"Azərbaycanda nüvə enerjisinə yer ayrılması məqsədəuyğundur" - MÜSAHİBƏ

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev TNS-ə müsahibə verib.
Müsahibədə Azərbaycanda elmin inkişafı, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn bir sıra məsələlərə toxunulub.
- İslam müəllim, Prezident İlham Əliyevin bu il aprel ayının 4-də imzaladığı Sərəncamla Elm və Təhsil Nazirliyinin tabeliyindəki bəzi elmi müəssisələrin birləşdirilməsi nəzərdə tutulur.
Hazırda institutda ab-hava necədir? Fəaliyyətinizi davam etdirirsinizmi?
- Təbii ki, ilk dövrdə bir qədər çaşqınlıq yarandı. Birmənalı qəbul olunmurdu. Amma Elm və Təhsil Nazirliyinin Elm və Təhsil üzrə Dövlət Agentliyinin məsul şəxslərinin görüşlərindən və müzakirələrdən sonra nisbətən aydınlıq yarandı. Fəaliyyətimizi əvvəlki qaydada davam etdiririk. İnstitutumuzun alimləri 2025-ci ilin birinci yarısı üçün hesabatlar təqdim edirlər. Uğurlarımız keçən illərdəkindən daha böyükdür. Elmmetrik göstəricilərdə bir pillə də irəliləmişik.
- Sərəncamda Fizika və Radiasiya Problemləri institutlarının əsasında yeni bir publik hüquqi şəxsin yaradılması məsələsi var. Ortaya bir çox suallar çıxır. İnstitutlar birləşdirildikdən sonra mövcud potensialdan necə istifadə olunacaq? Aparılan tədqiqatlar, elmi araşdırmalar yeni yaradılacaq institutdamı cəmləşəcək? “Optimallaşdırılma və səmərəliliyinin artırılması” məsələsinin necə həll olunmasına üstünlük verirsiniz?
- Hələlik bu suala cavab vermək çətindir. Bu məsələnin gerçəkləşdirilməsinə ciddi yanaşma tələb olunur. Təbii ki, ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş tədqiqatların prioritet istiqamətləri saxlanılacaq. Bizim institut üçün işğaldan azad olunmuş ərazilərin potensialının və radioekoloji vəziyyətinin qiymətləndirilməsi və reabilitasiyası, radiasiya texnologiyalarının kənd təsərrüfatı məhsullarının keyfiyyət və kəmiyyət göstəricilərinin yaxşılaşdırılmasında, ətraf mühitin sağlamlaşdırılmasında tətbiqi, materialların fiziki-kimyəvi xassələrinin modifikasiyasında ionlaşdırıcı şüaların tətbiqi və s. sahələr böyük ehtimal ki, davam etdiriləcək.
Mən yalnız öz institutumuz haqqında danışa bilərəm. Belə ki, bu institut 55 il ərzində kiçik bir laboratoriyadan kifayət dərəcədə zəngin elmi ənənələrə və potensiala malik bir instituta çevrilib. İnstitutda kimyaçılar, fiziklər və bioloqlar canlı bir orqanizm kimi biri-birinə bağlı şəkildə fəaliyyət göstərirlər. Hamı eyni radiasiya mənbələri kompleksindən və eyni analitik laboratoriyanın analizlərindən istifadə edir və s. Bu kollektivi heç vəchlə dağıdıb, ayrı-ayrı şəkildə elmi fəaliyyətə cəlb etmək və ya digər laboratoriyalarla süni birləşməyə məruz qoymaq olmaz. Mürəkkəb də olsa, idarəetməyə yeni yanaşmanın tətbiq olunması, ayrı-ayrı təşkilatların bütövlüyünün saxlanılması, ciddi attestasiyanın keçirilməsi və s. işlər aparmaq olar. Məncə, ilk növbədə, bu sahə üçün sistem səviyyədə potensialın və universal qaydaların yaradılması, idarəetməyə gənclərin və yaşlı nəslin harmonik şəkildə cəlb olunması, qabaqcıl təcrübənin varislik əsasında transferi optimallaşdırmanın əsasını təşkil etməlidir.
- Bir neçə ildir ki, bu sahədə müəyyən işlər aparılır. Əvvəlcə bir sıra institutlar AMEA-dan ayrıldı. Ümumiyyətlə, indiyə kimi icra olunan işlər hansı müsbət tərəfləri ilə özünü göstərir?
