Close

"4-5 adamın adını çəkə bilərəm ki, AMEA-nı İsa Həbibbəyli qədər idarə edə bilər" - MÜSAHİBƏ

Filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Əməkdar elm xadimi, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovun TNS-ə müsahibəsi

- Nizami müəllim, söhbətimizə AMEA-nın yubileyi ilə bağlı sualla başlamaq istəyirəm. Mart ayında AMEA-nın yaradılmasının 80 ili tamam olur. Nədənsə yubiley ab-havası hiss olunmur, sanki bir az sakitlik hökm sürür. AMEA-nın diqqətdən kənarda qaldığını düşünməyə əsas varmı?

- AMEA 1945-ci ilin mart ayında yaradılıb. Bu il fəaliyyətinin 80 ili tamam olur. Akademiyanın yubileyləri hər zaman keçirilib. Bununla bağlı narahatlığa əsas yoxdur. AMEA-nın müxtəlif yubileylərində çoxlu tədbir keçirilib, kitablar nəşr olunub, akademik elmin nümayəndələrinə mükafatlar verilib və s. Bu il də olacaq, problem görmürəm. Çünki AMEA dövlətin nəzarətindədir, dövlət əlindən nə gəlirsə, onu edir. Hətta bəzən imkanlarından da artıq xidmətlər göstərilir. Layihələrə get-gedə daha çox vəsait ayrılır, alimlərimiz xaricdən də qrant ala bilirlər. Müdafiə edən gənclər dərhal işlə təmin olunurlar. Düzdür, bu gün AMEA-ya kənardan işçi götürülmür, amma doktorantura sərbəstdir. Doktoranturanı bitirən gənc mütəxəssislər akademiyada çalışırlar. Eyni zamanda onların ali təhsil müəssisələrində çalışmalarına şərait yaradılır. Hazırda elmimizdə irəliləyiş çox yüksək olmasa da, hər halda mövcuddur. Alimlərimiz xaricdən olan həmkarları ilə birlikdə işləyəndə kifayət qədər yaxşı nəticələr göstərirlər. Bizim eksperimentlər aparılması üçün böyük laboratoriyaların fəaliyyətinə imkanımız yoxdur. Ona görə də həmin laboratoriyaların olduğu çox böyük elmi mərkəzlərlə əlaqələr saxlayırıq.

nc5

Maddi təminat olmadan yeni kadrlar yetişdirə bilmərik

- AMEA ilə bağlı son dövrlərdə aparılan islahatlar barəsində nələri deyə bilərsiniz? Akademiya fəaliyyətini indiki şəkildə davam etdirə biləcəkmi?

- AMEA son illərdə islahat dövrü keçirir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsilin idarə edilməsinin təkmilləşdirilməsinin bəzi məsələləri haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanına əsasən, Akademiyanın tərkibində fəaliyyət göstərmiş dəqiq və texniki elmləri, təbiət elmlərini əhatə edən elmi-tədqiqat institutları Elm və Təhsil Nazirliyinin tərkibinə daxil edilib. Bundan başqa, Akademiyanın tərkibində olan Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavid Muzeyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin idarəçiliyinə verilib. AMEA Humanitar və İctimai Elmlər bölmələrinin tabeliyində olan elmi-tədqiqat institutlarını, Milli Ensiklopediya Mərkəzini, Naxçıvan və Gəncə bölmələrini, Şəki, Lənkəran və Quba Elmi mərkəzlərini, Seysmologiya Mərkəzini, Mərkəzi Elmi Kitabxananı və “Elm” nəşriyyatını özündə birləşdirir.

