“Ginnesin Rekordlar Kitabı”na düşən usta şahmatçı niyə aqronom olub? - MÜSAHİBƏ

Onu Azərbaycanda tanımayan az adam olar. Özünəməxsus səs tembiri ilə illərdir, ekrandan tamaşaçılara şahmatın sirlərini öyrədir. Özünün də dediyinə görə, insanlar onu haradasa görəndə yaxınlaşıb şahmat oynamağı ondan öyrəndiklərini bildirirlər. İllərdir, yorulmadan intellektual idman növü ilə çiyin-çiyinə yol gələn bu insanın adı ötən günlərdə (14 aprel 2025-ci il) “Ginnesin Rekordlar Kitabı”na da daxil edilib. O, şahmat üzrə ən uzun müddətli kişi hakim (60 il 149 gün) kimi bu uğura nail olub.
TNS-in bu dəfəki müsahibi Azərbaycan şahmatçısı, şahmat hakimi və televiziya aparıcısı, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, “Şöhrət” və “Şərəf” ordenli Faiq Həsənovdur.
- Faiq müəllim, ilk növbədə, sizi 85 illik yubileyiniz, eyni zamanda “Ginnesin Rekordlar Kitabı”na daxil edilməniz münasibətilə təbrik edirəm. Əvvəlcə oxuculara bir az özünüz haqqında məlumat verməyinizi istərdim. Faiq Həsənov harada anadan olub, şahmatla tanışlığı necə başlayıb?
- Tiflisdə anadan olmuşam, orada böyümüşəm. Azərbaycan dilli məktəbdə təhsil almışam. 12 yaşım olanda dayım mənə şahmat oynamağı öyrədib. İndiki zamana görə, bu, çox gec yaş dövrü hesab olunur. Çünki bu gün 12-13 yaşında şahmatı öyrənirsənsə, demək olar ki, həvəskar olursan. İndi uşaqlara şahmatı gərək 4-5 yaşından öyrədəsən. Bu gün artıq 8 yaşlı uşaqların dünya çempionatı keçirilir.
Ona görə də uşaqlar şahmat oynamağa 4-5 yaşından başlayırlar. O vaxtlar vəziyyət fərqli idi. Kompüter yox idi, şahmatla bağlı məlumatlar o qədər də inkişaf etməmişdi. Şahmatı öyrənmək üçün kitablardan oxumalı idin. İnsanlar şahmatla bağlı təhlilləri özləri edir, gedişləri ancaq özləri tapırdılar. Hazırda kompüterdə bütün proqramlar var. Hətta, şahmatda insanları uda bilən proqramlar var.
Bir vaxtlar 40-50 yaşlarında da dünya çempionu olanlar olub. Vaxtilə 36 yaşında dünya çempionu olmuş Vasili Smıslov 60 yaşında yenə də iddiaçıların turnirində oynayırdı.
Qayıdaq mənim 12 yaşında şahmata başlamağıma. O zaman “Pionerlər evi”nə getdim və bəxtim gətirdi ki, şahmat üzrə çox güclü məşqçinin qrupuna yazıldım. Beləcə, zamanla məktəb çempionatlarında oynamağa başladım. 1957-ci ildə gənclər arasında Tiflis şəhərinin çempionu oldum. İlk azərbaycanlı idim ki, Gürcüstanda şəhər çempionu olmuşdum.
- Sonra necə oldu ki, Azərbaycana gəldiniz və ali təhsilinizi şahmatla o qədər əlaqəsi olmayan bir sahə üzrə aldınız?
- Tiflisdə 1958-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan dilli məktəb olduğu üçün Azərbaycana gəlməyə məcbur idim. Gəldikdən sonra Gəncə Kənd Təsərrüfatı İnstituna daxil oldum. İndi belədir ki, şamatçı olursan və bu sənin peşən sayılır. Sovet dövründə isə vəziyyət fərqli idi. O zaman idmanla məşğul olanlar həvəskar sayılırdı. Bu, bir peşə kimi qəbul olunmurdu. Şahmat oynamaqla pul qazanmaq olmurdu. Mütləq hansısa işdə işləməli idin. Yalnız idman cəmiyyətlərində olan məşqçilər, şahmatı öyrədənlər peşəkar sayılırdı.
