Naxçıvana göz dikənlər – Yüz illik planın iflası
İranın müxtəlif yollarla Naxçıvana iddiası bu ölkənin dövlətimizə və millətimizə olan münasibətinin göstəricisidir. Yüz bir il bundan öncə Türkiyənin Naxçıvan üzərindəki qoruyuculuğu ötən əsrin sonlarında da köməyimizə gəlmiş, hələ də qüvvəsini saxlamaqdadır. Bu baxımdan İranın istənilən iddiası başdan iflasa məhkumdur. Necə ki ötən əsrdə ermənilərin Naxçıvana olan tələbləri boşa çıxmış, Rusiya bu bölgənin Azərbaycandan ayrılmasına nail ola bilməmişdi.
16 mart 1921-ci ildə Türkiyə ilə bolşevik Rusiyası arasında imzalanan Moskva müqaviləsinin 3-cü maddəsinə görə Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilib. Eyni zamanda Türkiyənin Naxçıvan üzərindəki himayəçiliyi təsbit edilib, Azərbaycanın heç bir şərt daxilində bu himayəçiliyi üçüncü bir dövlətə buraxmayacağı qəbul olunub. Müqavilədə Türkiyə ilə Naxçıvanın sərhədləri də müəyyənləşdirilib. Moskva müqaviləsi 20 mart 1921-ci ildə Rusiya Federasiyası Mərkəzi İcraiyyə Komitəsi, həmin ilin 21 iyununda isə Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiq edilib. Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il oktyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində yeni müqavilə imzalanıb. Bununla da Naxçıvan məsələsi tamamlanıb.
Bu müqavilələrlə Naxçıvan məsələsi Azərbaycanın xeyrinə həll edilsə də, bir neçə il sonra Rusiya bölgəyə aid bəzi yerləri Ermənistana verib.
1924-cü ildə Naxçıvanın Azərbaycanın tərkibində muxtar vilayət olmasından sonra Türkiyənin bölgə üzərindəki təsiri azalmağa başlayıb. Çünki Türkiyə Moskva və Qars müqavilələri ilə 1918-1923-cü illərdə apardığı hərbi-siyasi məqsədinə yetmiş, bölgənin türk torpağı qalması uğrundakı mücadiləsini başa çatdırmışdı.
Naxçıvanın muxtar vilayət elan edilməsi
1922-ci ilin dekabrında Birinci Cənubi Qafqaz Sovetlər Qurultayında Naxçıvanın Azərbaycan SSR-nin tərkibində muxtar vilayət kimi təşkil edilməsinə dair qərar qəbul edilib. 1923-cü ilin yanvarında bu qərar əsasında Rusiya Kommunist (b) Partiyası Qafqaz Komitəsi Naxçıvanın muxtar vilayət statusuna keçirilməsi ilə bağlı Azərbaycan Kommunist (b) Partiyası Mərkəzi Komitəsinə göstəriş verib. 27 fevral 1923-cü ildə keçirilən III Ümumnaxçıvan Sovetlər Qurultayında Naxçıvan Sovet Sosialist Respublikasının muxtariyyət hüququnda Azərbaycanın tərkibinə daxil edilməsi haqqında qərar qəbul edilib. Nəticədə 16 iyun 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvanın Azərbaycana birləşdirilməsi haqqında qərar qəbul edib. 9 fevral 1924-cü ildə isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası elan edilib. 1924-cü ilin aprelində Azərbaycanın Naxçıvanla bağlı qəbul etdiyi əsasnamədə oradakı əhalinin Azərbaycan SSR əhalisi ilə əqrəba olduğunu və ərazi vəziyyətini nəzərə alaraq Naxçıvan, Şərur və Ordubad qəzarından ibarət tərkibdə Azərbaycanın daxilində muxtar vilayət olması təsdiqlənib. Naxçıvan ilə münasibətlər Azərbaycan SSR Konstitusiyası çərçivəsində qurulacağı üçün Azərbaycan SSRİ IV Sovetlər Qurultayı 1925-ci ilin martında konstitusiyaya əlavələr edib. 18 aprel 1926-cı ildə V Ümumnaxçıvan Sovetlər Qurultayı Naxçıvanın ilk konstitusiyasını qəbul edib. 4 fəsil, 63 maddədən ibarət Konstitusiyada Naxçıvanın Azərbaycanın tərkibində və himayəsində olduğu qeyd edilib. Bu dövrdə bolşeviklərin həyata keçirtdikləri “torpaq islahatları” çərçivəsində 18 fevral 1929-cu ildə Cənubi Qafqaz Mərkəzi İcraiyyə Heyətinin qərarı ilə Naxçıvanın 657 kv.km ərazisi – Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağheç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Gorçevan kəndi və Kilit kəndinin bir qismi Ermənistana verilib.
