Qüdrət Həsənquliyev: “Pezeşkianın səfəri böyük siyasi hadisədir”

Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcəbhəsi.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:
- Qüdrət bəy, Pezeşkianın Bakıya səfəri öncəsi İran Ədliyyə Orqanı açıqladı ki, Azərbaycan səfirliyinə hücum etmiş qatilin edam olunması üçün hazırlıq işləri başa çatıb. İndiyə kimi edamın həyata keçirilməməsi zərəçəkmiş tərəfin bunun üçün rəsmən müraciət etməməsi olub. Bu məsələni şərh etmənizi istərdik...
- Öncə onu söyləyim ki, əgər biz bir xalq və dövlət olaraq ölüm hökmündən imtina etmişiksə, başqa dövlətdən bunu tələb etmək elan etdiyimiz dəyərlərə sadiq olmamağımız kimi qiymətləndirilə bilər. İkincisi, zərərçəkmiş şəxslər də bunda maraqlı olmamalıdırlar. Cinayət hadisəsinin necə baş verməsini əks etdirən video kadrlardan görsənir ki, polis cinayətin baş verməsinin qarşısını almır. Düşünmürəm ki, bu iş üzrə ədalətli və obyektiv araşdırma aparılıb. Ona görə onun öldürülməsi gələcəkdə həqiqətin üzə çıxarılmasını çətinləşdirəcək.
- Pezeşkianın səfərinin nəticələrini necə qiymətləndirmək olar?
- Səfərin nəticələrini yüksək qiymətləndirirəm. Pezeşkianın gəlişi belə böyük siyasi hadisədir. Bu səfər qardaşlıq əlaqələrinin genişlənməsinə böyük imkanlar açır. Gələcəkdə nə baş verəcəyini isə zaman göstərər. İran həm də bir türk dövlətidir, orada yaşayan əhalinin yarıya qədəri Azərbaycan türkləridir. Bizim ortaq tariximiz, dinimiz, mədəniyyətimiz, adət-ənənələrimiz var. İran, Türkiyə və digər türk dövlətləri qədər bizə yaxın olmalıdır. Səfər öncəsi Pezeşkianın Az.TV-yə verdiyi açıqlamada işğalçı Ermənistanla bizə eyni yanaşma sərgiləməsi və türk dilində danışmaması məni xeyli üzdü. Çünki beynəlxalq təcrübədə səfər etdiyin ölkənin xalqının dilini bilirsənsə, xüsusilə, həmin xalqın nümayəndəsisənsə, öz dilində ona müraciət etmək xalqına və səfər etdiyin ölkəyə böyük ehtiram və hörmət əlaməti hesab olunur. Amma onu da nəzərə almalıyıq ki, o farsca danışmağa müəyyən mənada məcburdur. Yoxsa ciddi problemlərlə üzləşə bilər. Ola bilsin öncədən ona bu barədə xəbərdarlıq ediblər. Gördük ki, İranda Azərbaycan türkcəsində şeir dediyinə görə hansı təzyiqlərlə üzləşdi. Əlaqələrimiz bütün istiqamətlərdə daha da dərinləşməlidir. İran üzərindən Naxçıvana maneəsiz (gömrük və sərhəd yoxlamalarından kənar) gediş-gəliş təmin edilsə, bu əlaqələrin inkişafına xüsusi töhfə verərdi. İran vətəndaşları üçün viza rejimi aradan qaldırılmalı, xüsusilə, Cənubi Azərbaycandan olan gənclərin, İranda mümkün olmadığı üçün, Azərbaycan Respublikasında öz ana dillərində güzəştli şərtlərlə təhsil almalarına imkan yaradılmalıdır. Bu məqsədlə tələbələrin sayı barədə kvota müəyyən olunmalı, büdcədən vəsait ayrılmalıdır.