Bu, digər şahmat oynayanlara aid olmurdu. Məsələn, dünya çempionu olmuş Mixail Botvinnik elmlər doktoru, professor idi. Onun əsas işi elmlə məşğul olmaq idi. Amma onu da deyim ki, milli komandaya daxil olan və SSRİ-ni təmsil edən güclü idmançılar dövlətdən xüsusi təqaüd alırdılar. Güclü şahmatçı ola bilmək üçün gün ərzində 6-7 saat bu işlə məşğul olmalısan.
Əgər həmin insanlar hardasa işləsəydilər, artıq şahmatla məşğul olmağa vaxtları qalmayacaqdı. Yəni, belə çətinliklər var idi. Ona görə də istənilən idman növü ilə məşğul olanlar məktəbi bitirdikdən sonra təhsil almalı və işləməli idilər ki, maddi cəhətdən özlərini təmin edə bilsinlər. İndi vəziyyət başqadır. Bütün idman növləri peşəkar kimi qəbul olunur. Təbii ki, olimpiya çempionu olmaq istəyən gedib zavodda işləyə bilməz. Məndən çox insan soruşur ki, sən niyə aqronomluq fakültəsinə daxil oldun. Bunu bir iş sahibi olmaq üçün elədim. Bu gün də şahmatçılar ali təhsil alırlar. Əksəriyyəti Azərbaycan İdman Akademiyasına daxil olur və sonra məşqçilik edirlər.
Onu deyim ki, institut dövründə də şahmat oynayırdım. O zaman güclü şahmatçılar, əsasən Bakıda olurdu. İnstitutu bitirdikdən sonra Bakıya gəldim. Sonradan Azərbaycan çempionatının finalına düşdüm, ustalığa namizəd oldum. Bu, SSRİ-də yüksək pillə sayılırdı. O zamanlar artıq Kənd Təsərrüfatı Nazirliyində çalışırdım. Gördüm ki, ya şahmat oynamalısan, ya da ki, işinlə məğul olmalısan. Və fəal oyundan uzaqlaşdım. Çünki yaxşı oynamaq üçün vaxt lazım idi. Ona görə də hakimliyə keçdim. Şahmat Federasiyasının üzvü idim. Nazirlikdəki işimdən oyunlara hakimliyə getməyimə icazə verirdilər. Beləcə, şahmatçı kimi oynamaq qaldı kənarda.
Bakıda 1964-cü ildə Azərbaycanda ilk dəfə şahmat üzrə beynəlxalq turnir keçirilirdi. Azərbaycan Şahmat Federasiyasının sədri, turnirin baş hakimi Zahid Vəlibəyov mənə hakimlik etməyi təklif etdi. Beynəlxalq turnir idi. O dövrün güclü şahmatçıları oynayırdılar.
1972-ci ildə Bakıda kişilər arasında SSRİ çempionatı keçirilirdi. Həmin turnirdə baş hakim Moskvadan idi. Mən baş hakimin müavini təyin olundum. Bu da yüksək vəzifə idi. Bu çempionatdan sonra mənə ümumittifaq dərəcəli hakim adı verildi.
1980-ci ildə Bakıda beynəlxalq şahmat turniri keçirilirdi. O turnirdə baş hakim idim. Bu turnirdən sonra beynəlxalq hakim adını aldım.
- Faiq müəllim, istərdim ki, sizi Azərbaycan tamaşaçılarına ən çox tanıdan və sevdirən “Şahmat klubu” verilişi haqqında danışaq. Artıq neçə ildir ki, bu proqramı təqdim edirsiniz?
- 1969-cu ildən bu günə kimi Azərbaycan televiziyasında (AzTV) “Şahmat klubu” verilişini aparıram. Artıq 56 il keçir.
- Arada heç fasilə olmayıb?
- 1990-cı ildə komendant saatı olanda qısa bir fasilə oldu. Bir də pandemiya vaxtı. Qalan vaxtlarda fasiləsiz yayımlanıb.