- Elmi-tədqiqat institutlarında islahat aparılması zərurəti hələ keçən əsrin 90-cı illərində yaranıb. Özü də təkcə bizim ölkəmizdə deyil, bütün post-sovet məkanının elm sektorunda bu zərurət yaranıb. Hətta ciddi reformlar aparan sosialist ölkələrində də. Rusiya, Qazaxıstan, Gürcüstan kimi ölkələr bu reformları ilkin olaraq aparıblar.
Elm və Təhsil Nazirliyinin yaradılması, elmi tədqiqatların universitetlərə verilməsi halları olub. Burada əsas məqsədlərdən biri, zənnimcə, elmlə təhsilin inteqrasiyası, təhsil müəssisələrində oxuyan gənclərin elmi tədqiqatlara cəlb olunması, eyni zamanda alimlərin tədris prosesində daha fəal iştirakıdır.
- İslam müəllim, vaxtilə var olan elmi məktəblərin sıradan çıxma təhlükəsi, gənclərin elmə gəlməməsi kimi problemlər də var. Bu il həm də AMEA-nın yaradılmasının 80 ili tamam olur. O zamandan bu günədək elmimizin cəmiyyət və dövlətin həyatında oynadığı rolu necə qiymətləndirirsiniz?
- Elmimizin inkişaf tarixinə nəzər salsaq, çoxlu sayda dünyada məşhur olan elmi məktəblərimizin olduğunu qürurla qeyd etmək olar. Bu məktəblərin fəaliyyətinin cəmiyyət və dövlət həyatında rolunu danmaq olmaz. Əlbəttə, bu məktəbləri nə unutmaq, nə də onların məhv olmasına imkan vermək olmaz. Davam etdirmək üçün hər cür şərait yaratmaq lazımdır. Ümid edirəm ki, institusional səviyyədə baş verən dəyişikliklər bu məktəblərin müasirləşməsinə və inkişafına səbəb olacaq. Gənclərin elmə gəlməsinə əngəl törədən mühüm səbəblərdən biri elm sektorunda məvaciblərin aşağı olmasıdır. Bu, cəmiyyətimizdə elm sektorunun zəifləməsinin mühüm səbəblərindən biridir. Universitetlərdə, biznes sektorunda bu gənclərə ehtiyac böyükdür, ona görə seçim edəndə gənclər buna diqqət edirlər.
- Yeri gəlmişkən, elmlə məşğul olanların əməkhaqqı problemi hər zaman müzakirə mövzusudur. Bu gün bir elm adamı kimi aldığınız maaşdan razısınızmı?
- Əgər söhbət şəxsən məndən gedirsə, qeyd edim ki, bizim nəsil elmə gələn illərdə vəziyyət başqa cür idi. İndi ola bilər ki, o qədər də ehtiyacımız yoxdur, amma indiki vəziyyətdə gənc ailənin elmdə çalışmaqla özünə ev-eşik düzəltməsi, firavan həyat şəraiti yaratması mümkün deyil.
- Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanov mətbuata müsahibəsində alimlərin məqalə yazaraq mükafat alması amilini vurğulayıb. Sizcə, məqalə yazıb mükafat gözləməklə elmdə inkişafa nail olmaq olar?
- İndi elmi-tədqiqat institutlarında nüfuzlu jurnallarda məqalə çap etdirən alimlərə əlavə maaşlar verilir. Bu, çox müsbət addımdır, müvəqqəti olaraq vəziyyətdən çıxış yoludur, amma yalnız bu yolla inkişafa nail olmaq mümkün deyil.
- İllərdir ki, elm sahəsində çalışırsınız. Səhv etmirəmsə, Türkiyədə, Rusiyada və ABŞ-də də fəaliyyətiniz olub. Elmi inkişaf etdirmək, mövcud potensialdan yararlanmaq üçün ölkəmizdə nə çatışmır?
- Bəli, mən elmi karyerama Rusiyada başlamışam, namizədlik dissertasiyamı Moskvada, doktorluğu Leninqradda müdafiə etmişəm. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra TUBİTAK-NATO proqramı ilə dəvətli professor olaraq İstanbul Texniki Universitetində 10 ildən çox periodik olaraq elmi-tədqiqat və təhsillə məşğul olmuşam. ABŞ-nin Meriland Universitetində və Alabama Milli Radiasiya və Hava monitorinqi laboratoriyasında ixtisasartırma kurslarında iştirak etmişəm. İndi rəhbərlik etdiyim institutun dünyanın 20-ə qədər elmi mərkəzləri və universitetləri ilə birgə fəaliyyəti haqqında müqavilələri var. Ona görə də digər ölkələrdəki elm sektorunun vəziyyəti haqqında az-çox xəbərim var. Qeyd edim ki, bir sıra alimlərimizin fərdi potensialı heç də həmin ölkələrin alimlərindən aşağı deyil. Hazırda ölkəmizdə yaradılmış imkanlar, xüsusilə eksperimental elmin inkişafını arzu edilən səviyyədə təmin edə bilmir.
