Close

22:41
18 Aprel 2025

"Dövlət İmtahan Mərkəzi Azərbaycan təhsil sistemini məhv edib" - MÜSAHİBƏ

Təhsil məsələləri üzrə mütəxəssis, təhsillə bağlı problemləri davamlı olaraq, gündəmə gətirən Kamran Əsədov TNS-ə müsahibə verib.

- Kamran müəllim, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin attestasiyası keçirildi. İmtahan nəticəsi ilə razılaşmayan bir qrup müəllimin etiraz etdiyinə şahid olduq. Sizcə, müəllimlərin etirazının əsası varmı?

- Azərbaycanda musiqi məktəblərində çalışan müəlllimlərin biliyinin uzun illər ərzində hər hansı bir formada yoxlanılmaması bu sahədə ciddi problemlər yaradıb. Bu gün musiqi məktəblərində çalışan müəllimlər, öncədən təqdim edilmiş proqram əsasında, suallara cavab verə bilmirlərsə, onların müəllim olmaq üçün mənəvi haqları yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, işəgötürənlər 5 ildən bir öz tabeliyində olan şəxslərin peşə uyğunluğunu yoxlamalıdırlar.

WhatsApp_Skil_2025-04-16_saat_14-23-26_71d7393f

Azərbaycanda müəllimlərin attestasiyası sonuncu dəfə 1994-cü ildə keçirilib. 30 ildən artıqdır ki, bu müəllimlərin bilik və bacarığı hər hansı formada yoxlanılmayıb. Çox təəssüf ki, musiqi məktəblərinə işə qəbul prosesi mərkəzləşdirilmiş qaydada - müsabiqə və müsahibə yolu ilə deyil, normal olmayan bu və ya digər yollarla həyata keçirilib. Bu gün Mədəniyyət Nazirliyi tabeliyində olan musiq məktəblərinin müəllimlərinin daha savadlı olmasını istəyir. Ötən il Mədəniyyət Nazirli ilk dəfə Dövlət İmtahan Mərkəzi ilə birlikdə işə qəbul imtahanı keçirdi və nəticədə həmin müəllimlərin daha yaxşı olduqlarını gördü.

- Müəllimlərin etiraz etdiyi əsas məsələ onlara işdən azad olunmayacaqlarının deyilməsidir...

- İmtahandan bir müddət əvvəl Mədəniyyət Nazirliyinin əməkdaşı attestasiya nəticəsində işdən azad olunmanın olmayacağını bildirib. Bu, yanlışdır. Attestasiyanın mahiyyəti nədir? Əmək Məcəlləsinin tələbinə görə bu proses ona görə həyata keçirilir ki, çalışan insanın peşəsinə uyğun olub-olmadığı yoxlanılsın. Əgər uyğun deyilsə, bir pillə aşağıya keçirilir. Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov məsələni düzgün izah etməyib. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, peşə uyğunsuzluğu olan adam işindən azad olunmalıdır.

WhatsApp_Skil_2025-04-16_saat_14-23-26_e120c2a0

Məlumdur ki, Azərbaycada müəllimlərin sertifikasiya imtahanlarını ilk dəfə Elm və Təhsil Nazirliyi keçirib. Nazirlik bundan əvvəl 2014-2018-ci illərdə müəllimlərin diaqnostik imtahanlarını keçirdi. Həmçinin, 2009-cu ildən etibarən müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Amma Mədəniyyət Nazirliyində belə bir proses ilk idi. Ona görə də nazirlik imtahanların əvvəlcə sınağını keçirməli idi.

Amma kimsə imtahanın obyektiv olmadığını deyirsə, o, doğru danışmır. Mədəniyyət Nazirliyi 2024-cü ilin dekabr ayında attestasiyaya cəlb edəcəyi müəllimlər üçün proqramı açıqlamışdı. Suallar həmin proqram əsasında hazırlanıb.

Müəllimlər arasında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin hələ də sağ olduğunu deyənlər olub. Sizcə, bu müəllimin dərs deməyə mənəvi və hüquqi haqqı varmı? Bethovenin ağdamlı olduğunu deyənlər olub. Bu cavabları verən müəllim dərs deyə, yüksək əməkhaqqı ala bilərmi? Heç kim müəllimlərin həyəcanlı olduğunu deməsin. Müəllim peşəsi ilə bağlı suala istənilən vaxt cavab verməlidir.

