Close

Xəzərin dibində iki batmış gəminin qalıqları qeydə alınıb - MÜSAHİBƏ

AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Xəzər arxeologiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Abbas Seyidov Xəzər dənizində aparılan tədqiqatlarla bağlı TNS-in suallarını cavablandırıb.

-Abbas müəllim, Azərbaycanda sualtı arxeoloji tədqiqatların tarixi nə vaxtdan başlayır və hansı zərurətdən yaranıb?

-Əlverişli coğrafi mövqeyinə görə Azərbaycanın yerləşdiyi ərazi əsrlər boyu Ön Asiya ilə Şimali Qafqaz, Mərkəzi Asiya ilə Kiçik Asiya arasında körpü rolunu oynayıb. Bu bölgə dəfələrlə böyük dövlətlər, imperiyalar arasında gedən müharibələr üçün döyüş meydanına çevrilib. Yaşayış yerləri dağıdılıb, əhali bir yerdən başqa yerə köçürülüb, təsərrüfat sahələri məhv edilib. Ərazimizdən Kür və Araz kimi iki böyük çay axır. Respublikanın şərq sərhədləri Xəzər dənizi ilə məhdudlaşır. Bir tərəfdən bu çayların vaxtaşırı daşması, digər tərəfdən Xəzər dənizində suyun səviyyəsinin enib-qalxması kimi proseslər nəticəsində baş verən təbii fəlakətlərdən asılı olaraq, onlarla şəhər, kənd, qəsəbə, nekropol (qəbiristanlıq) sular altında qalıb. Onların aşkara çıxarılması, öyrənilməsi institutumuzun qarşısında dayanan ən aktual problemlərdən biridir.

Azərbaycanda sualtı arxeoloji tədqiqatların başlamasından 87 il ötür. Xəzər dənizində tədqiqat işlərinin birinci mərhələsi 1938-1940-cı illəri əhatə edir. Bu işlər 1946 və 1962-ci ildə də davam edib. Əsasən, 1939-cu ildə Bakı şəhəri yaxınlığında yerləşən, “Bayıl qəsri” və ya “Səbail şəhəri” adlanan adada, həmçinin dənizin dibində arxeoloji tədqiqatlar aparılıb. Uzunluğu 140, eni 35 metr olan ada 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2-2 m) əhatələnib. Buradan tikinti qalıqları, gil qablar, dən daşı, Şirvanşah Gerşasbın (1203–1224-cü illər) adından kəsilmiş mis pul və digər artefaktlar aşkar olunub. Suyun altından 700-dən artıq üzəri yazılı daş çıxarılıb. Daşların üzərində ərəb dilində olan kitabəyə, insan, quş və heyvan təsvirləri olan Quran ayələrinə, qalanın 1234-35-ci illərdə tikilməsi tarixinə, müxtəlif şəhərlərin, sənətkarların və Şirvanşahların adlarına rast gəlinib. Suyun altında və adada aparılan arxeoloji tədqiqatlarla müəyyən edilib ki, qala divarları XII əsrin sonları-XIII əsrin əvvəllərində, Xəzər dənizində suyun səviyyəsinin aşağı olduğu dövrdə inşa edilib. Lakin XIV əsrin əvvəllərində tektonik dəyişikliklər (zəlzələ) nəticəsində qala divarları uçub tökülüb. Ada uzun müddət suyun altında qalıb. XVIII əsrin əvvəllərində - 1723-cü ildə dənizdə suyun səviyyəsinin azalması nəticəsində ada görünməyə başlayıb. Belə düşünürük ki, o dövrdə adada tikinti işlərinin yarımçıq qalmasına və adanın tərk olunmasına səbəb Xəzərdə suyun qalxması olub.

-Bir müddət dənizin dibində arxeoloji tədqiqat işləri dayandırlıb. Tədqiqatların ikinci mərhələsinə nə zaman başlanılıb?

-Xəzər dənizinin Azərbaycan sektoruna aid sahil zonalarında və dənizin dibində arxeoloji tədqiqat işlərinin aparılması bir neçə il dayansa da, XX əsrin 60-cı illərinin sonunda ikinci mərhələyə start verilib. O zaman Xəzər dənizinin sualtı tarixi-arxeoloji abidələrinin tədqiqi Azərbaycan Tarixi Muzeyinə həvalə olunub. “Sualtı qayıqlar qrupu”nun rəhbəri, dalğıc Viktor Kvaçidze sualtı arxeoloji tədqiqatlara başlayıb.

