Close

21:40
03 Fevral 2025

Dollar, avro, rubl və lirənin qiyməti dəyişəcək?- MÜSAHİBƏ

İqtisadçı Samir Heydərov TNS-in valyuta məzənnələri ilə bağlı suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik.

- Avronun və rublun manat qarşısında ucuzlaşması müşahidə olunur. Bu enişin Azərbaycanda idxal-ixrac əməliyyatlarına hansı təsiri gözlənilir?

- Avronun dünya valyuta bazarında ucuzlaşmasının səbəbi bir neçə amildən asılıdır. Bunlardan birincisi, Avropa İttifaqı ölkələrində iqtisadi artımın zəifliyidir. Xüsusilə, İttifaqın lokomotivi sayılan Almaniyanın makroiqtisadi göstəricilərinin neqativ olmasıdır. Belə ki, Almaniyanın 2024-cü il ÜDM-si -0.2 % azalma göstərib. Bu baxımdan, Avropa Mərkəzi Bankı yumşaq monetar siyasət izləyərək, əsas uçot dərəcəsini 3.15 faizdən 2.90 faizə endirib. Bu da avronun digər valyutalar qarşısında ucuzlaşması ilə nəticələnib.

- Türkiyə lirəsinin məzənnəsindəki azalma Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa hansı təsirləri göstərə bilər?

- Qardaş ölkədə inflyasiyanın artım sürətinin zəifləməsi Türkiyə Mərkəzi Bankının əsas faiz dərəcəsinin 45%-ə qədər azaltması ilə nəticələnib. Belə ki,Türkiyədə inflyasiya keçən ilin may ayında 75 %-dən 44.38 % ə qədər düşmüşdü. Proqnozlara görə, inflyasiyanın sürəti 2025-ci ilin axırına kimi 28 %-ə qədər zəifləyəcək.

Türkiyədə ərzaq məhsullarının qiymətlərində olan artımın zəifləməsi, yanacağın vergi faizlərinin artması, lirənin ABŞ dolları və avroya münasibətdə məzənnəsində olan sabitlik inflyasiya təzyiqini azaldacaq.

Qiymət artımının zəifləməsi Azərbaycanla olan ticarətə pozitiv yöndə təsir edəcək. İki dövlət arasında ticarət dövriyyəsinin həcminə də öz pozitiv təsirini 2025-ci ildə göstərəcək.

- ABŞ dollarının uzun müddət məzənnəsinin dəyişməməsinin makroiqtisadi səbəbləri nədir?

- Azərbaycanda ABŞ dollarınının məzənnəsi nəzarət altındadır. Dollara olan tələb Mərkəzi Bankın valyuta bazarına intervensiyaları ilə sabitləşir. Qiymət sabit saxlanılır. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2024-cü ildə 11 milyard ABŞ dolları təşkil edib. Cari əməliyyatlar hesabındakı 5.5 milyard ABŞ dolları profisiti 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir. Mərkəzi Bankın valyuta ehtiyatlarında 5.5 milyard dollar profisitin qarşısında 2020-ci ildən başlayaraq, hər il ortalama 500-600 milyon dolların azalması narahatlığa əsas verə bilməz. Dolların məzənnəsinin isə AMB tərəfindən nəzarətdə saxlanılması Azərbaycan xalqının sosial -iqtisadi vəziyyətinin yaxşılaşdrılmasına və biznesin inkişaf etməsinə xidmət edən amildir.

- Azərbaycanda valyuta məzənnələrinin sabit saxlanılması üçün hansı əlavə addımlar atıla bilər? Manatın mövcud vəziyyəti bank kreditləri və valyuta ehtiyatlarına necə təsir edir?

- Azərbaycanda bank sektorunun aktivləri 53 milyard manatdan çoxdur. Bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 7.8 faiz çoxdur. Bankların aktivlərinin 25 milyard 925 ,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 18.7 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 44,4-dən 48,9 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 7.6% artaraq 46 milyard 383 milyon manata,o cümlədən depozit portfeli 9.1 % artaraq 37 milyard 696,6 milyon manata çatıb.

Mövcud vəziyyət Azərbaycanda bank sektorunun maliyyə dayanıqlığının sağlam olmasından xəbər verir.

Ayşən Azadova