İnstitutların Elm və Təhsil Nazirliyinin tərkibinə verilməsində məqsəd elmin tədris və təhsildən ayrılmamasını təmin etməkdir. Amma bir məsələ var ki, həm elmin, həm də təhsilin bir-biri ilə qovuşmayan tərəfləri də var. Akademik elm var ki, tədqiqatçı laboratoriyada illərlə tədqiqat aparır, prosesin hər bir mərhələsi ilə bağlı gənc nəslə məlumat verməyə ehtiyac duymur. Hətta elm adamlarına da bu barədə məlumat vermir. Çünki elmin müəyyən qədər sirr kimi saxlanılmalı tərəfləri də var. Təhsilin də elə mərhələləri var ki, elmin müəyyən bir səviyyəsi gənc nəslə tədris olunur. Artıq müəyyənləşmiş faktlar, elmi mülahizələr var ki, bunlardan istifadə olunur. 

AMEA yenə də mövcud olacaq, qalacaq və fəaliyyət göstərəcək. Dünyada da akademiyaların ən ciddi problemlərindən biri budur ki, bəzən həddindən artıq işçi qəbul olunur, amma gözlənilən elmi məhsuldarlıq olmur.

- Hazırda ölkədə elmin inkişafına mane olan hansı əsas problemləri vurğulamaq olar?

- Bu sahədə məsələlərdən biri elm adamlarının lazımi qədər təmin olunmamasıdır. Onların müəyyən maaş alması sosial hadisədir. Bu, hələ birbaşa elmə verilən töhfə deyil. Elm adamı insandır. O da maaş almalı, yaşamalı, ailəsini və özünü saxlamalıdır. Doğrudur, hazırda elmi tədqiqatlar üçün əlavə vəsaitlər var. Amma bu da hər adama verilmir. Bununla yanaşı, bütün dünyada olduğu kimi elm adamlarına, elmi tədqiqatlara yönələn ünvanlı kömək yalnız elmi tədqiqatla kifayətlənməməlidir. Çünki elmi tədqiqatın arxasında canlı insan dayanır. Onun işi bu gün səmərə verə, sabah verməyə bilər. Nəticədə maliyyə ala bilməz. Amma intellekt fizioloji varlıq deyil, daim diqqət mərkəzində olmalıdır. Deyək ki, ciddi bir elmi-tədqiqat işi ilə məşğulsan, amma bir neçə il gözlədiyin nəticə alınmır. Bundan ötrü intellekti məhv etmək olmaz ki...

Növbəti illər üçün qorumaq lazımdır. Bizdə bu qəbildən olan problemlər mövcuddur. Bunların bir hissəsini keçid dövrü ilə bağlayırıq.

Elm və təhsil naziri Emin Əmrullayevin Akademiyada olan görüşlərin birində dediyi fikri çox xoşuma gəldi: “Elmlə məşğul olan gənclərin maddi təminatını əvvəldən etmək lazımdır ki, elm meydana çıxısın”.

Yoxsa, biz gözləyirik, elmi tədqiqat müəyyən nəticə verir, o zaman maddi baxımdan təmin edirik. Halbuki elmi nəticə almazdan əvvəl pul vermək lazımdır. Lazımi şərait olmalıdır ki, elmi tədqiqatların məhsullarını bir neçə nəfərdən yox, bol-bol əldə edə bilək. Bu kimi məsələlər nazir səviyyəsində deyiləndə daha əhəmiyyətli olur. Səsləndirilən fikrin gerçəkləşməsinə ümidlər artır.

Bu gün ən mühüm məsələlərdən biri də alimlərimizin həm universitetlərdə, həm AMEA-da çalışmasıdır. Elm adamı ən azından universitetlərlə bağlı olmalıdır. Çünki universitet istehsalın birinci şərtidir. Bütün bu işləri həyata keçirmək isə ciddi iş və təcrübə tələb edir. Əsas məsələnin maddiyyat olduğunu deməzdim. Amma AMEA-nın inkişafı üçün maddi tərəfə hər zaman fikir vermək lazımdır. Elm bunu istəyir. Maddi təminat olmadan yeni kadrlar yetişdirə bilmərik. Maraq olmasa, yeni kadrları itirə bilərik. Əgər bizim çox ciddi formada elm yoluna çıxan, sürətlə fəlsəfə, elmlər doktorluğu müdafiə etmiş gəncliyimiz elmdən çox həvəslə istehsalata gedirsə, bu hal elmimiz üçün təhlükəlidir. Biz onun qarşısını ya yüksək maaşla, ya da istehsalatla elmin arasında lazımi münasibəti qurmaqla ala bilərik.