Bu illərdə Azərbaycanın bir çox bölgələrində olduğu kimi Naxçıvanda da kollektivləşdirməyə qarşı üsyanlar baş verib. 1928-1940-cı illərdə baş verən bu üsyanları bolşevik hökuməti qan içində boğub.
18 sentyabr 1937-ci ildə IV Fövqəladə Ümumnaxçıvan Sovetlər Qurultayında Naxçıvanın 14 fəsil, 114 maddədən ibarət yeni konstitusiyası qəbul edilib. 24 iyul 1938-ci ildə yeni Sovet Konstitusiyasından sonra Naxçıvan Fəhlə və Kəndlilərinin birinci sosialist parlamentinin ilk iclası keçirilib.
Ermənilərin növbəti Naxçıvan iddiaları
Sovet İttifaqı daxilində ermənilərin Naxçıvana olan iddiaları bu dövrdə səngisə də, xaricdə fəaliyyət göstərən Daşnaksütyun partiyası ciddi şəkildə bölgənin Ermənistana birləşdirilməsinə çalışıb. Rusların Avropadan erməniləri Qafqaza köçürməsi planı daşnakların planları ilə üst-üstə düşdüyü üçün Naxçıvan üzərində təhlükə yaranıb. Rusiya Kommunist (b) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun 22 noyabr 1923-cü il tarixdə baş tutan yığıncağında “Türkiyədən olan qaçqın ermənilər haqqında” məsələ müzakirə edilib. Alınan qərara görə 10 min erməninin Türkiyədən SSRİ sərhədlərinə qəbul edilə biləcəyi bildirilib.
Türkiyədən gələn ermənilər Cənubi Qafqaza, xüsusilə də Azərbaycana yerləşdirilib. 1924-cü ildə Türkiyənin Canik vilayətindən 200 erməni Ermənistana köçürülüb. 19 may 1925-ci ildə Cənubi Qafqaz Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin iclasında Avropadan gətirilmiş ermənilərin bir qisminin Naxçıvana yerləşdirilməsinə qərar verilib. Həmin il İstanbuldan 508, Yunanıstandan 460 erməni gətirilib. Ruslar gətirilənləri üç il müddətinə vergidən də azad edib.
İranda fəaliyyət göstərən daşnaklar da bu xüsusda çalışmaqda idilər. 1927-ci ilin oktyabr ayının 1-də daşnakların Təbrizdə keçirilən yığıncaqlarında Sovet Ermənistanından bunlar tələb edilib: Qars, Sürməli, Qarabağ, Naxçıvan, Axalkələk və Borçalının bir qismi Ermənistana daxil edilsin; erməni xalqına silahlanma hüququ verilsin; Ermənistana qayıtmaq istəyənlərə icazə verilsin.
1927-1929-cu illərdə Türkiyədən köçürülən ermənilərin bir qismi 1930-cu ildə Azərbaycan ərazilərində yerləşdirilib. 1936-cı ildə Fransadan 2 min erməni Ermənistana gətirilib. Nəticədə 1920-ci ildə Ermənistanda 774 min əhali olduğu halda köçürülmələr nəticəsində 1936-cı ildə 1.200.000-ə qədər çoxalıb. Daşnaklar yeni qurulan Türkiyə Cümhuriyyətinə də zərbə vurmaq üçün 1925-ci ildə baş verən Şeyx Səid üsyanına da dəstək olublar.
Ermənilərin Naxçıvana qarşı iddiaları II Dünya müharibəsindən sonrakı dövrdə də davam edib. Tehranda çıxan “Alik” qəzetinin 1948-ci il 25-26 avqust tarixli sayında Saak Etçyanın “Naxçıvanın Ermənistan üçün əhəmiyyəti” adlı məqaləsi dərc edilib. Məqalədə Naxçıvana iddia irəli sürülüb: “1921-ci il Moskva və Qars müqavilələri ilə türklər Naxçıvanı Azərbaycanın adına yazdılar. O zaman Cənubi Qafqaz hökumətləri bu müqaviləyə hər hansı bir dəyişiklik etmək hüququndan məhrum edilmişdilər. Bu gün sovet hökuməti 27 illik intriqalardan sonra Türkiyə ilə münasibətlərini qıraraq həmin müqaviləni qüvvədən düşmüş hesab etmiş, Naxçıvanın Azərbaycandan alınıb Ermənistana verilməsi zamanı gəlmişdir. Bu, Sovet İttifaqının və ermənilərin maraqlarına xidmət edəcəkdir”.
