Close

"Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmiryol xəttində işlərin 60 faizi başa çatdırılıb" - MÜSAHİBƏ

TNS-in “Sözçü” rubrikası davam edir. Növbəti qonaq “Azərbaycan Dəmir Yolları” QSC-nin media məsələləri üzrə məsul əməkdaşı Bəxtiyar Hacıyevdir.

- Bəxtiyar müəllim, xoş gəlmisiniz. Əvvəlcə sizi tanıyaq. Bəxtiyar Hacıyev kimdir və mətbuata necə gəlib?

- Mən Bakı Dövlət Universitetini “Nəşriyyat işi və redaktəetmə” ixtisası üzrə bitirmişəm. Universitet illərində həvəskar yazılar yazırdım, bəziləri qəzetlərdə dərc olunub. 2009-cu ildə "Trend" İnformasiya Agentliyində jurnalist kimi peşəkar fəaliyyətə başlamışam. 10 ildən artıq həmin agentlikdə çalışmışam. 2019-cu ildə fəaliyyətimi Oxu.az və digər xəbər saytlarında davam etdirmişəm. Daha sonra özümü televiziyada sınamaq qərarı verdim. Bundan əvvəl AzTV və Xəzər TV-də qısa müddət işləsəm də, televiziyada əsas fəaliyyətim redaktor və reportyor kimi 2020-2024-cü illərdə “Azad Azərbaycan” telekanalı və İctimai Televiziyada oldu. 2023-cü ildə Azərbaycan Dəmir Yollarından (ADY) təklif aldım. Əvvəlcə bir qədər tərəddüd etsəm də, sonra razılaşdım və İctimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis kimi işə başladım. Altı aydan sonra aparıcı mütəxəssis oldum. Hazırda isə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi – media məsələləri üzrə məsul əməkdaşıyam.

- Jurnalist işləyəndə xəbər alırdınız, amma indi mediaya xəbər verirsiniz. Uyğunlaşma çətin olmadı?

- Uzun müddət mediada işləmişəm, indi isə kənardan mediaya baxa bilirəm. Maraqlıdır, eyni zamanda, çətin tərəfləri var. Amma jurnalist olduğum üçün jurnalistlərlə işləmək bir o qədər də çətin olmadı. Hazırda da özümü mediadan kənar saymıram, saya bilmirəm. Çünki özüm jurnalist olduğuma görə hansı xəbərin hansı formada təqdim olunmasını, jurnalistlərin nə istədiyini bilirəm. Həm də çalışıram ki, şablon cavablar verməyim, necə deyərlər, kitab cümlələri ilə danışmayım.

"Azərbaycan Dəmir Yolları" çoxşaxəli fəaliyyət göstərir. Lakin bu qurumun adı çəkiləndə hər kəs sərnişin qatarlarını düşünür. Halbuki ADY-nin əsas fəaliyyəti yükdaşımadır. Müxtəlif istiqamətlərə ixrac, idxal, tranzit yükdaşımalar həm də dəmir yolu ilə həyata keçirilir. Buna görə də ADY-nin həmçinin yükdaşıma sahəsində fəaliyyəti ilə bağlı məlumatlar yayırıq.

- Uzun illər redaktor kimi ciddi media qurumlarında çalışmısınız. Jurnalistin məsuliyyəti böyükdür, yoxsa mətbuat xidmətinin məsul şəxsinin?

- Hər birinin öz məsuliyyəti var. Amma düşünürəm ki, dövlət qurumunu, dövlət şirkətini təmsil edəndə məsuliyyət bir qədər də artır. Çünki hər dediyin sözə fikir verməlisən. Həm də jurnalistikada geyim, hətta mən deyərdim ki, davranış da sərbəst olur, amma dövlət şirkətində əsasən rəsmi geyimdə olmalısan. Jurnalist kimi yazdığın yazı öz fikirlərindən, baxışlarından formalaşır, amma burada hazırladığın yazı dövlət şirkətinin mövqeyini əks etdirir. Ona görə də çox diqqətli olmalısan.

- Jurnalistikadan mətbuat xidmətinə gedəndə məsuliyyətlə yanaşı, bir növ, məmurlaşmaya da meyillənmək olur. Bu bir qaydadır, yoxsa şəxsi keyfiyyət?