Digər tərəfdən, əgər müəllimlər suallara doğru cavab veriblər və qiymətəndirmədən narzıdırlarsa, məhkəməyə müraciət edə bilərlər. Çünki proses video vasitəsilə qeydə alınıb. O formada hay-küy salmaq doğru deyil. Əgər siz ixtisasınızla bağlı sula cavab verə bilmirsinizsə, sizi niyə saxlamalıdırlar? Bəziləri deyirlər ki, müəllimin çörəyinə bais olurlar. Bəs, onların dərs dediyi uşaqlara haqsızlıq deyilmi? Kimsə deyirsə ki, müəllimlər çörəyindən olub, aparsın evindəki çörəyi həmin müəllimə versin. Öz ixtisasını bilməyən adam uşaqları necə öyrədə bilər?

WhatsApp_Skil_2025-04-16_saat_14-23-27_5dfe0f0d

Füzuli kantatası haqqında soruşanda “Füzuli kantata deyil, yazıçıdır” cavabı verilib. Qara Qarayevin “Yeddi gözəl” baletinin müəllifinin isə Nizami Gəncəvi olduğunu düşünən müəllimlər var. Bunlar ciddi məsələlərdir. 492-ə yaxın müəllimlə bağlanmış müqaviləyə xitam veriləcək. Bu, çox ciddi rəqəmdir. Əgər bu imtahandan keçməyənlə yanaşı, keçənlər də varsa, deməli problem sistemdə deyil.

- Kamran müəllim, yeri gəlmişkən, müəllimlərin sertifikasiya imtahanlarının iki ildən bir keçirilməsini təklif edənlər var. Bu barədə nə deyə bilərsiniz?

- Orta məktəb müəllimlərinin iki ildən bir imtahana cəlb olunmasını doğru hesab etmirəm. Əslində, imtahan prosesi bir az ağır olsa da, əgər müəllim ixtisasını bilirsə, nə üçün narahat olmalıdır? Məsələn, mən tarixçiyəm. Bu fənlə bağlı nə qədər istəyirlərsə, sual versinlər. Mən hər il özümü yoxlamaq üçün müəllimlərin işə qəbul imtahanlarında iştirak edirəm. Sertifikasiya və attestasiyanın mahiyyəti müəllimlərin öz üzərlərində işləməsinə, peşəkarlıq səviyyələrini artırmasına xidmət etməkdir. Eyni zamanda, bu, müəllimlərin əməkhaqqının artmasına da kömək edir. Məsələn, Rusiyada hər dərs ilinin sonunda müəllim imtahandan keçir. Finlandiyada müəllim olmaq üçün magistr təhsili şərti ilə yanaşı, ortalama göstəricinin də yüksək olması tələbi var. Dünyanın müxtəlif ölkələrində yanaşmalar müxtəlifdir. 

Müəllimlər stress altında qalmasınlar. Bir məqamı da vurğulayım ki, repetitor fəaliyyəti ilə məşğul olan müəllimlər bu imtahanlardan daha yaxşı keçirlər. Çünki daim öz üzərlərində işləyirlər, prosesin içində olurlar. Prosesdən kənar olanların nəticələri zəif olur.

- Müəllimlərin dərs yükünün 18 saatdan 12 saata düşürülməsi hansı halda mümkündür və bunu nə üçün zəruri hesab edirsiniz?

- Bu məsələ ilə bağlı təklifi mən vermişəm. Bu gün Azərbaycanda polisin, hakimin, ümumiyyətlə bütün sahələrdə çalışanların stabil vəzifə maaşı var. Ancaq müəllimlərin əməkhaqqı dediyi dərsə görə müəyyənləşir. Bu, doğru deyil. Mən təklif etmişəm ki, bütün müəllimlər, dərs saatından asılı olmayaraq, vəzifə maaşı kimi stabil maaş alsınlar. Məsələn, 500-600 manat. Bundan sonra isə dərs dediyi saatın pulu əlavə ödənilsin. Bunu, bəzi oxuyub anlamayan insanlar səhv başa düşüb. 2016-cı ildə verilən qərarla müəllimlərin əməkhaqqı iki dəfə artırıldı. Bunun arxasınca dərs yükünü 12 saatdan 18 saata qaldırdılar ki, bu, yanlış addım idi. Müəllim iki stavka-36 saat dərs deyir. İnsan 36 saat heç bir vəzifəni yerinə yetirə bilməz, nəinki müəllimlik kimi bütün günü şagirdlərlə işləmək məsuliyyəti olan bir işi. Sosial vəziyyətləri zəif olduğu üçün müəllimlər dərs yükünü çox götürməyə məcbur olurlar. Çox dərs deyəndə isə keyfiyyət aşağı düşür. Məktəbdə keyfiyyətin olmasına çalışmalıyıq. Deyək ki, müəllimin vəzifə maaşı 600 manat, 12 saat da dərsini deyir və 600 manat da ona görə alır. Əgər bundan sonra əlavə dərs demək istəyərsə, onun da pulunu alsın.

