiz Məmmədovun oğludur.
Gözlənilirdi ki, Vasif Talıbovun istefasından sonra Ramiz Məmmədov da vəzifəsindən azad olunacaq. Çünki Ramiz Məmmədov Talıbovun ən yaxın adamlarından biri idi. Ancaq gözləntilərin tam əksi oldu. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ramiz Məmmədovla işləməyə qərar verdi və onu daha da irəli çəkərək Naxçıvanın əsas söz sahiblərindən birinə çevirdi. Bu gün isə Ramiz Məmmədovun oğluna Naxçıvanda yüksək vəzifə verilib.
Bütün bunlar kifayət qədər düşündürücüdür və naxçıvanlılar bunun səbəblərini anlamaqda çətinlik çəkirlər.
Qeyd edək ki, Ramin Məmmədov əvvəllər Prezident mühafizəsində çalışıb. Bir müddət orada fəaliyyət göstərdikdən sonra müəmmalı şəkildə vəzifəsindən uzaqlaşdırılıb.