nc2

- AMEA, institutlarla bağlı islahatlar aparılır, mövcud vəziyyət keçid dövrü kimi xarakterizə olunur. İstər-istəməz illər keçir, qırılmalar yaranır. Sonradan yaranan boşluqları doldurmaq məsələsi də var. O baxımdan, hansı işləri vaxt itirmədən, konkret şəkildə müəyyənləşdirmək vacibdir?  

- Sabah Akademiyanın strukturu necə olacaq? Yəqin ki, onun da müzakirəsi gedir. Ən ideal variantlardan biri AMEA-nın bir növ elmin aristokratiyasının təmsil olunduğu bir məkan olmasıdır. Azərbaycanın elmi intellektual təfəkkürünü idarə edən müəyyən qurum halına gəlməsidir. Belə ki, həm tədqiqat aparıb, həm öyrənən nəsil daha çox universitetlərdə olsun. Əgər AMEA-nın özündə bütün sahələr təmsil olunacaqsa, onun da bir statusu müəyyənləşdirililməlidir.  

Biz AMEA-nın illik yığıncaqlarını çox rəsmi, quru və dəbdəbəli keçiririk. Ya illik toplantılarda, yaxud arada müzakirələr açılmalıdır və bu məsələlər dövlət qurumları ilə birlikdə aydınlaşdırılmalıdır. Məsələyə siyasi-ideoloji və elm adamlarının özünün münasibəti müəyyənləşməlidir. Təşkilatlanmanın tipi, xüsusiyyətləri müzakirə olunmalıdır. Bunlar ya Elm və Təhsil Nazirliyinin nəzdində, ya da Akademiyanın yanında müzakirə olunmalıdır. Hər halda bizim təsəvvürlərimiz o qədər də lazımi templə inkişaf etmir. Bu barədə çoxlu suallar var ki, onlara təkbaşına cavab vermək mümkün deyil. Nə qədər böyük alim olursansa ol, Akademiyanın taleyi barəsində təkbaşına bir qənaətə gələ bilməzsən. Hətta yalnız alimlər bir qənaətə gələ bilməzlər. Çünki burada çox ciddi maliyyə, idarəçilik məsələləri var. Dövlətin siyasəti, dünyada gedən proseslər var. Bunların hamısı birlikdə müzakirə olunmalıdır. Amma biz gözlədiyimiz məqsədə dərhal çatmaq barəsində düşünməsək də, hər halda məqsədin müəyyən konturları aydın olmalıdır. Gedəcəyimiz yolun ünvanı haqqında dumanlı şəkildə olsa da, təsəvvür olmalıdır.

Onu da deyim ki, bu gün bizim dil, ədəbiyyat, mədəniyyət sahəsində çox yaxşı, dünya miqyasında çalışa bilən mütəxəssislərimiz var. Azərbaycanın türkoloqları hər zaman dünyada tanınıblar. Bu gün də bizim çox ciddi türkoloqlarımız, dilçilərimiz, ədəbiyyatçılarımız var.

Hazırda tarixşünaslığımızda çox ciddi problemlər var. Elə məsələlər var ki, onlar həll olunmalı, bütün cəmiyyət miqyasında lazımi faktiki materialla təmin olunaraq, cəmiyyətə aydın prinsiplər verilməlidir. Məsələn, etnogenez problemi, dövlətçilik tariximiz, ərazi bütövlüyümüz - Azərbaycan xalqının etnik əraziləri ilə bağlı tarixşünaslığımız material verməlidir. Azərbaycanın bütövlüyünü təmin edəcək ideyaların mənbələrini verməli, buna hazır olmalıyıq. 

nc3

- Nizami müəllim, bəzən AMEA ilə bağlı çatışmazlıqlar, inkişafın istənilən səviyyədə olmaması rəhbərliklə əlaqələndirilir. Akademiyanın əvvəlki rəhbərliyi ilə bağlı da müəyyən narazılıqlar ifadə olunurdu. Sizcə, rəhbərliyin dəyişməsi vəziyyəti dəyişə bilərmi?

