Vüqar Abbasovun deputat mandatı ləğv edilməlidir – Ali Məclis, MSK və Vergi Xidməti sullara necə cavab verib?

Bu məsələni bir dəfə ictimailəşdirmişik. Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından əvvəl Ali Məclisin deputatı, “Cahan Holdinq”in prezidenti Vüqar Abbasovun sahibkalıq fəaliyyəti ilə məşğul olaraq, Azərbaycan qanunlarını kobud şəkildə pozduğunu bildirmişik.
Son günlər redaksiyamıza daxil olan bir oxucu məktubunda bu məsələ bir daha gündəmə gətirilib, Azərbaycanın və Naxçıvanın konstitusiyalarına zidd olaraq Ali Məclisin deputatı Vüqar Abbasovun hələ də sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna diqqət çəkilib.
Yenə də holdinqin cahan.az saytında axtarış apardıq. Açığı elə bilirdik, “Cahan Holdinq”in prezidenti Vüqar Abbasov bu məsələ ictimailəşdirildikdən sonra formal da olsa holdinqdəki vəzifəsini dondurub. Amma deyəsən, Vasif Talıbovun istefa verdiyindən, onun tətbiq etdiyi “qaydaların” muxtar respublikada ləğv edildiyindən, Naxçıvanda bütün qanunsuzluqların aradan qaldırılması istiqamətində ciddi tədbirlər görüldüyündən Vüqar Abbasovun “xəbəri yoxdur”. Təəssüf ki, Ali Məclisin deputatı olan Vüqar Abbasov hələ də “Cahan Holdinq”in prezidentidir. Halbuki, bu, qanunla qadağandır.
Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsində Milli Məclisin deputatlığına namizədlərə bir sıra tələblər irəli sürülüb. Həmin maddədə göstərilib ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. Əgər namizədlər belə fəaliyyətlə məşğuldurlarsa, deputat seçildikdən sonra bu fəaliyyətlərini dayandırmalıdırlar. Konstitusiyanın 89-cu maddəsində isə Milli Məclisin deputatlarının səlahiyyətlərinin itirilməsi halları sadalanıb. Bu maddədə də konkret olaraq göstərilir ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətləri istisna olmaqla, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat mandatından məhrum edilir.
Deputatların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının qadağan edilməsi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 15-ci və 19-cu maddələri ilə tənzimlənir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları da sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər.
Bu məsələyə münasibət bildirən tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev TNS-ə açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Konstitusiyası deputatların sahibkalıq fəaliyyəti ilə məşğul olmasını qadağan edir.
“Əgər hansısa şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, o deputat seçildiyi gündən sahibkarlıq fəaliyyətini dayandırmalıdır. Milli Məclisin və Naxçıvan Ali Məclisinin deputatları heç bir halda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Deputatların sahibkarlıq fəaliyyəti ilə məşğul olması deputat mandatının ləğvinə gətirib çıxarır. Bir daha təkrar edirəm, Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Ali Məclisinin deputatları heç bir halda sahibkarlıqla məşğul ola bilməzlər. Çünki bu, maraqlar toqquşmasıdır. Deputatlar hakimiyyətin qanunvericilik qanadını təmsil edirlər. Hakimiyyətdə təmsil olunan şəxslər – istər məhkəmə hakimiyyətində, istərsə də qanunverici və icra hakimiyyətində yüksək vəzifə tutan şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Əgər belə bir hal varsa, bu qeyri-qanuni fəaliyyətdir. Bu zaman Milli Məclisin və Naxçıvan Ali Məclisinin İntizam komissiyaları bu məsələni araşdırmalı, sahibkarlıqla birbaşa məğul olan deputatın mandatı ləğv edilməlidir”, - hüquqşünas bildirib.
Əliməmməd Nuriyev təcrübədə belə bir hal olduğunu xatırladıb: “Əvvəllər hakimlərdən biri sahibkarlıqla məğul olduğu üçün onun hakimlik fəaliyyətinə xitam verilib”.
Göründüyü kimi, Vüqar Abbasovun bizneslə məşğul olması Azərbaycan qanunlarına ziddir. Vüqar Abbasov seçki dövründə də bu fəaliyyətini dayandırmadığından o, deputatlığa namizəd ola bilməzdi. 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə 24 saylı seçki dairəsindən Ali Məclisə deputat seçilən “Cahan Holdinq”in prezidenti bu vəzifəsini davam etdirdiyindən deputat mandatından məhrum edilməlidir. Bunu biz demirik. Bunu Azərbaycan qanunları və Vüqar Abbasovun rəhbəri olduğu holdinqin saytında yerləşdirilən məlumatlar deyir.
Vüqar Abbasovun sahibkarlıqla məşğul olduğunu sübut edən yüzlərlə fakt var. Bu yaxınlarda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Naxçıvana səfəri zamanı “Cahan Holdinq”də olub və nazirə holdinq barədə məlumatı sahibkar kimi Vüqar Abbasov verib. Bu fakt bir daha onu gösətirir ki, Vüqar Abbasov aktiv sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Amma o nədənsə deputat mandatını əldən vermək istəmir. Halbuki, Vüqar Abbasov Ali Məclisin son sessiyalarına heç qatılmayıb. Görəsən, Naxçıvanın Konstitusiyasının kobud şəkildə pozulmasına baxmayaraq, Abbasovun deputat mandatının əlindən alınmamasında kimlər və niyə maraqlıdır?
Vüqar Abbasovun sahibkar kimi Naxçıvanın vergi orqanlarında qeydiyyatda olub-olmadığını dəqiqləşdirmək üçün muxtar respublikanın Dövlət Vergi Xidmətinə sorğu göndərdik. Müasir dövrdə, bütün məlumatların əlçatanlığının təmin edildiyi bir vaxtda bu informasiyanı cəmi bir neçə saata cavablandırmaq mümkündür. Amma biz iki gündür, Naxçıvanın Dövlət Vergi Xidmətindən cavab gözləyirik. Görünür, necə cavab verəcəklərini hələ dəqiqləşdirə bilməyiblər. Naxçıvan Muxtar Respublikaasının Dövlət Vergi Xidmətinin köhnə stereotiplərdən tezliklə xilas olmasını, Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti kimi operativ fəaliyyət göstərməsini arzu edirik.
Bu məsələni aydınlaşdırmaq üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə əlaqə saxladıq. Ali Məclis Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov mövzu ilə bağlı suallarımızı muxtar respublikanın Mərkəzi Seçki Komissiyasına ünvanlamağı məsləhət gördü.
Naxçıvanın Mərkəzi Seçki Komissiyasına müraciətimizin də bir faydası olmadı. Özünü komissiya sədrinin köməkçisi kimi təqdim edən şəxs sualımızı dinlədikdən sonra əlaqədar vəzifəli şəxsin bizimlə əlaqə yaradacağını bildirdi. Amma...
Ümid edirik ki, sorğu göndərdiyimiz və müraciət etdiyimiz dövlət orqanları bizim suallarımızı cavablandıracaqdır.
Mövzuya qayıdacağıq.