Əfv gözləyənlərə vacib xəbər - Komissiya təkrar toplaşacaq

Xəbər verdiyimiz kimi, ötən gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-cü ildə ilk iclası keçirilib.
Komissiyanın üzvü Əliməmməd Nuriyev TNS-in iclasda baxılan müraciətlərlə bağlı suallarını cavablandırıb.
O bildirib ki, Komissiyaya yüzlərlə müraciət daxil olub: "Müraciətlərin dəqiq sayını demək çətindir, lakin Komissiyaya yüzlərlə müraciət daxil olub. Bütün müraciətlərə də baxılıb".
Ə. Nuriyevin sözlərinə görə, ötən illərin təcrübəsinə əsasən, daxil olan bütün müraciətlər araşdırılır, hər mürciətlə bağlı hazırlanan rəy Prezidentə təqdim olunur: "Bundan sonra kimin əfv olunacağı ilə bağlı qərar Prezident tərəfindən verilir. Bu, Prezidentin müstəsna - konstitutsion səlahiyyətidir".
- Komissiyaya baxılması mümkün olmayan müraciət daxil olubmu?
- Xeyr, ümumiyyətlə, daxil olan bütün müraciətlərə baxılır və rəy hazırlanaraq Prezidentə təqdim olunur.
- Müraciətlər sırasında ictimai fəallar da, yaxud tanınmışlar da varmı?
- Bu barədə məlumat verməyim etik sayılmaz. Onu deyim ki, daxil olan yüzlərlə müraciətə baxılıb.
- Növbəti iclas nə vaxta planlaşdırılır?
- Hazırda dəqiq tarix demək mümkün deyil, ancaq növbəti iclas fevralın ikinci yarısı üçün nəzərdə tutulub. Ayın 23-dən sonraya planlaşdırılır.
Qeyd edək ki, əfv, Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.
Prezident yanında Əfv Komissiyası ərizələrə müsbət rəy verməklə, həmin şəxsin əfvini tövsiyə edir. Azərbaycan Prezidenti məhkumu cəzasının qalan hissəsini çəkməkdən azad edə, ona təyin olunmuş cəzanın müddətini azalda və ya məhkumun cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. O cümlədən, ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzasını 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğunun götürülməsinə fərman verə bilər.
Azadə Yolçu