Close

"Dedim ki, o, kişi adam idi... Yazıçılar Birliyində hay-küy Anar gedən kimi kəsiləcək" - MÜSAHİBƏ

Yazıçı Əlabbas Bağırovun TNS-ə müsahibəsi.

Yazıçı ilə Yeni il qabağı könül söhbətini təqdim edirik.

- Xoş gördük, Əlabbas müəllim. İlin bu son günlərində hansı əhval-ruhiyyədəsiniz? 

– Deyim ki, hazırda xüsusi nəsə baş verir, elə deyil. O 1988-dən 2020-yə qədər olub. Ümidimi həmişə Yeni ilə bağlayardım ki, bəlkə Allah bu il bu binəva millətin üzünə baxa. Belə-belə ömrün ən yaşanmalı otuz ili keçib, getdi. Axır ki, bir qərinənin tamamında arzum çin oldu. Dörd ildi, həkimlərdən yığışmışam, səhhətim az-maz düzələn kimidir. Amma gözüm o qədər qorxub ki, Qarabağda bəd ruhların yenidən cövlan edəcəyi fikri hərdən indinin özündə də canımdan sızıltı kimi keçib gedir. Deyirəm, Allah eləməmiş, birdən gözümüzü açarıq ki, altdan-altdan iş görənlərin əlindəki binokl yox, silah imiş, onda özümüzü hara qoyarıq? Qoy, illər bir-birini daha tez-tez əvəz eləsin, o yerlərdə tam məskunlaşa bilək, Qoca Qitədə oturub, gündə əleyhimizə bir qərar qəbul edənlər burunlarını Azərbaycana soxmaqdan birdəfəlik əl çəksinlər, biz də Naxçıvana Bakıdan Şuşaya olduğu kimi gedib-gələ bilək.       

– Müsahibə üçün görüşmək istəyəndə əlinizdə xeyli işiniz olduğunu dediniz. Vaxtınızı ən çox nəyə xərcləyirsiniz?

– Altmışdan sonra vaxt yox, ömür xərcləyirsən. Bilə-bilə ki, hər şey sona doğru gedir, olub-qalan gücün də tükənir, əvəzində yeganə qazancın heç quru “sağ ol” da deyil, avamcasına hələ də səngərdə qurdalanmaq nədir bəs: dörd kitabım çap növbəsi gözləyir, bir roman, bir povest, beş-üç də hekayə yazmışam. Hər dəfə də elə həvəslə işə başlayıram ki, guya, bunlar olmasa, olmaz. Qərəz, yenə özünü aldatmaq! Bunun başqa adı yoxdur. 

– Əsərlərinizdən davamlı etiraz, üsyan dalğası vurur adamı. Bu üsyankarlıq sonradan yaranıb, yoxsa elə əvvəldən belə idiniz?

– Əgər xatirinizdədirsə, “Qiyamçı”nın (müsahibin romanı – red.) ilk cümləsi belədir: “Bu dünyada mənimçün ilk öpüşdən də şirin şeylər olub”. Onlardan biri də kənd toylarında özümdən böyük uşaqların kürəyini yerə vurduğum anlar idi. Dediyim odur ki, təslim olmamaq, döyüş əzmi, barışmazlıq hiss etdiyim qədər qanla bağlıdır, sonradan qazanılmır. Dəyərli söz adamı Vaqif Yusifli də qiyamçı obrazlarım haqda yazı ilə çıxış edəndən sonra bir daha başa düşdüm ki, bütün kişi obrazlarımda öz təbiətimdən gələn nəsə var, illah da mübarizə əzmi, sonacan vuruş və yaxşı mənada inadkarlıq.

– Xeyli kitabınız nəşr olunub. İndiyədək onlardan hansı daha çox satılıb?

