Eldəniz Vəliyev: "Dəsmal üçün əlini cibinə atanda gözlərin foksu dəyişir" - MÜSAHİBƏ

TNS-in “Sözçü” rubrikasının növbəti qonağı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, tanınmış jurnalist Eldəniz Vəliyevdir.
- Eldəniz müəllim, xoş gəlmisiniz. Əvvəlcə sizi tanıyaq. Eldəniz Vəliyev kimdir? Jurnalistikaya necə gəlib?
- 1973-cü il dekabr ayının 7-də İmişi rayonundakı Qızılkənddə anadan olmuşam. O vaxt doğum haqqında şəhadətnaməyə (sənədləşməyə) o qədər də isti yanaşmırdılar. Nəticədə sənəddə doğum tarixim 1974-cü ilin fevralın 2-si kimi qeyd olunub. Orta məktəbi bitirib Bakı Dövlət Universitetinin Tarix fakultəsinə imtahan vermişəm. O vaxt test sistemi tətbiq edilməmişdi. 3 fənnin hər birindən “4” alsam da, konkursa düşdüm. Sovetin əcaib qanunlarının qurbanlarından biri də mən olmuşam (gülür). 3 fənnin hər birindən “3” alan abituriyentlər qəbul oldu, nə var-nə var onların əmək kitabçası var idi və orada bir neçə illik əmək fəaliyyəti qeyd olunmuşdu. O üstünlük məndə olmadığından, kəsildim. Sonrakı il - 1992-ci ildə ilk test imtahanı tətbiq edildi və mən universitetə qəbul oldum.
Ümumiyyətlə, mənim həyatımda ilk və sonlar çox olub... Orta məktəbdə ən sonuncu “komsomol katibi” mən olmuşam, sonra nə yaxşı ki, ümumiyyətlə komsomol olmadı. İlk testlə imtahan verənlərdən biri mən olmuşam. Sonuncu 5 illik universitet təhsilini mən bitirmişəm, sonradan ali təhsil 4 il oldu. Amma xoşbəxtlikdən həmin o “ilk” və “son”ların mənim həyatıma mənfi mənada heç bir təsiri olmayıb.
1997-ci iilin sentyabrında “ANS” telekanalında stajçı-müxbir kimi əmək fəaliyyətinə başladım. Qısa və uzun fasilələrlə, ümumilikdə, 7 ildən çox “ANS”də ən müxtəlif vəzifələrdə fəaliyyət göstərmişəm. Tok-şouların, xəbər proqramlarının aparıcısı olmuşam. Elə o vaxtdan jurnalistikadan başqa heç bir işlə məşğul olmadım. Xırda istisnalar hər zaman olur...
- İxtisasınız jurnalistdir?
- Mən Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatırı və kino aktyorluğu” fakultəsini bitirmişəm.
- Elə bilirdim jurnalistikanı bitirmisiz.
- Mən jurnalistikaya “ANS”dən başlamışam. Ora böyük məktəb idi. Bizə kurslar keçirilirdi. Tanınmış pedaqoqlar, jurnalistlər, hətta BDU-nun müəllimləri seminarlar təşkil edirdi. Və mən nə yaxşı ki, o məktəbin bir parçası oldum. Bu gün ölkənin aparıcı media qurumlarında sözünü deyən, dövlət qurumlarının mətbuat xidmətlərində vəzifə tutanlar sırasında onlarla kadr “ANS” məktəbinin yetirməsidir. O böyük məktəbin Mir Şahini, Vahid Mustafayevi bizə yaxşı mənada çox şey öyrətdi.
- Aktyorluqdan jurnalistikaya gəlmək hardan ağlınıza gəldi?
- Əslində hər iki ixtisasın arasında paralellik və yaxınlıq çoxdur. Jurnalistikada da bir növ artistizm olmalıdır. Xüsusən aparıcıda bir aktyorluq qabiliyyəti olmalıdır. Aparıcı xəbərin motivinə uyğun obrazda olmalıdır. Məsələn, hansısa bir şən əhval-ruhiyyəli xəbəri təqdim edərkən üzündə təbəssüm və ya kədərli notlarda bir ciddilik olmalıdır. Əks təqdirdə, hansısa faciəni təbəssümlə təqdim edənlərdən heç vaxt qurtula bilməyəcəyik. Digər tərəfdən, aktyorları və qələm əhlini bir-birinə bədii ədəbiyyat çox bağlayır. Hər iki zümrə oxumağa məhkumdu. Mütaliəsi olmayan aktyordan da, jurnalistdən də heç nə gözləmək olmaz.
