İngilis dili müəlliminin inanılmaz bacarıqları - Tikir, çəkir, ifa edir... - MÜSAHİBƏ

Ah bu xanımlar, xanımlar!
Onlar təkcə incə deyil, həm də incidirlər. Deyirəm, gəzəsən, bütün ölkələri, bir-bir tapasan o inciləri, çıxarasan üzə...
Onların daha nələr bacardığını göstərmək üçün öz biznesini qurmuş xanımın görünməyən və ya göstərilməyən tərəflərini sizə təqdim edirik.
Müsahibimiz Dilbər Calalovadır.
- Dilbər xanım, əvvəlcə sizi tanıyaq.
- Mən Calalova Dilbər Şükür qızı, 1992-ci il oktyabrın 5-də Bərdə rayonunda anadan olmuşam. Gəncə Dövlət Universitetini bitirmişəm. İxtisasım ingilis dili müəllimliyidir. Ancaq hazırda əl işləriylə məşğulam, yəni, bu, mənim hobbimdir. Bu sahədə isə heç bir təhsilim yoxdur.
- Bu həvəs necə yarandı? Nə vaxtdan bu işlə məşğul olmağa başladınız?
- Uşaqlıqdan həvəsim olub. İlk dəfə paltodan pişik tikmişəm, hətta anam hələ də onu saxlayır. Düzdür, indi uşaqlıq işimə baxanda gülməli gəlir, amma əl işlərimin satışı 1 il yarımdır.
- Başqa hansı bacarıqlarınız var?
- Bu iş elədir ki, həm rəssam olmalısan, həm dərzi, həm də yaradıcı. Rəssamlığı gözəl bacarıram. 7-ci sinifdə məktəb üzrə 1-ci yeri qazanmışdım. 7 illik musiqi təhsilim var, pianinoda gözəl mahnılar da ifa edə bilirəm. Dərzilik də az-çox əlimdən gəlir.
- Bildiyimə görə, ailəlisiniz, övladlarınız da var. Necə çatdırırsınız?
- Bəli, iki qızım var.
- Allah saxlasın!
- Allah bütün balaları saxlasın. Böyük qızımın 3, balaca qızımın 2 yaşı var. "Asandır", - desəm, yalan olar, uşaqla çox çətindir, birtəhər çatdırıram. Amma inanın ki, bütün günümü onlara da ayırıram.
- Çalışmaq istədiyiniz iş var? Yoxsa bu, sizi qane edir?
- Xeyr, bu, sadəcə hobbidir. Tədricən işə çevrilib. Aldığım ali təhsil üzrə işləyirəm - ingilis dili. Təbii ki, bu işlə də məşğul olacağam.
- Əl işlərinizdən necə gəlir əldə edirsiniz?
- Sosial şəbəkələrdə - “Instagram” və “Facebook”da səhifələrim var. Şükür, qazanc olur.
- İşinizin çətinliyi nədədir?
- Şükür, elə çətinlik yoxdur. Sadəcə pis tərəfi odur ki, alıcı qüvvəsi az olduğu üçün məcbur qiyməti aşağı veririk. Yəni, bizdə əl işinə qiymət verən çox azdır. Əl işini 25 manata satırıq, amma başı çıxan adam baxan kimi görür ki, həmin əl işinin üzərində nə qədər incə işlər var. "ABAD"da üzv olmaq istəyirəm, mesaj yazmışam, görək nə cavab verəcəklər. Gözləyirəm.
- Hansısa qurumdan, təşkilatdan dəstək almısınız? İstər maddi, istər təşkilati.
- Xeyr.
- Bəs, əl işləriniz nümayiş olunub?
- Bəli. “Atashgah Art Center”də, “ISR Plaza”da, bu yaxınlarda da “BakuMall”da təşkil olunmuş sərgilərdə mənim də əl işlərim nümayiş olunub. Sərgilər olsa, yenə iştirak edəcəyəm, inşallah!
- Bu işlə məşğul olanlardan izlədiyiniz varmı? Oxuculara kimləri tövsiyyə edirsiniz?
- Sərgilər sayəsində əl işi ilə məşğul olan zəhmətkeş xanımlarla tanış olmuşam və bir-birimizin səhifələrini izləyirik.
- Xanımlara sözünüz varmı?
- Təhsilsiz xanımlar da istəsələr, hansısa işlə məşğul ola bilərlər. Mən öz övladlarım üçün belə işlər tikdim, sonra satmağa başladım. Kimsə desəydi ki, gələcəkdə bu məşğuliyyəti işə çevirəcəksən, sadəcə gülərdim. Çünki ingilis dili üzrə təhsil alırdım.
Əslində hər kəsdə istedad var, gərək onu üzə çıxarasan.
- Dilbər xanım, təşəkkür edirəm, uğurlar sizə!
- Mən təşəkkür edirəm, çox sağ olun!
Azadə Yolçu