Orta məktəbdə 6-7, bəzən 8 saat dərs olur. 4-cü dərsdən sonrakı dərslərin heç bir effketi yoxdur. Uşaqların öyrənmə, anlama, müqayisə etmə qabiliyyəti aşağı düşür. Həmçinin, müəllimin faydalı iş əmsalı azalır. Ona görə də müəllimləri vahid maaşa keçirməliyik. Müəllim 36 saat işləməməlidir. Müəllim zehni işlə məşğuldur. Gün ərzində 6-7 saat dərs demək, əlavə olaraq sinif rəhbərliyi, jurnal yazmaq və s. işlər də var. İş yükü çox, əməkhaqqı azdır. Təhsildə keyfiyyət istəyiriksə, mütləq dərs saatlarını azaltmalıyıq. Hətta, növbəti tədris ilindən 12 saata salmalıyıq, çünki gecikirik.

- İrəli sürdüyünüz təkliflərin həyata keçməsi nə qədər realdır, nəzərə alınan təklifləriniz olurmu?

- Mütəmadi olaraq səsləndirdiyimiz fikirlər, iradlar mediada işıqlandırılır və nəzərə alınır. Hətta, “Təhsil haqqında qanun”un dəyişməsinə qədər təsir edə bilən təkliflərimiz olub. Təbii ki, məsələlər ictimailəşdikdən sonra Nazirlər Kabineti, Elm və Təhsi Nazirliyi, Azərbaycanda təhsil siyasətini həyata keçirən qurum və təşkilatlar o istiqamətdə iş görürlər. Bu, həmin dəqiqə olmasa da, bir müddət sonra öz nəticəsini göstərir.

- Kamran müəllim, “Ali təhsil haqqında" Qanunun qəbulu gecikir. Sizcə, bu gecikmənin səbəbi nədir? Qanunun qəbul olunmaması bu sahədə hansı problemlərə yol açır?

- Bu gün Azərbacanda “Ali təhsil haqqında" Qanunun qəbul olunmamasının səbəbi ciddi məmur təzyiqinin baş verməsidir. Bu qanun çox ciddi məsələləri həll edəcək. Azərbaycanda ali təhsil məktəblərinin muxtariyyəti, ali təhsilin maliyyələşməsi, hazırda mövcud olan elmlər namizədi və elmlər doktoru adlarının birləşməsi baş verəcək. Eyni zamanda, distant təhsil haqqında qanun qəbul olunacaq və distant təhsil yolu ilə alınan diplomların tanınma məsələsi var. Bir sözlə, bu qanun bizim ali təhsil müəssisələrinin yeni bir pilləyə keçidini təşkil edəcək. Ona görə də hazırda ciddi təzyiqlərə məruz qalıb. Biz keçən çağırışda qanunun Milli Məclisdə qəbul olunmasını gözləyirdik. Düşünürdük ki, yeni çağırış Milli Məclis qanunu qəbul edər. Amma, məsələni ümumiyyətlə, müzakirədən çıxardılar. “Ali təhsil haqqında" Qanunun qəbulu zəruridir. Ali təhsilin inkişafını istəyiriksə, mütləq şəkildə bu qanunu qəbul etməliyik. Hazırda bir çox məsələlər hüquqi bazada olan boşluqlara görə həllini tapa bilmir. Dediyim kimi, təəssüf ki, Mili Məclis məsələni müzakirədən çıxardı. Halbuki qanun hazırdır. Ən pis halda belə, biz onu qəbul etməliyik. Sonrakı mərhələdə təkmilləşmə aparıla bilər. Heç olmasa, qanunu qəbul etməsək də, Nazirlər Kabineti bır sıra qərarlar verməlidir. Amma o da gecikir. Prosesi siyasi məsələyə çeviriblər...

- Kamran müəllim, bu il ali məktəblərə daha çox abituriyent sənəd verib. Rəqabətin güclü olacağı deyilir. Ümumiyyətlə, ölkəmizdə ali təhsilli insanların sayını qaneedici hesab edirsiniz?