- Eldəniz Vəliyev “Azəriqaz” İstehsalat Birliyinə təsadüfən gəlib, yoxsa planlaşdırılmış addım idi?
- Ümumiyyətlə mən planlaşdıran adam deyiləm. Verdiyim qərarların böyük əksəriyyəti gözlənilməz, götür-qoy etmədən olub. Yanlış olsa belə qərarıma hörmətlə yanaşmışam, çünki mənim olub. Mənə məxsus olanlara sahiblənməyi sevirəm. O ki qaldı mətbuat xidməti məsələsinə, heç vaxt bu arzu və istəkdə olmamışam. Əksinə, həmişə belə vəzifədə olanlara başqa çür baxmışam. Bir dəfə “Facebook” sosial şəbəkəsindəki profilimdə belə bir status yazmışdım. Status belə idi: “Hörmətli mətbuat xidmətlərinin rəhbərləri, siz mətbuat xidməti deyilsiz, mətbuatdan mühafizə xidmətisiniz”.
Yəni bəzən mətbuat xidməti rəhbərləri təmsil etdikləri qurumları haqsız olsalar belə, əcaib məntiqlərlə müdafiə etməyə çalışırlar və bu da kənardan xoş görünmür. Çalışıram ki, ədalət prinsipini qoruyum. Özünü qarşındakının yerinə qoyanda bu prinsipi qorumaq asan olur. Dəfələrlə olub ki, abonentlərə ən müxtəlif səviyyələrdə nöqsanlarımızı qabartdıqlarına, ictimailəşdirdiklərinə görə təşəkkür etmişik. Çünki nəticə çıxarmaq təkrar səhv etməyin qarşısını alır. Və dövlət və qeyri-dövlət təşkilatlarında bu prinsipi qoruyan həmkarlarım az deyil. Hər birinə işlərində uğurlar arzulayıram.
Qaldı ki, “Azəriqaz”a gəlişimə, o vaxt “Space” TV-nin xəbərlər departamentinin müdiri idim. Bir gün mətbuata aidiyyəti olmayan, hörmətlə yanaşdığım bir nəfər mənə “Hansısa mətbuat xidmətində işləyərsənmi?” sualını verdi. Mən düşünmədən “yox” dedim. Sonra həmin şəxs bir neçə gün sonra təkrar mənə müraciət elədi. Dedi ki, səni “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi görmək istəyirlər. Yenə “yox” dedim. Çünki mən ruhən azad adamam. Dövlət müəssisələrində qaydaların bir az başqa cür olduğu qənaətində idim. Xülasə, təklifə “yox” demək üçün gəldim "Azəriqaz"a. Birliyin ovaxtkı Baş direktoru Ruslan Əliyevlə görüşdüm. 45 dəqiqəlik söhbətin nəticəsi məni "Azəriqaz"a gətirdi. İndi də eyni həvəslə işimi icra edirəm. Çalışıram ki, faydalı iş əmsalım yüksək olsun. Və bunun üçün bütün zəruri şərait var.
- İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi jurnalistlərlə işləmək çətin deyil ki?
- Çətindi, hətta çox. Tam səmimi deyirəm, əvvəlki jurnalistika yoxdur. İxtisaslaşmış jurnalist azdır. Jurnalist bütün sahələri bilməyə borclu deyil. Kəndimizdə bir yaşlı kişi var idi. Hər məni görəndə Səddam Hüseyni soruşurdu. Elə bilirdi ki, jurnalist olduğuma görə, Səddamın doğrudan da edam edilib-edilmədiyini məndən dəqiq heç kim bilmir. Biz də rəhmətlik həmin o əmi kimi jurnalisti hansısa sahəni bilmədiyinə görə qınaya bilmərik. O zaman spesifik sahələri bilənlər müraciət etməlidir və ya jurnalist müsahibə üçün mütləq hazırlaşmalıdır. Dəsmal üçün əlini cibinə atanda gözlərin foksu dəyişir. Şantaj, qarayaxma, dəqiqləşdirilməmiş informasiyaların dövriyyəyə buraxılması, sifariş iyi verən yazıların yazılması iyrənc görünür. Təəssüflənirəm həmin adamların jurnalistikada olmasına.