- Belə başa düşdüm ki, məmurlaşma dedikdə, media ilə işləyən əməkdaşın mediaya açıq olmamasını və ya jurnalistlərin dili ilə desək, qəbuluna düşməyin müşkül olduğunu nəzərdə tutursunuz. İnanmıram ki, hansısa dövlət qurumunda belə bir qayda olsun. ADY rəhbərliyi tərəfindən şəxsən mənə ilk gündən tapşırılıb ki, medianın sorğusu cavabsız qalmamalıdır. Hətta imkan daxilində vaxtında cavab vermək tələb olunur. Mətbuat xidmətinin əməkdaşı, məsul şəxs heç vaxt özünü jurnalistlərdən ayırmalı deyil. Mətbuata açıq olmaq lazımdır. Yəni bu, mənim vəzifəmdir. Media bizim dostumuzdur. Əgər biz bir xəbər yayırıqsa, media həmin xəbəri 100 xəbərə çevirir, bizim səsimizi, fəaliyyətimizi cəmiyyətə çatdırır. Ona görə də hesab edirəm ki, mətbuat xidmətinin əməkdaşının, mediaya məsul şəxsin, sizin təbirinizcə desək, məmurlaşması şəxsi keyfiyyətdən irəli gəlir.

- Keçək "Azərbaycan Dəmir Yolları"nın fəaliyyətinə. Hamını maraqlandıran sual: Horadiz-Ağbənd dəmir yolunun tikintisi nə yerdədir?

- Horadiz-Ağbənd dəmir yolu Şərqi Zəngəzurda həyata keçirilən əsas layihələrdəndir. Bu yol Azərbaycanı Naxçıvanla birləşdirəcək ilk quru yolu olacaq. Hazırda Horadiz-Ağbənd istiqamətində böyük işlər görülür. Zəngilanda tikilməkdə olan ölkənin 771 metrlik ən uzun dəmiryol körpüsü, 1071 metrlik ən uzun dəmiryol tuneli daxil olmaqla, onlarla körpü və tunel, yüzlərlə mühəndis qurğusu inşa edilir. 2024-cü ildə bu xətt üzrə bir tunelin tikintisi tamamlanıb, iki tunel üçün qazma işlərinə başlanılıb. Ümumi işlərin artıq 60 faizi bitib.

Bu dəmir yolu xətti, bayaq da qeyd etdiyim kimi, Naxçıvanla birbaşa nəqliyyat bağlantısını, eyni zamanda, Şərq-Qərb istiqamətində yükdaşımalar üçün yeni marşrutu təmin edəcək.

- İşğaldan azad edilmiş ərazilərdə başqa hansı işlər görülür?

- İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən dəmiryol layihələrindən biri də Bərdə-Ağdam yoludur. Bu yolda tikinti işlərinin 90 faizi bitib. Əslində, bu yol Yevlax-Xankəndi dəmir yolunun bir hissəsidir. Bərdə-Ağdam dəmiryol xətti üzrə layihələndirmə işlərinin 95 faizi, tikinti işlərinin isə 90 faizindən çoxu tamamlanıb, stansiyaların tikintisi başa çatdırılıb. Ağdam-Xankəndi dəmir yolunun isə layihələndirilməsi başa çatmaq üzrədir.

Bu layihə çərçivəsində daha bir yenilik olacaq. Söhbət Ağdam rayonunda dəmiryol və avtovağzal kompleksinin inşasından gedir. Tikinti işləri davam etdirilir. Ölkəmizdə həmişə dəmiryol vağzalı ilə avtovağzal ayrı ünvanlarda olub. Amma bu layihə üzrə hər iki infrastruktur birlikdə olacaq. Bu nəqliyyatın mobilliyinin, əlaçatanlığının təmin edilməsi baxımından müsbət addımdır, yəni insanlar eyni məkanda həm qatarlardan, həm də avtomobildən istifadə edə biləcəklər.

- Azərbaycanın müxtəlif istiqamətlərinə sürət və sürətli qatarlar hərəkət edir, xüsusi reyslər açılır. Lakin pandemiyadan öncə bölgələrə qatar reysləri daha çox idi. Həmin reyslərin bərpası gözlənilirmi?

- İstəyirəm, əvvəlcə sürət və sürətli qatarlar məsələsinə aydınlıq gətirim. Əslində, adətən, hər ikisi eyni qatar olur. Sadəcə fərq hərəkət sürətindədir. Azərbaycan da daxil olmaqla MDB-də qüvvədə olan dəmir yollarının sürət normativlərinə əsasən, sərnişin qatarının orta sürəti 50-90 km-saat təşkil edərsə, bu, sürət qatarı, 91 km-saatdan artıq olduqda isə sürətli sərnişin qatarı hesab olunur. Biz həmin marşrutlar üzrə müasir “Standler” qatarlarından istifadə edirik. Abşeron dairəvi dəmir yolu üzrə əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri yerləşdiyi üçün təhlükəsizlik baxımından həmin marşrutla hərəkət edən qatarların sürəti 90 km-saatı keçmir. Lakin Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarlar 140 km-saata qədər hərəkət edir. Ona görə də həmin qatarlara sürətli qatarlar deyirik.

