Close

Naxçıvanın teleradio işçilərinə iki aydan artıqdır ki, əməkhaqqı verilmir – Ali Məclisin aparat rəhbəri və nazir sabotajla məşğuldur?

Naxçıvanda fəaliyyət göstərən “Kanal 35” televiziyasının və “Naxçıvanın səsi” radiosunun əməkdaşları iki aydan artıqdır ki, əməkhaqqı almırlar.

Bu barədə TNS-ə teleradionun əməkdaşları məlumat veriblər.

Bildirilib ki, bununla bağlı əməkdaşlar tərəfindən aidiyyatı qurumlara müraciət edilsə də həll ediləcəyi ilə bağlı verilən vədlər nəticəsiz qalıb. Yaranan problemlərlə əlaqəli əməkdaşlar həll yolunu Naxçıvana yeni təyin olunmuş Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşməkdə görüblər. Bunun üçün Ali Məclisə üz tutsalar da qəbul şöbəsi və Ali Məclisin aparat rəhbəri buna mane olub.

Qeyd edək ki, bütün bu problemlərlə üzləşən əməkdaşlar öz peşələrinə olan hörmətə görə teleradiodakı fəaliyyətlərini hələ də davam etdirirlər.

Xatırladaq ki, “Naxçıvanın səsi” radiosu 2001-ci ildə, “Kanal 35” televiziyası isə 2004-cü ildə yaradılıb. Bu teleradio əvvəlcə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin tərkibində fəaliyyət göstərib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 18 dekabr 2020-ci il tarixli sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə “Kanal 35”in və “Naxçıvanın səsi” radiosunun daxil olduğu Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. 

Faktı dəqiqləşdirmək və səbəblərini öyrənmək üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Təəssüf ki, nə nazirliyin telefon nömrələri, nə də nazir Rəhman Məmmədov telefon zənglərimizə cavab vermədi.

İndiyədək əməkhaqlarını vaxtlı-vaxtında alan teleradio işçiləri son iki aydır, maaş ala bilmədiklərinin səbəbini anlamırlar. Onlar gözləyirmiş ki, Vasif Talıbovun istefasından sonra hər şey daha yaxşı olacaq, hətta əməkhaqları da artırılacaqdır. Amma təəssüf ki, Talıbovun kadrları sabotajla məşğuldur. Bu sahəyə birbaşa cavabdeh olan Naxçıvan Ali Məclisinin aparat rəhbəri Ülvi Hüseynli və muxtar respublikanın təhsil naziri Rəhman Məmmədov hər vəchlə Naxçıvanda aparılan islahatları sabotaj etməyə, əhalini narazı salmağa çalışırlar. İnanırıq ki, Naxçıvanın yeni rəhbərliyi bu məsləyə ciddi yanaşacaq, sabotajla məşğul olan məmurlar cəzalandırılacaq, teleradio işçilərinin əməkhaqqı qısa zaman ərzində ödəniləcəkdir.