Mən “ANS”də “Xəbərçi”ni aparan vaxtlarımda elə günlərim olub ki, sutka ilə ac qalmışam, amma onu tamaşaçı bilməyib. İlkin vaxtlarda mənim aldığım məvacib ev kirayəmlə yol xərcimi ödəmirdi. Acından qarnımın səsi efirin mikrafonuna düşmüşdü. Biz çox əziyyətləri çəkmişik jurnalistikada.
Niyə Azərbaycan mediası belə bir vəziyyətə gəlib çıxdı? Bilmirəm, fikir vermisiniz ya yox, redaksiyalarda qızların sayı sürətlə artır, oğlanlar defisitləşir. Bu tendensiya məni təəccübləndirir və bunun səbəbini tapmağa çalışıram. Gəldiyim qənaət budur ki, özünə və öz səviyyəsinə uyğun iş tapa bilməyənlər son çarə kimi jurnalistikanı görürlər. Mən onlarla peşəkar qadın jurnalistin adını çəkə bilərəm ki, onlar kişi jurnalistlərdən 100 dəfə bacarıqlıdır, vətənpərvərdir, mütaliəlidir və iti qələmə sahibdir. Amma təəssüf ki, “yüz”lərin içində “on”lar çox azdı.
- Bəzi mətbuat xidmətləri var ki, jurnalist olanda sadə olublar, amma vəzifəyə gedəndən sonra məmurlaşmaq istəyiblər. Bu, kreslodandır, yoxsa şəxsi keyfiyyətdir?
- Bu, qətiyyən kreslo məsələsi deyil. Bizim bu gün mətbuat katibi işləyən onlarla həmkarlarımız var ki, onlarda dəyişən heç nə görməmişəm. Məncə bu, insanlıq, kök, gen məsələsidir. Həmin şəxslər mətbuat katibi deyil digər sahədə də olsalar dəyişəcəklər, genələcəklər. Görünür bu, həm də natamamlıq kompleksindən irəli gəlir. Mən insanlar görmüşəm ki, vəzifədən gedəndən sonra hətta yaxın ətrafının belə gözünün içinə baxa bilməyib. Yenidən yüksələn kimi utandığı vaxtları unudub.
- Azad olunmuş ərazilərin qazlaşdırılması layihələşdirilməsi prosesi nə yerdədir?
- Artıq xeyli vaxtdır ki, azad olunmuş ərazilərin qazlaşdırılmasına başlanıb. Bu, bizim üçün müqəddəs bir işdir. “Azəriqaz” İstehsalat Birliyi “Böyük Qayıdış” proqramı çərçivəsində Laçın, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Füzuli, Xocavənd, Ağdərə rayonları ərazilərində daşıyıcı qaz kəmərləri şəbəkəsinin qurulması işlərini aparmışdır. Hal-hazırda, Xankəndi şəhərində, Laçın, Cəbrayıl, Füzuli, Zəngilan və Ağdərə rayonları ərazisində soydaşlarımız məskunlaşdığı bina və evlər təbii qazla mərhələli şəkildə təmin olunur. “Azəriqaz” İstehsalat Birliyi daşıyıcı qaz xətlərini çəkir, digər sifarişçilər isə yaşayış məntəqələrinin daxili paylayıcı qaz şəbəkəsinin qurulması işlərini və evlərin qazlaşdırılmasını həyata keçirir. Qeyd olunan işlər planlı şəkildə davam etdirilir.
- Şuşa və Xankəndidə də məskunlaşma var. Bu ərazilərə də qaz verilib?
- Xankəndi şəhərindəki mövcud qaz təchizatı şəbəkəsi "Azəriqaz" tərəfindən mərhələli şəkildə bərpa olunur. Hal-hazırda şəhərdə məskunlaşma olan yaşayış binalarındakı mənzillər təbii qazdan istifadə edir, Qarabağ Universitetinin qazanxanasına və müəllimlərin yaşadığı binalara qaz verilir. Şəhərdə mövcud olan binaların qaz təchizatı sisteminin təftişi və işçi vəziyyətinə gətirilməsi istiqamətində "Azəriqaz" digər dövlət qurumları ilə birgə fəaliyyətini davam etdirir. Şuşa şəhərində yeni salınmış yaşayış kompleksinin qazanxanasına da təbii qazın verilişi təmin olunub. Həmçinin Xocalı şəhəri də təbii qazla təmin olunur.