- Mən ona inanmıram. Məsələn, bu gün Akademiyanın rəhbəri akademik İsa Həbibbəyli təcrübəli, elmi təfəkkürü zəngin, iş qabiliyyəti kifayət qədər yüksək olan şəxsdir. AMEA-da elə bir təşkilati sistem olmalıdır ki, iş görmək mümkün olsun. İsa Həbibbəyli olmasın, deyək ki, hər hansı başqa biri, lap İsa müəllimdən bir az cavan, bir az daha enerjili, daha moderin biri olsun, amma o da bir iş görə bilməyəcək.

- Yeri gəlmişkən, Sizin AMEA rəhbərliyinə gətiriləcəyinizə dair fikirlər deyilir, yazılır...

- Deyərlər, yazarlar. Olur belə hallar. Bəzən adamın haqqında elə şeylər deyirlər ki, bu, bir az xoş da gəlir. Amma bu, prinsipial bir şey deyil. Əsas məsələ burada rəhbərin İsa Həbibbəyli, ya da Nizami Cəfərov olması deyil. Mən də 4-5 adamın adını çəkə bilərəm ki, Akademiyanı təxminən İsa Həbibbəyli qədər idarə edə bilər. Amma dediyim kimi, gərək ciddi alimlər, dövlətin bu sahəyə məsul qurumları toplaşıb birlikdə Akademiyanın taleyini müzakirə etsinlər.

Elə bu cürmü saxlayacağıq? Yaxud hansı istiqamətə gedirik? Yenə deyirəm, bu məsələni həll etmək, lap dahi də olsa, bir-iki nəfərin işi deyil. Təşkilatlanma mütləqdir.

İsa Həbibbəyli cəmi bir neçə ildir, AMEA-ya rəhbərlik edir. Kimsə prezident ola bilər, kiminsə haqqında deyərlər və s. Bunların heç biri Akademiyada gedən islahata təsir etmir. Təsir üçün daha ciddi münasibət lazımdır. Elm və təhsil məsələsində dövlətin iradəsi lazımdır. Azərbaycan Xalq Cümhuriyyəti olan kimi ölkəmizdə universitet açıldı. Deyək ki, ona qədər Azərbaycan xalqının fizika, kimya, riyaziyyat üzrə yaxşı mütəxəssisləri az idi. Amma humanitar sahədə var idi. Mirzə Fətəli Axundzadəyə Azərbaycanın həm ilk universiteti, həm də ilk akademiyası deyirik. Onun əlifba, fəlsəfə, idrak məsələləri, dramaturgiya, ədəbi tənqidlə bağlı gördüyü işlər bu günə qədər nümunədir. Universitet Azərbaycanda XVlll-XlX əsrdə də yarana bilərdi. Ona görə yaranmadı ki, dövlət yox idi. İndi də elmin inkişafı üçün birinci işi dövlət görür. Dövlət elm adamları ilə müzakirələr apara-apara planlaşdırır. Odur ki, biz şəxsi hisslər, münasibətlər üzərində çox düşünməməliyik. Alim şəxsiyyəti vacibdir, amma laboratoriyada, tədiqatda. Elmlə məşğul olmaq vacibdir. İdarəçilikdə alim şəxsiyyəti ikinci, hətta üçüncü dərəcəlidir. 