Pandemiyadan öncəki reyslərin bərpasına gəlincə, bu işlər mərhələli şəkildə həyata keçirilir. Əvvəlcə əlavə reysləri qeyd edim ki, bu gün həftəiçi Bakı-Sumqayıt marşrutu üzrə ekspres qatarlar xəttə buraxılır. Adətən şənbə və bazar günləri həmin qatarlar əlavə reys kimi Bakı-Ağstafa-Bakı xəttində də istifadə olunur. Bu, əsaslı təmir olunmuş oturacaq tipli vaqonlardan ibarət qatardır.

Sərnişindaşımanın daha da genişləndirilməsi məqsədilə ötən il sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında dayanacaq verilib. ADY Azərbaycanın bütün regionlarını əlçatan etməyi hədəfləyib. Bu məqsədlə 2024-cü ildə Bakı–Balakən–Bakı istiqamətində sərnişindaşımanın bərpası üçün bütün hazırlıqlar tamamlandı və bu il yanvarın 3-dən Bakı–Balakən–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinə start verildi.

İnfrastruktur yeniləndikcə, digər marşrutlar üzrə sərnişindaşımanın bərpası məsələsinə baxılacaq. Bu istiqamətdə işlər görülür, dəmir yolları modernləşdirilir. ADY ilk növbədə hərəkətin təhlükəsizliyinə önəm verir. Təhlükəsiz hərəkət tam təmin olunmalıdır ki, biz həmin istiqamətlərdə reysləri bərpa edək. Dediyim kimi, bu işlər mərhələli şəkildə həyata keçirilir. Bunun üçün qatar parkımız da yenilənməlidir. Elə qatarlar, vaqonlar var ki, köhnə istehsal ili olsa da, istismar müddəti bitməyib və təmir olunduqca xəttə buraxılır.

- Qatar parkının yenilənməsi ilə bağlı hansı işlər görülür?

- "Azərbaycan Dəmir Yolları"nın qatar parkı yenilənməkdə davam edir. “Stadler” şirkəti ilə imzalanmış müqavilə əsasında ötən ilin sonlarında yeni qatarlar alındı. Həmin qatarlar iyun ayından Bakı-Ağstafa-Bakı marşrutunda istifadə olunur, nəticədə reyslərin sayı 2-dən 4-ə çatdırıldı.

Bundan başqa, bəzi hərəkət tərkiblərini öz depolarımızda təmir edirik. Bəzi avadanlıqlar xaricdən alınsa da, təmir işlərini öz depolarımızda həyata keçiririk. Proses davam etdirilir. Lokomotivlərin əsaslı təmiri isə hələ ki xarici ölkələrdə edilir. Gələcəkdə isə “Stadler” qatarlarının təmiri və texniki xidməti məhz Bakıda həyata keçiriləcək. Bununla bağlı “Stadler Rail” şirkəti ilə Regional Servis Mərkəzinin tikintisi barədə müqavilə imzalanıb. Mərkəz Böyükşor ərazisində inşa olunacaq. Regional Servis Mərkəzinin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.

- Yaxın vaxtlarda hansı dəmiryol xəttinin yenilənməsi planlaşdırılır?

- Hazırda Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə yükdaşımanın artırılması istiqamətində işlər davam etdirilir. Ötən ilin sentyabrında Asiya İnkişaf Bankı ilə Sumqayıt–Yalama xəttinin modernləşdirilməsi üçün 131 milyon dollar məbləğində kredit sazişi imzalanıb. Bu yol Şimal-Cənub dəhlizinin bir hissəsidir. Dəmiryol xəttinin yenidən qurulması üzrə işlərin artıq 80%-ə yaxını başa çatdırılıb.

Bundan başqa, Bakı-Astara dəmir yolu istiqamətində layihələndirmə işlərinin başlanması nəzərdə tutulur. Bu yol da Şimal-Cənub dəhlizinin bir hissəsidir. Hazırda bu xətt üzrə yollar yenilənməlidir. Elə sahələr var ki, yük qatarının aşağı sürətlə hərəkətini təmin etmək olur, lakin sərnişindaşıma üçün standartlara cavab vermir.

- Azərbaycan həm də yük daşımaları baxımından tranzit ölkədir. Hansı ölkələrdən yükləri qəbul edib hansı ölkələrə göndəririk? Ötən il nə qədər yük daşınıb və bu il nə qədər planlaşdırılır?

- Azərbaycan Şərqdən Qərbə və Şimaldan Cənuba gedən ticarət yollarının kəsişməsində yerləşir. ADY Azərbaycan üzərindən keçən beynəlxalq dəhlizlərin inkişafında aparıcı rol oynayır. Çindən, Mərkəzi Asiyadan yüklərin qəbul edilərək Gürcüstan vasitəsilə Türkiyəyə, oradan Avropa ölkələrinə çatdırılması təmin olunur. Əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu ilə ötən il ərzində 3,2 milyon tondan çox yük daşınıb. Şimal-Cənub dəhlizi ilə Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcmi isə 2024-cü ildə 814 min ton olub.