1 fevral 1949-cu ildə Azərbaycan KP (b) Mərkəzi Komitəsinin yığıncağında Naxçıvan Muxtar SSR-nin qurulmasının 25-ci ildönümü qeyd olunub. Bu tarixdən etibarən daşnakların iddiaları da zəifləməyə başlayıb. Amma 1966-cı ildə bu ermənilərin istəyi ilə bu məsələ yenidən gündəmə gəlib. Həmin il SSRİ KP MK-nın partiya işi şöbəsinin sədrlərindən Y.Starçenko tərəfindən SSRİ Xarici İşlər Nazirliyinə verilən təlimatda Naxçıvanın statusu ilə bağlı raport tələb edilib. SSRİ Xarici İşlər Nazirliyinin Yaxın Şərq Ölkələri şöbəsinin sədri Kiktev və müqavilə hüququ şöbəsinin sədri Xlestov tərəfindən hazırlanan 3 səhifəlik raport 31 may 1966-cı ildə partiya mərkəzinə göndərilib. Raportda Naxçıvanın statusu ilə bağlı ediləcək hər hansı bir dəyişikliyin Sovet-Türkiyə münasibətlərini kəskinləşdirəcəyi bildirilib. Rusiya Moskva və Qars anlaşmalarına bir daha sadiq qalmağa məcbur olub. Bu hadisə 1965-ci ildə Ermənistanda qondarma soyqırımının 50-ci ildönümü tədbirləri çərçivəsində olub.
Postsovet dövründə Naxçıvan məsələsi
1989-cu ildə Naxçıvanda SSRİ əleyhinə başlayan mitinqlərdə Qars müqaviləsi gündəmə gəlib. 15 yanvar 1990-cı ildə ermənilər Naxçıvanın Kərki kəndi işğal edib. 19 yanvarda Naxçıvan əhalisinin təzyiqi ilə Naxçıvan Ali Sovetinin fövqəladə iclası çağırılıb. 20 yanvarda Naxçıvan Ali Soveti muxtar vilayətin ərazi bütövlüyü və vətəndaşların həyatı təhlükə qarşısında qaldığı, Qars müqaviləsi maddələri kobud şəkildə pozulduğu üçün özünü SSRİ-dən ayıraraq müstəqilliyini elan edib. Həmin ilin iyul ayının 20-də Azərbaycan SSR-nin keçmiş Baş katibi Heydər Əliyev Moskvadan Bakıya, iyulun 22-də isə Naxçıvana gəlib. 1990-cı il 30 sentyabr seçkilərində o, Nehrəm seçki dairəsindən Azərbaycan SSR-nin xalq deputatlığına, Naxçıvan Alt Trikotaj Fabriki kollektivi tərəfindən isə Naxçıvan MSSR-in xalq deputatlığına seçilib. 1990-cı ilin noyabr ayının 17-də 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə keçirilib. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara alıb. Həmin gün Cümhuriyyətin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib. 3 sentyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası çağırılıb, Heydər Əliyev Ali Məclisin sədri seçilib. 1991-ci il 29 oktyabrda Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycanla Türkiyə arasında Araz çayı üzərindən salınmış müvəqqəti körpünün rəsmi açılış mərasi olub.
1992-ci il 22-25 martda Türkiyədə Baş nazir Süleyman Dəmirəllə Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsi barədə, 100 milyon dollar məbləğində kredit ayrılması və hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə Əməkdaşlıq Protokolu imzalanıb. Heydər Əliyevin bu ziyarəti zamanı Qars müqaviləsi gündəmə gəlib. 23 martda Dəmirəllə görüşündə H.Əliyev bildirib: “Naxçıvanın xüsusi bir statusunun olması, Türkiyənin Naxçıvan üçün zamin bir dövlət olması 70 il bundan əvvəl bağlanmış müqavilələrdə öz əksini tapıb”.
5 may 1992-ci ildə Türkiyənin xarici işlər naziri Hikmət Çetin ABŞ dövlət katibi Bakerlə telefon söhbətində Ermənistanın Naxçıvana yönəlik və Türkiyə sərhədində cərəyan edən hücumlarını müzakirə edib. Həmin ay Şuşa və Laçının işğalından sonra ermənilər Naxçıvan üçün də plan hazırlamışdılar. Sədərəkdə baş verən gərginlikdən sonra H.Əliyev Türkiyə hökumətinə müraciət edib. Ona görə də mayın 18-də Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistana yönəlik bəyanat verib, Azərbaycanın və Naxçıvanın ərazi bütövlüyünə xələl gətirilməməsi tələb edilib. 25-26 mayda Dəmirəl Rusiya səfərində də Ermənistanın hücumlarını pisləyib. 16 iyun 1992-ci ildə Türkiyə Naxçıvanda konsulluq açıb.
Beləliklə, Qars müqaviləsi yüz il ərzində erməni və rusların planlarından bizi qoruyub. Bu gün isə Qars müqaviləsi ilə yanaşı Şuşa Bəyannaməsi də mövcuddur. Ona görə də dünən Ermənistan və Rusiyanın, bu gün isə İranın Naxçıvana göz dikməsi iflasa məhkum prosesdir.
Dilqəm Əhməd(axar.az)