20 ildən artıq dövr ərzində (1968-1987) fasilələrlə Xəzər sahillərində və adalarda tədqiqatlar aparılaraq, 4000-dən artıq maddi-mədəniyyət qalığı aşkar edilib. Əsas işlər Şuvəlan burnunda, Gurgan burnu ilə üzbəüz Abşeron yarımadasının şərq hissəsində, Bakı buxtası və Səbail sualtı istehkamında, Salyan rayonu ərazisində Kürün qədim kanalı və Bəndovan burnunda həyata keçirilirb. Bəndovan burnu adlanan yerdə aparılan tədqiqat işlərini sualtı arxeologiya tarixinin mühüm mərhələsi hesab etmək olar. Burada iki yerdə IX-XIV əsrlərə aid xeyli sayda saxsı qablar müşahidə edilib. Həm suyun altında, həm də sahil zolağı boyu mədəni təbəqə və soba qalıqları, daş lövbərlər, metal məmulatları, gümüş və mis pullar aşkar olunub. Əvvəlcə bu şəhərtipli yaşayış məntəqələri şərti olaraq Bəndovan-1 və Bəndovan-2 adlandırılıb. Aralarında təxminən 20 km məsafə olan iki orta əsr yaşayış məskəninin sonralar batmış Gəştasbi və Muğan şəhərləri olduğu məlum olub. 1987-cı ilin ictimai-siyasi hadisələri ilə əlaqədar sualtı arxeoloji tədqiqat işləri dayandırılıb.

-Aparılan tədqiqatlar nəticəsində əldə olunan maddi-mədəniyyət nümunələri hansı maraqlı tarixi faktların aşkara çıxarılmasında rol oynayıb?

-Orta əsr mənbələrində Araz və Kür çaylarının arasında, Xəzər dənizinin sahilində mühüm ticarət limanları olan Gəştasbi vilayəti və şəhəri, həmçinin onun yaxınlığında yerləşən Mahmudabad şəhəri haqqında məlumatlar var. Belə qeyd olunur ki, Mahmudabad şəhərini monqol hökmdarı Mahmud Qazan xan (1295-1304) İslam dinini qəbul etdikdən sonra saldırıb və Hülakü xanın (1256-1265) dağıtdığı Gəştasbi vilayəti və şəhərinin əhalisini buraya köçürüb. İstər Gəştasbi, istərsə də Mahmudabad şəhərləri Azərbaycanın orta əsrlər tarixində rol oynayan böyük yaşayış məskənlərindən olublar. Bunu sübut edən faktlardan biri Azərbaycanın Bakı, Naxçıvan, Şamaxı, Bərdə, Gəncə və digər böyük şəhərlərində olduğu kimi, Gəştasbi (XIV əsr) və Mahmudabad (XIV–XV əsrlər) şəhərlərində də zərbxanaların yerləşməsi olub. Bu şəhərlərdə zərb edilmiş orta əsrlərə aid gümüş pullar AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda bu gün də qorunur. Gəştasbi və Mahmudabad gümüş pulları Xəzər dənizinin sularına qərq olmuş bu şəhərlərdən günümüzədək gəlib çatmış numizmatik yadigarlardır.

-Abbas müəllim, müstəqilliyimizdən sonra sualtı arxeoloji tədqiqatlar nə vaxtdan bərpa edilib?

-Sualtı arxeoloji tədqiqat işlərinin üçüncü mərhələsi arxeoloq İdris Əliyev tərəfindən 2008-ci ildə həyata keçirilib. Abşeron yarımadasında, mayakın yaxınlığında, Şəhri-Gürgan (Gürgan şəhəri) adlanan yerdən XI–XIII əsrlərə aid keramika nümunələri toplanılıb. Sahildən təxminən 500 metr məsafədə, suyun altında orta əsrlərə aid yaşayış yerinin qalıqları və qəbiristanlıq qeydə alınıb. Kəşfiyyat işləri Salyan rayonunun Şirvan Qoruğu ərazisində də aparılıb. Qədim Muğan şəhərinin xarabalığında IX-XIII əsrlərə aid şirli və şirsiz saxsı qırıqlarına rast gəlinib. Səngi-Muğan adasında IX-XI əsrlərdən rus-normanlar, XVII əsrdə Stepan Razinin dəniz quldurları (piratlar) yerləşib və burada çox sayda dəniz döyüşləri baş verib. Adanın cənub hissəsində gəmi lövbərlərinin, saxsı qab nümunələrinin qalıqları tapılıb. Sualtı arxeoloji tədqiqat işlərinin üçüncü mərhələsi elə həmin ildə də başa çatıb. Texniki avadanlıq, lazımi gəmilər, eləcə də, təlim keçmiş dalğıclar olmadığı üçün 2008-ci ildə müəyyən nailiyyətlər əldə edilsə də, işlər dayandırılıb.

