Stress sizi bloklaya bilər: imtahanda bunu etmək yolverilməzdir - MÜSAHİBƏ

Buraxılış imtahanları başlayır. Martın 2-də 11-ci siniflər üçün buraxılış imtahanı keçiriləcək və növbəti tarixlərdə mərhələli şəkildə davam edəcək.
Bu dönəmlərdə vacib məqamlardan biri də imtahan gərginliyindən, stressindən uzaq olmaqdır. İmtahan gərginliyindən uzaq qalmaq üçün uşaqlarla yanaşı, onların valideynlərinin, müəllimlərinin də üzərinə müəyyən məsuliyyət və öhdəliklər düşür.
Mövzu ilə bağlı TNS-in suallarını Bakı Şəhəri üzrə Təhsil İdarəsinin psixoloqu Aysel Novruzova cavablandırıb.
- Aysel xanım, imtahanlar yaxınlaşır. Şagirdlər imtahandan əvvəl müəyyən gərginlik, stres yaşaya bilir. Stress və həyəcanla bağlı ilk növbədə nələr yadda saxlanılmalıdır?
- İlk növbədə bilməliyik ki, stres və həyəcan bizim düşmənimiz deyil. Əksinə, bizi hərəkətə gətirən, motivasiya edən ən təbii reaksiyadır. Sadəcə, bu amili düzgün idarə etməyi bacarmaq lazımdır. Tamamilə həyəcansız olmaq da doğru deyil. Əgər belədirsə, bu, imtahanın bizim üçün vacib olmadığını göstərə bilər. Həddindən artıq stres isə bizi bloklaya bilir. Buna görə də stresi, gərginliyi düzgün idarə etməyi bacarmaq lazımdır. Gərginliyi, həyəcanı hiss etdikdə bunu beynimizə mənfi hal kimi ötürməyək. Düşünək ki, adrenalin gəlib və biz bunu necə idarə edə, azalda bilərik?
İlk növbədə planlı hərəkət etmək vacibdir.
Yatmaq, qidalanmaq, istirahət etmək kimi rituallarımızın planlı şəkildə olmasına diqqət etməliyik.
- İmtahana iki-üç gün qalmış və imtahan günü nələrə diqqət olunmalıdır?
- Son günlərdə gecə yuxusuna daha çox diqqət olunmalıdır. Çünki yuxusuz beyin insanı çətin vəziyyətə sala bilər. İmtahana ac getməmək, eyni zamanda ağır yeməklər də yemək olmaz. Yüngül səhər yeməyi beynimizin daha yaxşı işləməsinə kömək edir.
Deyək ki, riyaziyyatdan hansısa bir tapşırığı həll edərkən, çətinlik çəkirik. Onun üzərində durmaq yerinə, bir müddətlik həmin tapşırığı kənara qoymaq, ən yaxşı bildiyimiz fəndən bir tapşırıq yerinə yetirmək olar. Çünki bildiyi mövzuda işlədikcə insanın özünə inamı gəlir və çətin məsələyə keçəndə həlli daha rahat olur. Şagirdlər özlərinə tez-tez “mən bacaracağam, məndə alınacaq”, - kimi ifadələrlə təlqin etsinlər. Qulağımıza pıçıldadığımız sözləri seçərək, istifadə etməliyik . “Mən bilirəm, çalışmışam, bunu edə bilərəm”, - kimi müsbət fikirlər insanı rahatlandırır. Əgər həqiqətən də öyrənməyə vaxt sərf etmişiksə, biliyimizə əminliyimiz varsa, bu sözləri də özümüzdən əsirgəməyək. İmtahanı gözdə böyütmək olmaz. Həyatımızda müxtəlif mərhələlərdən keçirik. İmtahan da növbəti mərhələlərdən biridir. Əgər hər mərhələdə bu qədər həyəcan və stress keçirsək, həyatımız daim gərgin, problemli olar.
- İmtahan vaxtı daha rahat işləmək üçün nələri tövsiyə edə bilərsiniz?
- Əvvəlcə onu demək istəyirəm ki, imtahan keçiriləcək məkana, məktəbə bir gün öncədən getmək, izn almaq mümkün olarsa, otaqlara baxmaq prosesə müsbət təsir göstərər. Çünki insan ilk dəfə getdiyi yerdə həyəcan yaşaya, uyğunlaşma uzun çəkə bilər. Ona görə də imtahan keçiriləcək məkana öncədən getmək tövsiyə olunur. İmtahan günü yeni alınan geyimi və ayaqqabını geyinmək məsləhət deyil. Çünki həmin geyimin bizə rahatlıq hissi verib-vermədiyini hələ tam bilmirik. Ayaqqabının yaradacağı narahatlıq imtahanda əlavə problem ola bilər.
Test suallarının ilkində bilmədikləri sual olarsa, qətiyyən təşvişə düşmək olmaz. Öncə daha rahat suallardan başlamaq olar.
- Valideynlər nələrə diqqət etməlidir?
- Ən vacibi imtahandan öncə və sonra uşaqlara təzyiq etməməkdir. Uşağa “bu qədər bal yığsan, nəticə nə olacaq?” - kimi sualların yerinə, gözlədiyimiz balı yığa bilməyəcəkləri halda, nə olacağını da başa salmalıyıq. Müqayisədən uzaq durmaq lazımdır. Valideynlər nəzarət yerinə, dəstək olmalıdır. Məsələn, “dərs oxu”, - demək yerinə, hansı mövzularda çətinlik çəkdiyini soruşmaq, birgə həll variantı təklif etmək olar. Valideynlər son günlərdə komanda verməyi azaltsa, yaxşı olar. Evdə uşaqların dərs oxuması üçün rahat və sakit mühit yaradılmalıdır. Evin ümumi mühitini stressiz saxlamaq lazımdır. İmtahan ərəfəsində qonaq getməyi, qonaq qarşılamağı tamamilə aradan qaldırmaq yaxşı olar. Ailədə mübahisə, çox get-gəl, mənasız məlumat axını çox tövsiyə olunmur. Uşaqların sağlam qidalanmasına, yuxu rejiminə dəstək olsunlar.
Ən əsası uğura deyil, uşağın göstərdiyi səyə dəyər verməkdir. Nəticənin nə olmasından asılı olmayaraq, uşağın zəhməti hər zaman qiymətləndirilməlidir. Nəticənin istənilən kimi olmamasını dünyanın sonu kimi təqdim etmək yanlışdır. Övladların valideynlərin dəstək və sevgisinə hər zaman ehtiyacı var. Valideynlər imtahan günü onları sakitləşdirsin. “Biz səni sevirik və nəticədən asılı olmayaraq yanındayıq”, - kimi övladların ən çox eşitmək istədiyi sözləri demək tövsiyə olunur. Valideynlər onların güvən yeri olsun ki, onlar da uğura daha rahat irəliləyə bilsinlər.
Sonda şagirdlərə demək istərdim ki, ən vacib qayda özünə güvənməkdir. Həyatımız tək bir imtahanla müəyyən olunmur. Dəyərimizin qiymətlərlə ölçülmədiyini unutmayaq. İmtahanlarda hər kəsə uğurlar arzulayıram.
Aygün İbrahimli