"Anamın sümükləri tapılanda qurban kəsəcəyəm" - O, bir gecədə ailəsindən 8 nəfəri itirib - MÜSAHİBƏ + FOTOLAR

Fevralın 26-da XX əsrdə insanlığa qarşı törədilən ən dəhşətli hadisələrdən olan Xocalı soyqırımının 33 ili tamam olur.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı rus motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Bir gecədə darmadağın edilən şəhərin 2500 sakinindən 613-ü amansızlıqla qətlə yetirildi. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı idi. Ümumilikdə 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib, yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.
Soyqırımı zamanı hər iki valideynini itirən "iyirmi beşlərdən" biri də Yasəmən Tofiq qızı Həsənovadır (əvvəlki soy adı Hüsenyova-red.). O, təkcə atasını, anasını deyil, həmin gecədə həm də babasını, nənəsini, əmisi Bakiri, xalası Məhbubə Abışovanı, xalasının qızı Çinarəni, oğlu Çingizi itirib.
Yasəmən Hüseynova TNS-ə o dəhşətli gecədə yaşadıqlarını danışıb:
- Yasəmən xanım, həmin məşum gecəni necə xatırlayırsınız?
Dərd getdikcə sərinləşmir, dərinləşir...
- Azərbaycanın şəhid Milli Qəhrəmanı mayor “Mixaylo” ləqəbli Tofiq Hüseynovun qızıyam. Mən atamla fəxr edirəm, çünki qəhrəman qızıyam. O, Xocalıda batalyon komandiri olub. Orada yeganə batalyon mənim atama tabe idi. İndi bir çoxu yalan fikirlər söyləyir.
Atamın bir çox döyüşü gözümün qarşısındadır. Meşəlidə törədilən o faciənin canlı şahidi və iştirakçısı olub atam. Həmin faciəni gəlib evdə danışırdı. Orada körpənin necə xilas olmasından bəhs edəndə elə bilirdim, nağıla qulaq asıram. Təəssüf ki, o hadisələri biz hər gecə yaşayırdıq. Təsəvvür edin, gecələr evdə yatmırdıq, zirzəmidə qalırdıq. Gündüzlər evə qayıdırdıq. Novruz bayramında, Yeni İldə fişənglər atılanda mən həmin zirzəmili gecələri xatırlayıram. O səslər məni həmin faciənin içinə aparır. Çox çətindir. 12 yaşlı qızın elə travma almasının günahı nə idi?
Müsahibin atası Tofiq Hüseynov, babası Misyab Hüseynov, nənəsi Minəş Hüseynova, əmisi Bakir Hüseynov
Həmin gecədə hər iki valideynimi, eləcə də bütün əzizlərimi – nənəmi, babamı, xalamı, xalamın iki övladını, əmimi şəhid verdim. Əlbəttə, bunu sözlə ifadə etmək mənim üçün çox çətindir. Çünki bir gecədə hər iki valideynini itirmək 12 yaşlı qız üçün çox ağrılıdır.
- Xocalıda hər iki valideyninizi itirmisiniz. Sizi kim himayəyə götürdü?
- Həmin gecədə şəhid olmaq bizim alnımıza yazılmamışdı, ona görə xilas olduq. Biz atamın yeganə sağ qalan qardaşı olan Akif əmim və onun xanımı Şəfiqə xanım sayəsində böyüdük. Onlar bizə himayədarlıq etdilər. Özlərinin də 3 övladları vardı, amma bizi onlardan seçmirdilər. İndi hər birimizin ailəsi var, artıq öz övladlarımız da böyükdürlər. Lakin ataların dediyi kimi, dərd getdikcə sərinləşmir, dərinləşir. Getdikcə, dərdimiz daha da dərinləşdi. Çünki mənim anamın məzarı belə yoxdur, onun sümüklərini gətirib, dəfn edə bilməmişik. Ən çox arzum da budur ki, Allah mənə ömür versin, anamın qalıqlarını dəfn edim. Heç olmasa, onda bir az rahatlıq taparam. Ümidim var ki, qazıntılar nəticəsində onun qalıqları tapılacaq. Düzdür, atamın Şəhidlər xiyabanında məzarı var. Mən bütün məzarı tapılmayan əzizlərimin təsəllisini o məzarda tapıram. Çox çətindir. Mənim daha bir arzum odur ki, Xocalıda özünün və bizim təhsil aldığımız məktəbə atamın adı verilsin. Bu, onun haqqıdır. Atam orada can qoyub. Xocalı üçün, torpağı üçün, Vətəni üçün canından keçib. Həmin gecəni yaşamaq mənim üçün çox çətin idi. Bütün ümidlərimiz, xəyallarımız, arzularımız bir gecədə məhv oldu. İndi Xocalıda qətllər törətmiş qatillərin məhkəməsi keçirilir, bu, məndə ruh yüksəkliyi yaradır. Düşünürəm, bəlkə də, şəhidlərin ruhu şad olar.
