Close

Anası ilə bacısını güllələyib, atasını yandırdılar - Girov saxlanılan qızın 33 illik faciəsi... - MÜSAHİBƏ

Fevralın 26-da XX əsrdə bəşəriyyətə qarşı ən dəhşətli hadisələrdən olan Xocalı soyqırımının 33 ili tamam olur.

Soyqırımı zamanı zərərçəkənlərdən biri də Xəzangül Əmirovadır. 8 yaşında faciənin şahidi olan Xəzangülün indi 41 yaşı var, Bakıda yaşayır. Ailəlidir, 15 yaşında oğlu var. Qardaşı Vüsal polis əməkdaşıdır. Sağ qalan bacısı da ailəlidir, 2 övladı var.

Xəzangül Əmirovanın TNS-ə müsahibəsini təqdim edirik:

- Xəzangül xanım, Sizin üçün ağır olsa da, həmin günü necə xatırlayırsınız?

- Həmin vaxt 8 yaşım vardı. Gözümün qabağında anamla bacımı güllələdilər, atamı isə diri-diri yandırdılar. Danışmaq çox çətindir, həmin gün kaş mən ölərdim...

- Siz atanızla girov götürülmüşdünüz...

- Bəli. Atamla məni girov götürmüşdülər. Digər xocalılılar kimi biz də girov saxlanılırdıq. Ac-susuz idik, soyuqdan tir-tir əsirdik. Kişilər və qadınlar ayrı yerlərdə saxlanılırdı deyə, atamı görə bilmirdim. Qəfildən bir erməni əsgər qapını açdı. Ona dedim ki, məni atamın yanına aparsın. Aparacağını deyib, gözləməyimi istədi. Sonra gəlib məni özüylə apardı. Qapıdan çıxanda gördüm ki, həyətdə atamı ağaca bağlayıblar. Dəhşət idi. Erməni əsgər məni tutdu, atamı qucaqlamağa imkan vermədi. Dedi ki, narahat olmayım, atamı öldürməyəcək. Sadəcə ona suallar var, cavablandırsın, sonra buraxacaq. İşgəncə verə-verə 3 dəfə tələb etdilər ki, atam “bütün Azərbaycan torpaqları ermənilərdir”, - desin, lakin o, bunu etmədi. Atam dedi ki, öldürsələr də, torpağını satmayacaq.

Sonra atamın üstünə benzin tökdülər. Erməninin qarşısında diz çöküb yalvardım ki, atamı buraxsın. Məni çəkməsinin ucu ilə itələdi. Atamın üstünə yenidən benzin töküb, kibriti onun üstünə atdılar. Alovlar içində idi. Bu mənzərə heç vaxt gözlərimin önündən getmir.

Müsahibin atası Təvəkkül Əmirovun nəşi

721

- Xocalıda hər iki valideynini itirən 25 nəfərdən biri də sizsiniz. Bilmək istərdim, sizi kim himayəyə götürdü?

- Məni, bacımı və qardaşımı nənəm saxladı. Anamın anası yəni. Bizi o, böyütdü.

Müsahibin anası Raya Əmirova və bacısı Yeganə Əmirova

hq

- 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, şəhidlərimizin qisası alındı. Şəhid övladı, hər iki valideyinini itirən şəxs kimi bu barədə nə deyə bilərsiniz?

- Mən bu gün qürur hissi ilə danışıram. Çünki torpaqlarımız - Xocalımız şəhid və qazilərimizin sayəsində azaddır. Buna görə mən hər iki valideynini itirən 25 şəhid övladları adından cənab Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Əminəm ki, bu gün Xocalıda şəhid olanlarımızın ruhu şaddır. Onların qisası alındı və torpaqlarımız azad olundu. İnşallah, Xocalımıza da gedərik. 

- Hazırda Bakıda nə işlə məşğulsunuz? 

- Ailəliyəm, 15 yaşında oğlum var. İş xanımıyam.

- Müsahibəyə görə təşəkkür edirik.

t6

huj

Azadə Yolçu