- İslam müəllim, rəhbərlik etdiyiniz institutun son illərdə apardığı işlər barəsində məlumat verərdiniz.
- Alimlərimiz işğaldan azad olunmuş və ətraf rayonlarda ekoloji vəziyyətin qiymətləndirilməsi və sağlamlaşdırılması, pambıq və taxıl bitkilərinin məhsuldarlığının artırılması, yeni xassələrə malik materialların və cihazların yaradılması üçün radiasiya texnologiyalarının tətbiqi sahəsində ciddi tədqiqatlar aparırlar. Alternativ enerji növlərinin tətbiqi ilə hidrogen enerjisinin alınması və karbon-dioksid emissiyasının azaldılması sahəsində də maraqlı nəticələrimiz var. Alınan nəticələr nüfuzlu beynəlxalq jurnallarda dərc olunur, qrant layihələri üçün qəbul olunub. Göstəricilərinə görə Radiasiya Problemləri İnstitutu təkcə ölkəmizin deyil bir sıra ölkələrin də bu sahədə olan elmi mərkəzləri ilə müqayisə oluna bilər. Təkcə 2024-cü ildə alimlərimiz Scopus və WoS bazalarında 150-ə qədər məqalə dərc etdiriblər. Hər bir elmi işçiyə təqribən 1 məqalə düşür. Q1 və Q2 kateqoriyasına aid jurnallarda məqalələrin sayı 80-dır. Bu, ölkəmiz üçün yaxşı göstəricidir. Mən təkcə yazdığı məqalələrin sayı ilə alimi qiymətlərdirməyin tərəfdarı deyiləm. Dövlət proqramlarının yerinə yetirilməsində fəal iştirak edən, yüksək rəhbərlikdən mühüm elmi-texniki tapşırıqlar alıb layiqincə yerinə yetirən, patent fəaliyyəti ilə uğurlu fəaliyyət göstərən, ciddi monoqrafiyalar yazan alimlərimiz də var. Onların ciddi məqalələr yazmağa vaxtları kifayət etmir və yuxarıda qeyd etdiyimiz əlavə maaşları ala bilmirlər. Təbii ki, tədricən bu göstəricələr də qiymətləndirmə meyarlarına daxil ediləcək.
-Mütəxəssislər iddia edir ki, yaxın gələcəkdə dünyada nüvə enerjisindən daha çox istifadə ön planda olacaq. Azərbaycanın bu sahədə mövcud potensialını necə qiymətləndirmək olar?
-Bildiyiniz kimi ölkəmiz üzvi yanacaqlarla (neft, qaz) zəngindir, amma uzunvədəli proqnozlarda bu enerji növlərinə əsas yer verilməsi məqsədəuyğun deyil. Əvvəla bu resurslar daha səmərəli şəkildə kimya sənayesində xammal kimi istifadə oluna bilər, ikincisi onların ehtiyatları məhduddur, üçüncüsü onların yanmasından atmosferə karbon qazı atılır ki, onun da miqdarına ölkəmizin imzaladığı Konvensiyalar və Anlaşmalarla məhdudiyyət qoyulub. Alternativ enerji mənbələrinə gəlincə, əslində Azərbaycanın Günəş-külək-hidroenerji potensialı ölkənin enerji ehtiyaclarını ödəyə bilər. Lakin Atom enerjisi üzrə beynəlxalq Agentliyin mövqeyinə görə bu enerji növlərinin ölkənin enerji balansında payı artıqca enerji sistemi dayanıqlılığı pozulur, nisbətən uzun sürən ekstremal iqlim şərtlərində problemlər yaranır. Ona görə də Azərbaycanda Energetikanın inkişaf strategiyasında nüvə enerjisinə yer ayrılmasını məqsədəuyğun saymaq olar.
Maraqlı müsahibə üçün təşəkkür edirik.
Aygün İbrahimli