- Azərbaycanın neçə faiz ərazisi tam qazlaşdırılıb?
- Azərbaycanda əhali sayına görə qazlaşma səviyyəsi 96 faizin üzərindədir. Cənab Prezident də bunu çıxışlarının birində xüsusi olaraq vurğulayaraq, Azərbaycanı qazlaşma səviyyəsinə görə aparıcı Avropa ölkələri ilə müqayisə edib və hətta ölkəmizdə bu sahədəki vəziyyətin daha yüksək səviyyədə olduğunu vurğulayıb. Bu da təbii ki, bizi qürurlandırır. Lakin elə kənd və yaşayış məntəqələri var ki, onların qazlaşması obyektiv səbəblərdən mümkün deyil. Sözügedən yaşayış yerləri sovet dönəmində də qazlaşmayıb. Əvvəla həmin ərazilərin coğrafi relyefi buna imkan vermir. Qazlaşma prosesində ərazinin coğrafi şəraiti əsas götürülür. Azərbaycanın elə ucqar kəndləri var ki, cəmi 10-15 evdən ibarətdi. Demək ki, bu ərazilərin qazlaşması həm də rentabelli deyil. Amma dediyim kimi, əsas məsələ relyefdi, təhlükəsizlik məsələsidi.
- Bir müddət əvvəl “Azəriqaz” ölkə ərazisində mexaniki sayğacların Smart kart tipli sayğaclarla əvəzlənməsinə başladı. Amma sonra bu proses dayandı və hazırda Smart kart tipli sayğaclar yenidən mexaniki sayğaclarla əvəzlənir. Səbəb nədir?
“Azəriqaz” İstehsalat Birliyi bir müddət əvvəl ölkəyə Smart kart tipli sayğacları gətirməyə məcbur oldu. Bir müddət əvvəl elə bir vəziyyət yaranmışdı ki, “Azəriqaz”a borcu olmayan abonentlərin sayı çox az idi. Debutor borcu yığmaq çox çətin idi. “Azəriqaz” müştəri məmnunluğunu təmin etmək üçün, xidmət səviyyəsini artırmaq, infrastrukturu yeniləmək, böyük işçi heyyətini təmin etmək üçün mütləq mənfəətlə işləməli, debutor borcun artmasına imkan verməməlidir. Bu baxımdan Smart kart tipli sayğacların tətbiqi həyata keçirildi. Bu sayğaclar imkan verdi ki, debutor borclar təyin olunmuş müəyyən faizlə geri qaytarılsın. Artıq, abonentlərdə istehlak olunan qazın ödənişi ilə bağlı yaxşı bir vərdiş formalaşıb. Fürsətdən istifadə edərək bütün abonentlərimizə təşəkkür edirəm.
- Məlumat yayılır ki, mexaniki sayğaclar Samrt kart tipli sayğaclardan çox yazır.
- Qətiyyən belə şey yoxdur. Ölkəyə gətirilən bütün sayğaclar ilk olaraq dövlət yoxlamasından keçir. Bir neçə dövlət qurumu həmin sayğaclara baxış keçirir, rəy verir. Yalnız bundan sonra həmin sayğacların tətbiqinə icazə verilir.
- Dəm qazından boğulma halları yenə də artıb. Buna səbəb nədir?
- 2016-cı ilə qədər “Azəriqaz” İstehsalat Birliyi sayğacdan sonrakı mərhələyə də cavabdeh idi. 2016-cı ildən sonra sayğacdan sonrakı mərhələyə cavabdehliyi “Azəriqaz” daşımadı. 2023-cü ildə “Qaz təsərrüfaqı haqqında” Qanuna əlavə və dəyişikliklər ediləndən sonra sayğacdan sonrakı mərhələyə də “Azəriqaz” İstehsalat Birliyi xidmət göstərməyə başladı. Ötən ildən etibarən “Azəriqaz” İstehsalat Birliyi mənzillərdə texniki müəyinəni həyata keçirir. Müayinələr zamanı texniki şərtdən kənara çıxma halları təftiş olunur. Xüsusi ilə mətbəxlərin eyvanlara çıxarılması, rezin şlanqlarla həmin mətbəxlərə qazın verilməsi, tüstü bacalarının olmaması, qaz xətlərinin üzərinin örtülməsi, vanna otaqlarında “Ptiminutka”lardan istəfadə edilməsi kimi neqativ halların mövcudluğu yoxlanılır. Və bütün bunlar abonentlərin təhlükəsizliyinə hesablanıb. Təsəvvür edin, texniki müayinə keçirilən mənzil və fərdi yaşayış evlərinin 90 faizində texniki şərtdən kənar çıxma halı aşkarlanıb.