Çətindir, sözlə ifadə etmək olmur. Amma əminəm ki, bütün çətinliklər kimi, bunun da öhdəsindən gələcəm. Allahın köməkliyilə yenə Xocalıya – öz torpağıma gedəcəyəm. Bilirəm ki, valideynlərimin ruhu məni orada gözləyir.
- Valideynlərinizin şəhid olması barədə ilk dəfə nə vaxt xəbər ala bildiniz?
- Anam həmin gecə şəhid olub, atam isə faciədən 3 gün sonra ermənilərə əsir düşməmək üçün özünü qumbara ilə partladıb. Bu məlumatı bizə atamın nəşini dəyişən vaxtı döyüş yoldaşları verdi. Atamın nəşi martın 19-u - anamın doğum günündə gətirildi.
Anamı elə vəhşiliklə öldürüblər ki, internetdə yayılmış şəklinə hər dəfə baxanda o faciəni yada salıram. Heç bilmirəm, hansı quyuya atıblar. Bu dəqqiə biz quyuları axtarırıq. Dəhşətdir!..
Görün, mən nəyi arzulayıram? Həmin günə qurban demişəm. Bu həsrəti təsəvvür edin. İnanıram ki, Allah qurbanımı qəbul edəcək.
Uşaq olanda kənddə kimsə vəfat edəndə deyirdim ki, bu övladlar necə dözürlər valideynlərinin yoxluğuna. Amma mən bilmədim ki, özüm bir gecədə iki valideynimi itirəcəyəm. Çətin də olsa, bunları danışmalıyam. Bu gün varamsa, mənim borcum olanları deməkdir.
Müsahibin atası şəhid Tofiq Hüseynov
Tofiq Hüseynov və anası Məxmər Hüseynova
- Qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa edib, şəhidlərimizin qisası alınıb. Doğma yurdundan didərgin salınan bütün məcburi köçkünlər kimi, siz də dədə-baba torpağınıza qayıdacaqsınız. Bu barədə nə deyə bilərsiniz?
- Vətən müharibəsində başda Prezidentimiz olmaqla, ordumuz şəhidlərimizin qisasını aldı. Bu, mənim üçün böyük təsəllidir. İnşallah, arzum budur ki, Xocalıma gedim, orada yaşayım. Düzdür, mən səhhətimdəki problemlərə görə hələ də Xocalıya gedə bilməmişəm. Bu problem yenə də ermənilərin törətdiyi faciənin nəticəsidir. Keçirdiyim stressdən sonra xərçəng xəstəsi oldum. Ancaq şükürlər olsun ki, bu gün mənim şəhidlərimin - əzizlərimin qanı yerdə qalmadı.
- Hazırda Bakıda nə işlə məşğulsunuz?
- Mən müəlliməyəm, orta məktəbdə dərs deyirəm.
- Sizin üçün çətin olmasına baxmayaraq, müsahibəyə görə təşəkkür edirik.
Müsahibin atası, anası, qardaşı, bacısı və özü
Tofiq Hüseynovun məktəb və əsgərlik fotoları
Müsahibin şəhid atası, babası, nənəsi, əmisi
Müsahibin anası, xalası, xalası qızı Çinarə və oğlu Çingiz
Azadə Yolçu