İndi çoxları məni hardasa görəndə yanaşır ki, Faiq müəllim, mən şahmatı sizin verilişdən öyrənmşəm. Mənim də o zaman məqsədim o idi ki, şahmatı öyrədim. İstəyirdim ki, şahmat Azərbaycanda kütləvi olsun, hamı öyrənsin. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndə şahmatı rayonlarda kütləviləşdirməyi təklif etdi. İstəyi o idi ki, uşaqlar zərərli işlərdən uzaq olsun, şahmat oynasınlar. 1970-ci illərdə rayonlarda şahmat məktəbləri tikilməyə başlanıldı. O zaman müəllim-məşqçi qıtlığı var idi. İndiki Azərbaycan İdman Akademiyasında şahmat bölməsi açıldı. Məqsəd şahmat üzrə məşqçilərin hazırlanması idi. Eyni zamanda, “Şahmat qəzeti”nin nəşrinə başlanıldı. Şahmat məktəbləri açılanda paralel olaraq, AzTV-də “Şahmat klubu” verilişində şahmat öyrədilirdi. Beləliklə, uşaqlar baxırdılar və biz də televiziya vasitəsilə onları öyrədirdik. Beləliklə, ölkə üzrə şahmat kütləvi hal almağa başladı.
- Yeri gəlmişkən, artıq hakimlik üzrə “Ginnesin Rekordlar Kitabı”na düşmüsünüz. Ən uzunmüddətli şahmat verilişinin layihə rəhbəri və aparıcısı kimi bu kitaba düşmə ehtimalı ilə bağlı nə deyə bilərsiniz?
- Uzun illər fasiləsiz veriliş aparmağımla bağlı da “Ginnesin Rekordlar Kitabı”na müraciət etmişik. Ən çox veriliş aparan bunu 43 ildən bir qədər artıq edib. Fikirləşdim ki, mən 55 ildən çoxdur veriliş aparıram və kitaba düşə bilərəm. Hazırda bu istiqamətdə iş aparırıq. Amma onu da deyim ki, bu proses çox çətindir. “Ginnesin Rekordlar Kitabı”na düşə bilmək üçün faktların toplanması, qeydiyyatı çox ciddi şəkildə aparılır.
Məsələn, mənim 55 ildən çox veriliş aparmağımla bağlı fakt var, amma deyirlər ki, gərək bu faktı 5-6 təşkilat təsdiq etsin. Düşünün ki, 1970-ci illərdən veriliş aparıram. AzTV-də həmin illərdən heç kim qalmayıb. AzTV-nin bu cür verilişlərlə bağlı arxivi yoxdur.
Verilişə görə qonarar almağımla da bunu təsdiqləyə bilmirəm. Qanun belədir ki, 5 ildən bir proqramlardan kiminsə qonarar alması ilə bağlı sənədlər silinir. Faktları o zamankı qəzetlərdən tapmağa çalışdıq.
Çünki o zaman tək kanal idi və bütün qəzetlərdə gündəlik proqramlar olurdu. "Bakinski raboçi" qəzetindən istifadə etdik. 1920-ci ildən bu günə kimi o qəzetin nömrələri qalır. Hər həftə gedən “Şahmat klubu” ilə bağlı proqramın siyahısını hazırladıq. Bunun üçün aylarla vaxt sərf etdik. Problem ondadır ki, 2000-ci illərdən sonrakı qəzetlərdə proqramlar barəsində məlumat tapmaq daha da çətinləşdi.
Bir sözlə, verilişi aparmağımla bağlı lazım olan məlumatları tapmaq asan olmur. Bəzilərini tapıb verdim, qalanlar da oldu. Dediyim kimi, gündə bir sənəd istəyirlər. Londana bu günlərdə daha bir sənəd göndərdik.
Yəni, çətin də olsa, tapa bildiyimiz bütün məlumatları vermişik. İşlər davam edir, son mərhələdədir. Əsas odur ki, hakimliklə bağlı daxil olmuşuq, bu da olarsa, lap yaxşı (gülür)...
- Faiq müəllim, yəqin ki, davamçılarınız olan hakimlər hazırlayırsınız. Hakimliklə məşğul olanların sayını yetərli hesab edirsinizmi?