Yaxın gələcəkdə biz də fəlsəfə doktorluğu ilə kifayətlənəcəyik

- Doktorantura təhsilinin birpilləli sistemə keçirilməsi, hazırkı iki mərhələli (fəlsəfə doktoru və elmlər doktoru) sisteminin ləğv edilərək vahid doktorantura dərəcəsi ilə əvəz olunması da müzakirə mövzusudur. Sizin bu məsələyə münasibətiniz necədir?

- Dünyanın qazandığı təcrübə var. Bakalavr və magistratura sisteminə çoxdan keçmişik və işlərimiz normal gedir. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar kifayət qədər obyektivdir. Həmin seçimlə bizim tələbələrimiz dünyanın istənilən universitetində özlərini çox rahat hiss edirlər. Elmi ad məsələsinə gəlincə, əslində magistrlər də dissertasiya müdafiə edir və elmi ad alır. Ola bilsin ki, o, fəlsəfə doktorluğu müdafiə etməsin. Magistr yarı təhsil, yarı elm kimi götürülür. Magistrdən elmi tədqiqat işi aparan bir şəxs kimi istifadə edə bilərik və edirik. Bakalavrdan o qədər yox, çünki bu pillə istehsalçıdır, istehsalda olmalıdır. Magistrlər həm istehsalatda, həm də elmi müəssisədə çalışa bilər. Elə adamlar var ki, uzun illər magistr kimi qalır və elmə də müəyyən fayda gətirir. Dünyada fəlsəfə doktorluğu işi bir dəfə müdafiə olunur. Bizdə hələ də həm fəlsəfə, həm elmlər doktoru var. Yəqin ki, yaxın gələcəkdə biz də fəlsəfə doktorluğu ilə kifayətlənəcəyik. Bəzən deyirlər ki, hamı elmlər doktoru olacaq. Bu, belə deyil. Pillə fərqi dərhal bilinir. Fəlsəfə doktorluğundan sonra elmlər doktorluğunu müdafiə etmisənsə, sən ayrı bir pillədəsən. Sonra professorluq adı gəlir. Fəlsəfə doktorunun professor olması üçün çox böyük işlər görməyi lazımdır, amma elmlər doktoru artıq bu işləri görüb. Elmlər doktorunun professor olmasına bir pillə qalır, fəlsəfə doktorunun professor olması üçün xeyli görülməli işlər var.  

Proses bir müddət bu şəkildə davam edəcək. Bir mərhələdən sonra elmlər doktorları tarixin arxivinə veriləcək və fəlsəfə doktorlarının fəaliyyət miqyası genişlənəcək. Akademiklik məsələsi necə olacaq? Biz vaxtilə bu məsələləri müzakirə edəndə akademik İsa Həbibbəyli akademikliyi də elmdə bir mərhələ kimi təklif edirdi. Amma təbii ki, bu bir mərhələ deyil, bir növ fəxri addır. Elə ölkələr var ki, bu status dövlət başçısı tərəfindən verilir.

nc4

- Elm sahəsində problem olan məsələlərdən biri də elmi işlərin plagiat olma ehtimalı ilə bağlıdır. Bu problemin həlli ilə bağlı daha hansı yanaşmalara ehtiyac var?

- Biz elmi tədqiqatlarımızın səviyyəsinin yüksəlməsi üçün çox müxtəlif mərhələlərdə mübarizə aparmağa məcburuq. Bunların içərsində ən təhlükəlilərindən biri plagiatdır. Hələ də Ali Attestasiya Komissiyasında məcburiyyətdən plagiata çox diqqət ayrılır. İşlər ayrıca texniki vasitələrlə yoxlanılır. Amma bu da hamısı deyil. Bir mətnin başqa bir mətndən köçürülməsini texnika yoxlayıb tapa bilər. Amma fikir, ideya plagiatlığı da var. Sözlər, cümlələr dəyişdirilir. Maşın onu tapa bilmir. Bunu Müdafiə Şurası tapmalıdır. Müdafiə zamanı dissertanta qulaq asan Elmi Şura üzvləri tapmalıdır. Biz dissertantın əsərini oxuyanda onun yenilik gətirib-gətirmədiyini də bilməliyik. Amma bu gün biz bütün qüvvəmizi həmin insanın köçürüb-köçürmədiyini aydınlaşdırmağa sərf edirik. AAK-nın tarixi xidmətlərindən biridir ki, son vaxtlar müdafiə edənlər artıq plagiatdan çəkinirlər. Çünki çox açıq şəkildə bu işin ortaya qoyulduğunu bilirlər. Özünü elm adamı adlandıran şəxs üçün işinin köçürmə olduğunun deyilməsi təhlükəlidir. 

