Close

Naxçıvan şəhərində su qıtlığı yaranıb : “Ali Məclisin həyətindən su götürməyə gedəcəyik”

Naxçıvan şəhərində su problemi yaranıb.

Bu barədə TNS-ə Naxçıvan şəhər sakinləri məlumat veriblər.

Sakinlərin dediyinə görə, Naxçıvan şəhərinin mərkəzinə - Heydər Əliyev prospektində, “İstiqlal” küçəsindəki binalara belə su verilmir.

“Naxçıvan şəhərinin mərkəzində yaşayırıq, su qıtlığından əziyyət çəkirik. Dəfələrlə Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinə müraciət etsək də, əhəmiyyət verən olmayıb. Qərara gəlmişik ki, hərəmiz bir boş su qabı ilə Ali Məclisin həyətindən su götürməyə gedək. Deyirlər, Ali Məclisin həyətinə gələn su kəsilmir”, - Naxçıvan şəhərinin “İstiqlal” küçəsi 95 ünvanında yaşayan Rüstəm Həsənov bildirib.

Şəhərin Heydər Əliyev prospekti 58 ünvanında yaşayan sakinlər də şikayətçidir:

“Beşinci mərtəbədə yaşayırıq. Suyun təzyiqi o qədər azaldılıb ki, bizim mənzillərimizə su qalxmır. Yayın bu istisində hamam üzünə həsrət qalmışıq. Gecə saat 12-dən sonra suyun təzyiqi artır və biz yalnız bundan sonra çimə bilirik. Yaxşı ki, Naxçıvan şəhərində hündürmərtəbəli binalar yoxdur. Doqqquz mərtəbəli binalara gündə bir dəfə gecə saatlarında su verə bilən Naxçıvan Şəhər İcra Hakimiyyəti 15-20 mərtəbəli binalarda yaşayanları aylarla su üzünə həsrət qoyardı”.

Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin rəisi İlqar Əliyev TNS-ə açıqlamasında içməli su sarıdan ciddi problemin olmadığını bildirib:

“Ola bilər ki, təzyiqlərdə aşağı düşmə var. Günlərlə, saatlarla binalara su verilməməsindən söhbət gedə bilməz. Hansısa ərazidə qəza baş verərsə, o zaman içməli suyun verilişində fasilələr yaranır”.

Apardığımız araşdırma nəticəsində məlum oldu ki, idarə rəisinin bu açıqlaması özünümüdafiədən başqa bir şey deyil. Naxçıvan şəhərində həqiqətən də ciddi su problemi yaranıb.

Son illər Naxçıvan Muxtar Respublikasında havaların quraq keçməsi su qıtlığına səbəb olub. Əhali həm içməli, həm də suvarma suyu sarıdan korluq çəkir. Amma bu ilin yaz aylarında Naxçıvan Muxtar Respublikasının ərazisinə günlərlə yağış yağıb, Naxçıvan şəhərini sel basıb. Gözlənilirdi ki,  bu il ən azından içməli su sarıdan problem olmayacaq. Amma görünür, sudan səmərəli istifadə edilməyib, həmin suyun sututarlara yığılması işi lazımi səviyyədə təşkil olunmayıb. Ona görə də indi muxtar respublikanın paytaxtında belə su qıtlığı yaranıb. Əlbəttə ki, Naçıvan şəhərində su probleminin yaranmasının səbəblərindən biri də Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Su-Kanalizasiya İdarəsinin fəaliyyətini düzgün qura bilməməsidir. Ümid edirik ki, muxtar respublika rəhbərliyi bu məsələyə diqqət yetirəcək, əhalinin su problemi tezliklə öz həllini tapacaqdır.