Ötən il həmçinin Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib. Bu, yerli sahibkarlara öz yüklərini Orta Dəhlizlə birbaşa Çinə göndərməyə şərait yaradır.

- 2025-ci ildə dəmir yolunda hansı yeniliklər gözlənilir?

- Bu il "Azərbaycan Dəmir Yolları" Orta Dəhlizlə yükdaşımaların artırılmasını hədəfləyir. 2024-cü ildə Çindən Azərbaycana 358 konteyner blok-qatarı göndərilib. Bunun artıq 287-si qəbul edilib. 2025-ci ildə bu göstəricinin daha da artırılması hədəflənir. Söhbət 1000 və daha artıq blok-qatarın Azərbaycan ərazisi ilə daşınmasından gedir.

Bundan başqa, sərnişindaşıma sahəsində yeni rəqəmsal həllərin tətbiqi nəzərdə tutulur. 2024-cü ildə bir sıra rəqəmsal yeniliklər oldu. Məsələn, əgər əvvəllər sərnişin şəxsiyyət vəsiqəsini təqdim etmədiyi təqdirdə qatara daxil ola bilməzdi. Lakin indi sərnişin şəxsiyyət vəsiqəsi haqqında məlumatları “Mygov.az” portalı vasitəsilə QR kod şəklində əldə edir və rahat şəkildə qatara keçir. Bundan başqa, turniketlərin sayını artırmışıq. Gələcəkdə isə “Sima Pay” üzərindən üztanıma sistemi ilə turniketlərdən təmassız keçidi reallaşdırmağı planlaşdırırıq. Çünki pik saatlarda turniketlərdə növbə yaranır, bu da bəzən sərnişinlərin rahat keçidinə imkan vermir.

- Bir qədər də təhlükəsizlik məsələlərindən danışaq. Qatar yoluna piyadaların qəfil çıxması, qatara daş atma halları artıb. Bu, nə ilə əlaqədardır?

- Təhlükəsizlik ADY üçün çox vacib məsələdir. Biz davamlı olaraq vətəndaşlara çağırış edirik ki, diqqətli olsunlar. Valideynlərə çağırış edirik. Bəzən elə hallar olur ki, valideyn diqqətsizliyindən uşaq qatar yoluna çıxır. Bu da təəssüf ki, bədbəxt hadisə ilə nəticələnir. Elə sizin sayt vasitəsilə vətəndaşlara bir daha çağırış edirik ki, dəmir yollarını müəyyən edilmiş keçidlərdən istifadə etməklə keçsinlər. Bəzən piyadalar qulaqlıqla relslərin üstünə çıxır və ya yolu telefona baxa-baxa keçir. Ani diqqətsizlik də xoş olmayan hadisə ilə nəticələnir. Müasir qatarlar köhnə qatarlarla müqayisədə səssizdir. Doğrudur, döngələrdə, stansiyalara çatanda qatarlar siqnal verir. Əslində, əhalinin sıx məskunlaşdığı ərazilərdən keçən dəmir yollarının kənarları çəpərlənib. Buna baxmayaraq, insanlar bəzi yerlərdə həmin çəpərləri kəsir, dəmir yolunu müəyyən edilməmiş yerlərdən keçirlər.

Bütün bu və digər qayda pozuntuları, insanların qatarın yoluna qəfil çıxması nəticəsində 2024-cü ildə 17 toqquşma hadisəsi yaşanıb, nəticədə 11 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daha bir problem vətəndaşların, əsasən də yeniyetmələrin qatarlara daş atmasıdır. Bu, əsasən, Bakı-Pirşağı-Sumqayıt xəttində qeydə alınır. Bu məsələdə valideynlər məsuliyyətli olmalıdır. Belə hadisələri törədən şəxslər hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilir, məsuliyyətə cəlb edilir, azyaşlıdırsa, onların valideyni ilə söhbət aparılır, qatara dəymiş ziyan hesablanır və ödənilməsi üçün müvafiq addımlar atılır. 2023-cü ildə qatarlara 28 dəfə daş atılması qeydə alınmışdısa, ötən il bu göstərici 46 olub.

Vətəndaşlar nəzərə almalıdırlar ki, qatarlar hamımızındır, bizim rahatlığımız üçündür. Lakin belə hallar həm maşinistlərə, həm sərnişinlərə stres yaşadır, həm də qatarlara ziyan dəyir.

- Maraqlı müsahibəyə təşəkkür edirik.

- Müsahibə üçün yaratdığınız şəraitə görə minnətdaram.

Samir Əli

Bu qalereyadakı cəmi şəkil sayı - 15