- Sovetin vaxtında kitab satışını aidiyyəti orqanlar həyata keçirirdi. “Azərkitab”, “Kəndkitab” deyilən təşkilatlar var idi və dediyiniz iş onların vasitəsilə realizə olunurdu. Az-çox mənə də o satışdan pay düşüb. 1989-cu ildə birdən-birə iki kitabım nəşr olundu. “Güdaz” çıxan il (1993) o sistem hələ də fəaliyyətdə idi. Mənimçün hər şey o kitabla bitdi və hədiyyələr dövrü gəlib çatdı. Onu tənqidçi və yazıçı dostlarıma, oxucularıma, həvəsində olanlara və axtarıb-arayanlara, necə deyərlər, birinci əldən yalnız özüm bağışlamışam. Təzə-təzə maşın sürməyi öyrənəndə onları daha çox yol polisi əməkdaşlarına verərdim ki, yanlışlarıma göz yumsunlar. Onlar da yumurdular, sağ olsunlar. Bəlkə də, on beş il əvvəl tək-tük yol polisi tapardın ki, onda “Qiyamçı” olmasın.  

– Həmkarlarınız arasında necə, kitab satışından  pul qazananlar var, sizcə?

- Kitabın bazarı çoxdan bağlanıb. Bunu bilə-bilə Azərbaycanda taleyini bədii ədəbiyyata bağlayanlar, bəlkə də, dünyanın ən fədakar insanlarıdır ki, hələ də bu ağır, üzücü, can alan işlə məşğuldurlar. Bunu deməklə kimsənin haqqına girmək istəmirəm, amma soruşsan, bir çoxu səbəbini də bilməz ki, dolanışığın məşəqqət halına gəlib çatdığı, qonorara həsrət qaldığı və sıravi müğənni qədər də hörməti olmadığı bir gündə onu bu işin dalında dayanmağa təhrik edən nədir? Şan-şöhrət azarımı, içindəki ağrılardan xilas olmaq ehtiyacımı, mənəvi dəyərlərə aşırı sədaqətmi, ya adını bilmədiyimiz digər bir səbəb? Konkret sualınıza gəldikdə isə cavabım birmənalı olaraq “yox”dur.

- Sosial şəbəkələrdə yazıçılarla bağlı gedən müzakirələrin birində gözümə “qəribə” bir rəy sataşdı. Biri yazırdı: “Bədii əsər estetik zövq üçün yazılır. Əgər təlabat yoxdursa, niyə yazırsız?” Sizcə, kitabı bu qədər dar çənbərin içinə qoyanlar üçün yazmağa dəyər?

- Daş kitabələrdən elektron versiyalarına qədər uzun bir yol keçmiş bugünkü kitabın süni intellektin ayaq açıb nəhəng addımlarla yeridiyi dönəmdə hələ də baş saxlaya bilməyinin özü artıq bir möcüzədir. Düşünəndə ki, səkkiz milyardlıq bəşəriyyət bu dəqiqə adına smartfon dediyimiz əl boyda balaca bir cihazla idarə olunur, daha niyə təəccüblənəsən ki? Görünür, öz zamanını başa vurmaq kimi təhlükəli növbə artıq kitaba da çatıb. Əslində nədir kitab? İçərisinə yüzlərlə, minlərlə düşüncənin intişar tapdığı fikir sistemi yerləşdirilmiş nəhəng bir cümlə...

Neçə əsrlərdir ki, insan oğlu fərqinə varmadan o bircə cümləni kitab adı ilə sevə-sevə oxuyur, zövq alır, fikir öyrənir, biliyini cilalayır və sairə və ilaxır... Dünyamızın gəlib bu günə çatması üçün bütün bəşəriyyətin borclu olduğu tək və ən möhtəşəm abidə, əlbəttə ki, kitabdır. Bunu kim dana bilər? Artıq o, başqa söhbətin mövzusudur ki, bədii əsər estetik zövq üçün yazılır, ya yox? Ona tələbatın olub-olmamasını kim müəyyənləşdirir? O fikri ortaya atanmı, müəllif, ya adına oxucu dediyimiz kütlə? Qısaca onu deyə bilərəm ki, çox qəliz bir zəmanəyə gəlib çıxmışıq və görünən odur ki, hətta mən yaşda olanların da bədii kitabın fatihəsinin verilməyini görməyə gen-bol ömrü çatacaq. Sonu acı təəssüf olsa belə...  

