Naxçıvan Baş nazirinin yeni müavini tanınmış nəslin nümayəndəsidir – Onun babası... - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikası Baş nazirinə yeni müavin təyin edilib. Bu vəzifəyə Bəxtiyar İbrahim oğlu Məmmədov gətirilib.
TNS Bəxtiyar Məmmədovla bağlı maraqlı məlumatlar əldə edib. Baş nazirin yeni müavini tanınmış nəslin nümayəndəsidir.
Bəxtiyar Məmmədov Azərbaycan Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. O, ilk əmək fəaliyyətinə “Azərneftyağ” NEZ-də başlayıb. Bəxtiyar Məmmədov 2015-ci ilə kimi zavodda müxtəlif vəzifələrdə çalışıb, 2015-2016-cı illərdə Heydər Əliyev adına Neft Emalı Zavodunda şöbə rəisinin müavini, 2016-2019-cu illərdə Karbamid Zavodunun baş mühəndisi – direktor müavini olub. 2019-cu ildə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru təyin edilib. Son təyinatadək həmin vəzifədə çalışıb.
Bəxtiyar Məmmədovun ata babası Cəbrayıl Məmmədov 1943-1952-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sədri, iki dəfə SSRİ Ali Sovetinin deputatı olub.
Naxçıvanın indiki Nazirlər Kabineti sovet dövründə Ali Sovetin binası idi. Bəxtiyar Məmmədov vaxtilə babasının çalışdığı binada fəaliyyət göstərəcək.
Yeni Baş nazirin müavininin atası da neft mütəxəssisi idi. İbrahim Məmmədov Naxçıvanda və Bakıda müxtəlif vəzifələrdə çalışıb.
Bəxtiyar Məmmədovun anası Tahirə Məmmədova isə tanınmış pediatrdır. O, əslən Şuşalıdır.
Bəxtiyar Məmmədov Naxçıvanda Təhsil, Səhiyyə, Rabitə və Yeni Texnologiyalar nazirliklərini, Dövlət Energetika Xidmətini, Qaz İstismar Xidmətini, Neft və Qaz Məhsulları Təminatı Müəssisəsini kurasiya edəcək.