Problemlərdən biri də odur ki, dissertasiya mövzusu verirlər və bir müddət sonra iddiaçı heç nə deyə bilmədiyini, yaxud hazırladığı mövzunun vaxtilə deyildiyini görür. İşinin mövzusunu dəyişməyə məcbur qalır. Ona görə də doktoranturaya daxil olan şəxsə dərhal mövzu verilməsə, daha yaxşı olar. Bəlkə bir il başqa işlə məşğul olsun. Çünki çox adam mövzusunu dəyişə bilmir. Fikirləşir, mövzu daxilində gücünü sərf edir, amma alınan nəticələr heç iddiaçının da ürəyincə olmur. Sadəcə olaraq, daxil olduğu çərçivədə qalır. Bu da nəticədə elmimizə problem yaradır. Hər hansı bir rəsmi sənədin, təklif və ya tələbin əsasında elmi əsər meydana çıxmır. Amma elmi əsərin meydana çıxması üçün sosial, ictimai-mənəvi şərait yaradılır. Başqa cür mümkün deyil.

Uşaqlarımızı rus bölməsinə rusdilli olmaları üçün göndərmirik...

- Nizami müəllim, rus bölməsində “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisi valideynlər tərəfindən narazılıqla qarşılanır, hətta bununla bağlı məhkəməyə müraciət edənlər var. Yaxın vaxtlarda ədəbiyyat fənninin də Azərbaycan dilində tədrisi planlaşdırılır. Sizin bu məsələdə fikriniz necədir. Necə tənzimlənməlidir bu proses?

- Bizim dövlət dilimiz Azərbaycan dilidir. Mən Azərbaycan dili, türkologiya üzrə mütəxəssisəm. Əgər rus dilini bilməsəydim, Azərbaycan dili, türkologiya üzrə mütəxəssis ola bilməzdim. Rus dilində danışmamağa çalışıram.

Bəzən danışmağa məcbur olanda çox aksentlə danışıram. Bu aksenti aradan qaldıra bilərdim. Amma mənim üçün maraqlı deyil. İngilis dilində də elmi ədəbiyyatı, dilçilik ədəbiyyatını və s. oxuyuram. Müəyyən səviyyədə anlayıram və istifadə edirəm. Amma bu dillər mənim ana dilim yox, elm dilimdir. Azərbaycanda rus bölməsi bizim üçün ona görə lazımdır ki, Azərbaycan dili ilə yanşı, elmi öyrənmək üçün alternativ bir dilimiz də olsun. Çünki biz Azərbaycandan kənara çıxanda, təhsilimizi xarici ölkələrdə inkişaf etdirəndə hər hansı xarici dildən istifadə edəcəyik. Bizim ingilis, rus dillərindən istifadə etməyimiz elmi öyrənmək üçündür. Hətta bizim rus bölməsində oxuyan uşaqlar ingilis dilini də öyrənirlər ki, riyaziyyat, fizika, kimya üzrə beynəlxalq olimpiadalarda iştirak edə bilsinlər. Həm də adı keçən elmlərlə bağlı materiallar həmin dillərdə daha zəngindir. Amma yaxşı olar ki, Azərbaycanın ədəbiyyatı, tarixi Azərbaycan dilində keçirilsin. Çünki bu uşaqlar onsuz da azərbaycandillidir. Onların bir hissəsi orta məktəbi bitirdikdən sonra da rus dilində yaxşı danışa bilmirlər. Yaxşı danışmaqları müsbət hal olar. Amma bununla yanaşı, uşaqlar rus bölməsinə ona görə getmir ki, Azərbaycan dilini, azərbaycanlı olduqlarını unudub, rus olsunlar. Ona görə gedirlər ki, rus dilinin indi verdiyi mədəni imkanlardan istifadə etsinlər. Təsəvvür edin ki, uşaqlar orta məktəbdə Məhəmməd Füzulini rus dilində keçir...