İnsanlara izah edə bilmirik ki, vanna otaqlarında “Ptiminutka” dediyimiz düz axımlı su qızdırıcılarından istifadə real ölüm təhlükəsidir. Rayonlardan birində bir qadın hamamda dəm qazından boğulmuşdu. Xanımı həkimlər böyük çətinliklə həyata qaytara bilmişdilər. Həmin qadın düz 1 ildən sonra həmin evdə, həmin vanna otağında dəm qazından boğularaq öldü. Yəni insanlar təhlükəni anlamır. Amma sabah hansısa hadisə baş verəndə birbaşa “Azəriqaz” İstehsalat Birliyi tənqid hədəfi olur.
- Bir müddət əvvəl bəzi məmurların “Azəriqaz”a külli miqdarda debutor borcunun yaranması barədə məlumatlar var idi. İndi vəziyyət necədi?
- “Azəriqaz” İstühsalat Birliyi üçün statusundan asılı olmayaraq hamı abonentdir. Heç kəsə xüsusi olaraq əlahiddə üstünlük verilmir. Kimliyindən asılı olmayaraq, hər bir kəs istifadə etdiyi qazın pulunu ödəməlidir. Bizim bununla bağlı heç bir problemimiz yoxdur.
- Qaz xətlərinə kənar müdaxilələr varmı?
- Təbii ki, bu hal hər zaman olub. Bununla bağlı “Azəriqaz”da işçi qrup yaradılıb. İşçi qruplar mütəmadi monitorinqlər keçirir, fakt aşkarlanan kimi aktlaşdırılır, dəymiş ziyan müəyyən edilir və abonentə təqdim olunur. Abonent həmin borcu ödəmədiyi təqdirdə iş məhkəməyə qədər gedib çıxır. Son 6-7 ayda bu kimi hallar azalmağa doğru gedir.
- Bir müddət əvvəl “Azəristiliktəchizat” və TƏBİB-in debutor borcla bağlı “Azəriqaz”la problemi yaranmışdı. Bu məsələ hələ də qalır?
- “Azəristiliktəchizat”ın rəhbərliyi dəyişəndən sonra problem həllini tapdı. Hazırda heç bir qurumla problemimiz yoxdur.
- Sosial şəbəkələrdə qaza hava vurulması ilə bağlı görüntülər yayılmışdı. İddia olunurdu ki, “Azəriqaz” xətlərə hava vurur və nəticədə sayğaclar əlavə vəsait yazır və dəm qazından boğulmalar da bundan baş verir.
- Bu barədə biz dəfələrlə açıqlama vermişik. Məsələ nədir? Hansısa evdə təmir aparılarkən su borusu ilə qaz borusunun yeri səhv düşür. Nəticədə həmin su kütləsi qaz borusuna dolur. Yaxud karroziyaya uğrayan borular olur ki, oradan qaz xəttinə su sızır, haradasa təmir işləri aparılarkən qaz xətti zədələnir və boruya su sızır. Nəticədə qaz borularına normal təziqli qaz kütləsini vurmaq olmur. Boru xəttini su kütləsindən təmizləmək üçün abonentlərə verilən qaz xətti bağlanır. Açılmış dəlilkər vasitəsi ilə xəttə yüksək atmosverli hava kütləsi vurulur. Nətisədə qaz borusu təmizlənir. Sonra dəliklər qapanandan sonra abonentlərə qazın verilişi təmin olunur. Əgər yüksək təzyiqlə hava kütləsi qaz xəttinə vurularsa və bu hava kütləsi mənzillərə ötürülərsə partlayış qaçılmaz olar. Odur ki, belə əsassız ittihamlar olmamalıdır.
- Maraqlı müsahibə üçün təşəkkür edirik.
Samir Əli