- Əlbəttə ki, hazırlamışıq, bu gün də hazırlayırıq. Məsələn, aprelin 28-dən mayın 4-dək "Kristal Hall"ın Sərgi Mərkəzində mötəbər “Baku Open 2025” Beynəlxalq Şahmat Turniri keçirilir.
Tədbirə 700-ə yaxın iştirakçı qatılıb. Bu günə kimi beləsi olmayıb. Festival formasında keçirilir. Bu turnirdə böyüklərlə yanaşı, 400-ə yaxın uşaq da yarışır. 30-a yaxın hakim lazım idi, 700 adamı idarə etmək asan deyil. Həm də çalışıram ki, hakimlər daha çox bölgələrdən olsunlar. Məsələn, bu turnirdə Zaqatala, Qax, Mingəçevir, Gəncə, Qazax, Biləsuvar və s. rayonlardan hakimlər var.
- “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na uyğun olaraq ümumtəhsil məktəblərində şahmatın fənn kimi tədrisi ilə bağlı işlər gedirdi. Bununla bağlı o zaman Beynəlxalq Şahmat Federasiyası, Azərbaycan Şahmat Federasiyası və Təhsil Nazirliyi arasında birgə memorandum da imzalanmışdı. Pilot olaraq, bir neçə məktəbdə tədris də olundu. Şahmatın məktəblərdə tədrisinin yenidən reallaşması üçün işlər aparılırmı?
- O zaman şahmatın məktəblərdə fənn kimi tədris olunması məsələsi Şahmat Federasiyası tərəfindən qaldırılmışdı. Prezident İlham Əliyev tərəfindən “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” təsdiq edildi.
Onu da qeyd edim ki, bu proqram dünyada ilk dəfə bir ölkə başçısı tərəfindən qəbul olunduğuna görə, Beynəlxalq Şahmat Federasiyası (FİDE) sonradan bütün ölkələrə belə proqramın qəbul olunmasını tövsiyə etdi.
Proqramdan irəli gələn məsələlər çox yaxşı həyata keçirilirdi. Həmçinin, məktəblərdə şahmatın fənn kimi tədrisi məsələsi də reallaşırdı. Son illərdə Azərbaycan Şahmat Federasiyası və Elm və Təhsil Nazirliyinin birgə səmərəli işi sayəsində rayonlarımızda şahmatın inkişafı üçün yaxşı şərait yaranıb. Əvvəlki illərlə müqayisədə indi bizim bölgələrimizdə də yaxşı şahmatçılar yetişir.
Məqsədimiz məktəblərdə şahmatın fənn kimi tədris olunmasına nail olmaqdır. Şahmat bütün uşaqlara öyrədilməlidir. Çünki tərbiyəvi əhəmiyyəti var. Məsələn, dəcəl uşaqlar olur ki, 10 gün şahmat oynadıqdan sonra sakitləşirlər. Şahmat oyunu zamanı uşaq sərbəst düşünməyə məcburdur. Məsələni özü həll etməli, müstəqil qərar verməlidir. Bir sözlə, şahmat uşaqları hərtərəfli inkişaf etdirir. Xüsusilə Avropa ölkələrində şahmatı məktəblərdə dərs kimi keçirlər.
- Faiq müəllim, süni intellektin də yaxşı şahmat oynadığı deyilir. Süni zəka insanı bu oyunda sıxışdıra bilərmi?
- Süni intellekt insandan daha yaxşı şahmat oynaya bilməz. Çünki süni intellekt özü də insan tərəfindən yaradılıb.
Söhbətimizin sonunda gözüm açıq şahmat taxtasına sataşır. Bütün fiqurlar oyuna hazır, düzülmüş vəziyyətdə. Faiq müəllimdən gün ərzində nə qədər şahmat oynadığını, ümumiyyətlə, taxta lövhə üzərində oynayıb-oynamadığını soruşuram.
“Şahmat mənim həyat tərzimdir. Oyunları isə indi ancaq kompüterdə, onlayn formada oynayıram”,-deyə gülümsəyir, işinin ustadı.
Biz də ona can sağlığı və işlərində uğurlar arzulayıb söhbətimizə yekun vururuq.
Müsahibə üçün təşəkkür edirik.
Aygün İbrahimli