- Azərbaycanda ali təhsilli şəxslərin sayını artırmalıyıq. Çünki ali təhsilli insanların sayı çox deyil. Ölkədə hər 100 nəfərdən cəmi 17-si ali təhsillidir, yəni ölkə əhalisinin cəmi 17 faizi. Bu rəqəm dünyada qəbul edilmiş standartlardan aşağıdır. Ali məktəblərə qəbul imtahanları 1992-ci ildən keçirilsə də, o vaxtdan bu günə qədər cəmi 1 milyon insan bu prosesdə iştirak edib. Azərbaycanda iki nəsil təhsilli insanlar ümumi insanların cəmi 1 faizini təşkil edir. Bu, ciddi rəqəmdir.

- Yeri gəlmişkən, deyirsiniz ki, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlar təhsil sistemində deformasiya yaradır. Bu fikrinizi necə əsaslandıra bilərsiniz?

- DİM Azərbaycan təhsil sistemini məhv edib, öz məqsədindən uzaqlaşdırıb. Heç kim fikirləşməsin ki, biz DİM-i ləğv etsək, qəbul prosesində rüşvət olacaq. Kasıbın balası universitetə qəbul olmayacaq və s. Bu, primitiv yanaşmadır ki, insanların beyninə doldurublar. Sovet dövründə də ən yaxşı ixtisaslara kasıbın savadlı balaları daxil olurdu. Hazırda Azərbaycanda qəbul imtahanından sonra plan yerləri 65 minə çatacaq. 2010-cu ildə bu rəqəm cəmi 29 min idi. 100 faizdən artıq qalxıb. Bu müddət ərzində nə qədər yeni universitet açılıb? Nə qədər korpus tikilib? Nə qədər laboratoriya yaradılıb? Heç nə qədər. Hazırda keyfiyyəti yox, kəmiyyəti qaldırırıq. Bu gün ali məktəblərdən məzun olanların cəmi 42 faizi ixtisası üzrə işləyə bilir. Kefiyyət 50 faizin altındadır. Hər 10 nəfərdən cəmi 4-ü ixtisası üzrə işləyir. Yerdə qalan 6 nəfər işləmir. Çünki ali məktəblər Azərbaycanda əmək bazarının tələblərinə və müasir standartlara cavab verən kadr hazırlamır. Çünki DİM imtahana qədər o qədər yorur ki, daxil olduqdan sonra tələbələr oxumaq istəmir. Biz universitetə giriş qapısını açmalıyıq. Çıxış qapısını sıxmaq lazımdır ki, yaxşı mütəxəssis yetişdirmək mümkün olsun. 60 min daxil olur və hamısı da bitirir. O mütəxəssisləri əmək bazarına buraxmalıyıq ki, onların bilik və bacarıqları uyğundur.

WhatsApp_Skil_2025-04-16_saat_14-23-28_30bd416b

Bu gün təhsil sistemində islahat deyəndə heç də boş qanunların qəbulunu başa düşməməliyik. Təhsil ciddi məsələdir. Bu gün məktəb funksiyasını itirib. Uşaqları ancaq əzbərləmək üçün sıxırlar. Yüksək bal toplayanların böyük əksəriyyətinin danışıq qabiliyyəti aşağıdır. Çünki, çox kitab oxumurlar. Bütün günü testlərlə məşğul olurlar.

Biz bir tədqiqat apardıq. May və iyun ayında keçirilən imtahanlarda yüksək nəticə göstərən uşaqları avqustun sonunda imtahana cəlb etdik. Onlar may ayında göstərdikləri nəticənin 50 faizini əldə edə bilmədilər. Bu hal kütləvidir. Çünki onlarda genetik yaddaş, şüuraltı ancaq imtahan prosesinə yönəlib.

Bu gün DİM imtahan keçirdikdən sonra prosesdən kənar durmalıdır. Yerləşdirməni universitetlər özləri etməlidirlər. Nə üçün DİM universitetlərə tələb qoyur ki, 150 balla götür?

Məsələn, abituriyent riyaziyyatdan 0 bal toplayır, amma ümumi 200 bal toplayıb riyaziyyat müəllimi olur. İngils dilindən 0 bal topladığınız halda, ingilis dili müəllimi ola bilərsiniz.

Müəllimlik üçün kadrlar buraxırıq, onlar da sonradan MİQ-də iştirak etmək üçün müəllim yanına hazırlığa gedirlər. Bu nə deməkdir?

Müsahibə üçün təşəkkür edirik.

Aygün İbrahimli