Close

18:27
10 Mart 2025

Krediti vaxtında ödəməyənlər həbs edilə bilər? - Məhkəmə bu hallarda vətəndaşın xeyrinə qərar verir - MÜSAHİBƏ

Götürülən kreditlərin heç də hamısı vaxtında qaytarılmır. Ödəmələr gecikəndə isə tərəflər arasında problem yaranır, iş məhkəməyə qədər gedir. Belə vəziyyətdə bank həmin şəxsə qarşı hansı tədbirləri görə bilər? Ümumiyyətlə, bu məsələlər hüquqi çərçivədə necə tənzimlənir?

Mövzu ilə bağlı TNS-in sualları hüquqşünas, ekspert Əkrəm Həsənov cavablandırıb.

- Həm kredit götürən vətəndaşlar, həm də kredit verən maliyyə təşkilatları ciddi problemlərlə üzləşirlər. Bu məsələnin həllini nədə görürsünüz?

- Harada kredit varsa, orada həmişə problemli kreditlər mövcud olur. Mübahisələr əsasən, ona görə baş verir ki, kredit götürən şəxslərin sonradan maliyyə vəziyyəti pisləşir. Tutalım, işsiz qalırlar, yaxud əməkhaqqı azalır, digər maddi problem yaşayırlar. Bu səbəbədən də xərcləri artdığına görə krediti ödəyə bilmirlər. Krediti götürən sahibkardırsa, bu halda ola bilər ki, onun biznesi uğursuz olsun, yaxud iflas etsin. Bu iki hal daha geniş yayılıb. Bunun həlli yolu da bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) krediti verərkən diqqətli olmalarıdır. Düzdür, belə riskləri öncədən nəzərə almaq onlar üçün də çətindir. Çünki onların əsas qazancı buradan olduğuna görə çalışırlar ki, daha çox kredit versinlər. Ona görə də bu problem dünyanın hər yerində var. 

- Qeyd etdiyiniz kimi, kredit götürən şəxslər bir müddətdən sonra problem yaşayırlar. Nəticədə tərəflər arasında ciddi qarşıdurma yaşanır. Bu qarşıdurma nə zaman məhkəmə çəkişmələrinə səbəb ola bilər?

- Bir qayda olaraq, kredit ödənilməyəndə bank, yaxud BOKT kredit götürən şəxsi məhkəməyə verir. Məhkəmə də iddiaları təmin edərək götürülən məbləğin qaytarılması tələbini qoyur. Zamin varsa, bu məbləğ ondan tələb edilir, girov varsa, əmlakı məhkəmə qərarı ilə hərraca çıxarırlar. Satış yolu ilə borc bağlanılır.

- Kredit götürən vətəndaşlara hansı halda güzəştlər tətbiq edilir?

- Bununla bağlı qanunda hər hansı tələb yoxdur ki, kiməsə güzəşt olunsun. Lakin banklar hesab etsələr ki, güzəşt lazımdır, o halda edirlər. Yəni, vətəndaşın mövcud vəziyyətinə baxıb əlavə vaxt verə də bilərlər, verməyə də.

- Qanunvericilikdə belə problemlər necə tənzimlənir və hansı prosedurlar həyata keçirilir?

- Borcalan fiziki şəxsdirsə, kredit verənin 1 il, borcalan sahibkardırsa, kredit verənin 3 il vaxtı var. Yəni, bu vaxt ərzində bank, yaxud bank olmayan kredit təşkilatları borc öhdəliyi olanı məhkəməyə verib, pulunu tələb edə bilər.

Lakin vətəndaşın heç bir gəliri yoxdursa, təbii ki, ona qarşı heç nə etmək olmaz.

- Hazırda Azərbaycanda hansı banklar və ya şirkətlər bu problemlə daha çox üz-üzə qalıb?

- Adətən, vətəndaşlarla çox işləyən banklar bu problemlərlə daha çox üz-üzə qalır. Lakin bütün banklarda bu problem var. İndi konkret ad çəkmək istəməzdim, çünki bu, həm reklam, həm də antireklam kimi çıxar. Amma bütün bankların belə problemi var. Sadəcə, məsələ budur ki, kiçik və orta banklar bu problemləri daha ağır yaşayırlar. Çünki onların əlində inzibati resurs yoxdur. Böyük banklar isə inzibati resursa sahibdir. 

- Gecikmə olduğu zaman kredit götürən şəxslərin ailə üzvlərinə, qohumlarına, tanışlarına zəng edilir. Lakin şəxs bu əlaqə vasitələrini banka, yaxud şirkətə təqdim etməyib. Bu, necə baş verir və hüquqi əsası varmı? Bu hal daha çox BOKT-larda baş verir...

- Bank sirri deyilən anlayış var. Yəni, mən kredit götürmüşəmsə, bu, sirdir. Əgər mən özüm bu şəxslərin adını verməmişəmsə, bu barədə mənim ailəmə, qohumlarıma, tanışlarıma, iş yerimə məlumat verilə bilməz. Bu halda vətəndaş bankı, yaxud bank olmayan kredit təşkilatını məhkəməyə verib, ona vurulan mənəvi zərərin əvəzini tələb edə bilər. Bu, bank sirrini başqa şəxsə vermək deməkdir. Belə məhkəmə təcrübələri də olub. Məhkəmələr borclu vətəndaşın xeyrinə olaraq mənəvi zərərin ödənilməsini bankdan tələb ediblər.

Azadə Yolçu