Azərbaycan tarixinin spesifik terminologiyalarını öz dilimizdə olduğu kimi öyrənsələr, daha yaxşı olmazmı? Bu dərslərin Azərbaycan dilində keçirilməsi valideynlərdə narahatlıq yaratmamalıdır. Onlar uşaqların dövlət dili səviyyəsində Ana dilini bilməsində maraqlı olmalıdırlar. Gələcəkdə rus bölməsini bitirən övladlarımızın neçə faizi xaricə gedəcək? Onların 90 faizi ölkədə qalacaq, yüksək vəzifələrdə işləmək istəyəcəklər. Azərbaycan dilini, ədəbiyyatını, tarixini rus dilində öyrənmiş bir adam Azərbaycanda necə işləyəcək? Valideynlər bu amilləri də nəzərə almalıdırlar.

nc1

Dil məsələsi təkcə elm üçün deyil, burda mənəviyyat məsələsi də var. Fizika, kimya kimi fənnləri başqa dillərdə də öyrənmək olar. Çünki Azərbaycan dilində hələ o dərəcədə material yoxdur ki, o sahə üzrə mütəxəssis olmağa kömək etsin. Amma Azərbaycan dili, ədəbiyyatı, tarixini rus dilində, ya ingilis dilində öyrənə bilməzsən. Bunların materialı Azərbaycancadır, həm də bir mənəviyyat amilidir. Valideynlər düşünür ki, Füzulini, ya Vaqifi Azərbaycan dilində öyrənmək çətindir, rus dilində asan? Bu, artıq məsuliyyətsizlik, məsələnin mahiyyətinə getmək istəməməkdir. Qoy, uşaqlar bir az aşağı qiymət alsınlar. Amma mətləblə məşğul olsunlar. Sovet dövründə rus bölməsində oxuyan uşaqlar Azərbaycan dilindən, Azərbaycan bölməsində oxuyan uşaqlar rus dilindən qaçırdılar. Proqram isə öz yerində qalırdı. Bu, artıq özünü aldatmaqdır. Valideynlər bir az düşünsələr, görərlər ki, o dərslər Azərbaycan dilində keçilməlidir. Uşaqların Azərbaycan dilini Ana dili kimi bilməyi ayrı bir statusdur. Biz uşaqları rus bölməsinə ona görə vermirik ki, onlar rusdilli olsunlar. Dediyim kimi, ona görə veririk ki, rus dilində olan zəngin elmi materialdan istifadə edə bilək. İngilis dilində də həmçinin. Elmin dili başqa, mənəviyyatımızın, ruhumuzun dili olan Ana dili başqa.

- Azərbaycan dilində mənbələrin kifayət qədər olması üçün ciddi işlər aparılırmı?

 - İndi proses gedir. Rus dilində elmi ədəbiyyat əsrlərdir ki, yığılıb. Azərbaycana da bu mənbənin yığılması üçün vaxt vermək lazımdır. Türk dünyası ilə əlaqələrimiz bizə yeni informasiyalar gətirəcək. Birdən-birə rus dilindən imtina edib yalnız Azərbaycan dilinə keçmək də düzgün deyil. Eyni zamanda, Azərbaycan dilini buraxıb rus, ya ingilis dilli düşüncə ilə də olmaz. Ən ideal variant budur ki, balanslaşdırma ilə proses getsin. İndi rus, ingilis dilində olan mənbələrlə yanaşı, türk dilində olan mənbələrdən də istifadə etmək olur. Universitetlərdə Azərbaycan dilçiliyi, Türkologiya, ümumi dilçilik sahələrində, eləcə də bir çox sahələrdə Türkiyə mənbələri xeyli artıb. Ona görə ki, Türkiyə türkcəsinə son illərdə çoxlu sayda ədəbiyyat tərcümə olunub.    