Azərbaycan ərazisində sualtı arxeoloji tədqiqatların dördüncü mərhələsi 2022-ci ildən başlayır. Həmin ildə Kür çayında suyun səviyyəsi endiyi üçün bəzi sahilyanı ərazilərdə maddi-mədəniyyət qalıqları üzə çıxıb. Həmin vaxt mən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsində çalışırdım. Müvafiq əmrlərimlə arxeoloq Mikayıl Mustafayev 2022-ci ilin aprel-may və 2023-ci ilin mart aylarında Neftçala rayonunun Pirəbbə kəndi ərazisində küp qəbirlərin və Şorkənd kəndi ərazisində - çayın yataq hissəsindən dağılmış vəziyyətdə tapılan məişət qablarının araşdırılması ilə məşğul olub. Pirəbbə kəndinin şimal-qərb hissəsində, Kür çayının yatağında aşkar olunan küp qəbir suyun içərisindən qazılaraq çıxarılıb. Yaxınlıqda daha bir neçə küp qəbir də aşkarlanıb. Küplərdən birinin hündürlüyü təxminən 1,8 metr təşkil edib. Küp qəbirlərin içərisində saxsı qablar aşkarlanıb. Maddi-mədəniyyət nümunələrinin təhlili onların eramızın I-II əsrlərinə aid olduğunu göstərib. Məlum olub ki, o ərazidə Kür çayı boyunca küp qəbirlər nekropolu yerləşir. Qafqaz Albaniyası ərazisində “Küp qəbirlər mədəniyyəti” e.ə. IV-eramızın VIII əsrlərini əhatə edir.

Tapıntıların miqyası nəzərə alınaraq, 2023-cü ildə Xəzər dənizinin dibində və digər su hövzələrində sualtı arxeoloji tədqiqatların aparılması üçün AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda “Xəzər arxeologiyası” şöbəsi yaradılıb. 2024-cü ilin yayında mənim rəhbərliyim ilə Abşeron yarımadasının Xəzər rayonu ərazisində yerləşən Zirə və Pirallahı istiqamətində, həmçinin orta əsrlərə aid Şəhri-Gürganda 17 günlük arxeoloji kəşfiyyat işləri zamanı uğurlu nəticələr əldə edilib. Tədqiqatlar zamanı Xəzərin dibindən XII-XIV əsrlərə aid saxsı məmulatları və XIX əsrə aid iki batmış gəminin qalıqları qeydə alınıb. Bu işləri uzun illərin fasiləsindən sonra bir ilk kimi qəbul etmək olar.

-Abbas müəllim, tədqiqatların davam etdirilməsinə ehtiyac varmı? Ümumiyyətlə, işlərin aparılmasına mane olan amillər nələrdir?

-90 ilə yaxın müddət ərzində fasilələrlə Xəzər dənizinin Azərbaycan sektorunda sualtı arxeoloji tədqiqatlar nəticəsində sadaladığımız bir sıra müsbət işlərin görülməsinə baxmayaraq, Xəzər dənizinin dibinin tədqiq edilməsinə çox böyük ehtiyac var. XXI əsrdə Xəzər dənizinin yenidən reqressiyası (suyun çəkilməsi) nəticəsində sahil zonalarında tikinti qalıqları, maddi-mədəniyyət nümunələri, gəmiçilik tarixi ilə bağlı artefaktlar, batmış gəmilərin qalıqları müşahidə olunur. Dənizin dibində qalan nə qədər abidə, maddi-mədəniyyət nümunəsi öz tədqiqatçısını gözləyir. Texniki imkanların zəif olmasına baxmayaraq, (gəmi, dalğıc, ona məxsus geyim, hava balonu və s.), fürsətdən yararlanıb, sualtı arxeoloji tədqiqatları ilboyu davam etdirmək lazımdır. Xəzər dənizində istənilən zaman arxeoloji tədqiqatlar aparmaq mümkün deyil. Bunun üçün müvafiq təşkilatlarla əməkdaşlıq edilməli, onlara məxsus gəmilərdə quraşdırılan xüsusi avadanlıq, alət və cihazlardan istifadə olunmaqla, daha səmərəli sualtı arxeoloji tədqiqatlar aparılmalıdır.

-Müsahibə üçün təşəkkür edirik.



Aygün İbrahimli