Məsələn, biz əvvəllər böyük tarixi əsərləri, Platonu, Aristoteli rus dilində oxuyurduq. İndi türkcə çox gözəl tərcümələr var. Zərdüştün “Avesta”sının türkcə çox gözəl tərcüməsi var. Fundamental kitabların yaxşı türkcə tərcümələri var ki, onlardan istifadə edirik.

Türkiyə türkcəsinin bütün türk dillərini əvəz etməsi mümkün deyil

- Nizami müəllim, son günlərdə müzakirə olunan məsələlərdən biri də Türkiyə türkcəsinin dilimizə rus dilindən daha çox təhlükə yaratması ilə bağlıdır. Bu fikir reallığı nə qədər əks etdirir?

- Türk dili bizim dilimizə yaxın bir dildir. Ona görə bu dilin təsirini daha çox hiss edirik və etməliyik. Amma bununla yanaşı, Azərbaycan dili artıq XVll əsrdən müstəqil dildir. Türkiyə türkcəsi ilə təxminən həmin əsrdə ayrılıb. Biz Azərbaycan dilini heç bir dilə güzəştə getmək fikrində deyilik. Hətta biz belə bir fikrə düşsək də bu, mümkün deyil. Çünki türk dilləri bir-birindən ayrılıb. Hər kəsin dili də özü üçün əzizdir. Amma türk dilləri arasında ortaq bir ünsiyyət vasitəsi kimi Türkiyə türkcəsindən istifadə olunmağa başlayıb. Türkiyə türkcəsini qazaxlar, qırğızlar, özbəklər də öyrənirlər. Hələ mən müstəqil dövlətləri olan türk xalqlarını sadaladım. Türkiyənin televiziyaları, universitetləri çoxdur. İmkanları daha genişdir. Bütün bu imkanlar da Türkiyə türkcəsini ortaq dil kimi işlətmək imkanı yaradır. Amma, nə zamansa Türkiyə türkcəsinin bütün türk dillərini əvəz etməsi mümkün deyil. Qarşılıqlı əlaqələr olacaq. Bugün-sabah Azərbaycan dilinə yalnız Türkiyə türkcəsindən yox, türkməncədən, özbəkcədən, qazax və digər türk dillərindən də sözlər keçəcək. Dil məsələsi ruhun nəzarətində olan prosesdir. Bu xalqların özlərinin müstəqil ruhu var. Böyük dilçi Vilhelm Humboldt yazırdı: "Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir”. Artıq bu dil formalaşıbsa, onu hər hansı başqa bir dil əvəz edə bilməz. Ruh formalaşdısa, ona hər hansı başqa bir ruh təzyiq göstərə bilməz. Göstərsə də, əhəmiyyəti olmaz.

25-ə qədər türk dili mövcuddur. Hələlik, bu gün Türkiyə türkcəsi ortaq dil olmaq iddiasındadır. Biz həm də dünyanın tərkib hissəsiyik. Bu gün keçmiş sovet məkanında olan türklər arasında rus dili də rol oynayır. Eyni zamanda, ingilis dili də bütün dünyada ortaq ünsiyyət rolunu oynayır. Türk dövlətlərinin nümayəndələri beynəlxalq təşkilatlarda ingilis dilində ünsiyyət saxlayırlar. Yəni, bunların hamısını nəzərə almaq lazımdır.

- Müsahibəyə görə təşəkkür edirəm!

Aygün İbrahimli