- Taleyinin Tanrı ilə həmşərik müəllifi olan Əlabbas müəllim öz müəllifliyindən razıdırmı? 

– Razılıq etsəm, qorxuram, müştəbehlik kimi çıxa, narazılıq etməyə isə dilim gəlmir, çünki insan hansı mənadasa, həm də özü özünün yaradıcısıdır. Bir səs məni həmişə bəlli bir yerə qədər müşayiət edib, ayrılıq dəmində isə: “Burdan belə özün get. Yol özü səni aparacaq!” – deyib. Öz aləmimdə Tanrı pıçıltısı sandığım o səs ömrüm uzunu mənimlə olub, daim eşitmişəm onu, bu saat da qulaqlarımdadır. Heç olmayıb ki,  O “bu işin dalınca getmə” deyə, mən gedəm. Mənim müəllifliyim belə olub həmişə. Elə bilmə ki, iyirmi il əvvəl süzülüb qələmə gələn bu fikir kiməsə xoşa gəlmək üçündür, yox, o, uzun-uzadı və dərin müşahidələrin  sonunda gəldiyim qəti qənaətdir: “Məndən ötrü uşaqlıq yaddaşı ilə qələm arasında gözəgörünməz, üzvi bir bağlılıq var və o məsafə ağacla yox, yazı ömrü kimi zamanla ölçülən məsafədir. Bu yazı da o yazıdandır, ya yox, bilmirəm, intəhası nəstəliq xətti, nəbati naxışları ilə alnımdakılara da hədsiz oxşarı var. Fərq bircə ondadır ki, onu Allah yazıb, qırx yeddi ilin yazısıdır... amma heç bunu da mən yazmamışam, Yazan yazdırıb, xəttatı mənəm”.

- Gündəmdə, diqqət mərkəzində olmağa can atan yazarlara münasibətiniz necədir? 

- Cavan olsaydım, söz yox ki, cavabım da fərqli olardı. Amma gəlib çatdığım yaş mənə deyir ki, başqaları ilə işin olmasın, daha sənin o vaxtın deyil. Rəhmətlik Qədir Rüstəmovla doxsanıncı illərdə eşitdiyim söhbət yadıma düşür. Müsahibi soruşur ki, Qədir müəllim, filankəs necə oxuyur? O da deyir, yaxşı oxuyur. Bəs filankəs necə? Deyir, o da yaxşı oxuyur. Filankəs də kim olsa yaxşıdır? Sıradan bir toy müğənnisi. O danışır, mən də öz-özümə deyirəm, ay saqqalıağarmış, “Sona bülbüllər”ə möhür basan kişinin belə qiymət verməyə haqqı yoxdur axı. Niyə pisə yaxşı deyirsən? Səni buna məcbur edən var? İndi başa düşürəm ki, sən demə, o pıçıltını 70 yaş ərəfəsində elə hamı eşidirmiş. Bu, mənim igidliyim deyilmiş. 

- 20 yaşında “Köhnə kişi” kimi kifayət qədər ağır, çətin mövzu ilə yaradıcılığa başlamısnız. “Dəli Kür”ün Cahandar ağasından təsirlənmə olmayıb ki?

- Belə deyirsiniz, düşünürəm ki,  deyəsən, bu qıza agah olan nəsə var, yoxsa belə danışmaz. Çünki o sirri ki, sənə açacam, onu heç yazılarımda da dilə gətirməmişəm. Demək, belədi məsələ...

“Dəli Kür”ü oxuyanda on üç yaşda idim. Soruşa bilərsən ki, o yaş hara, bu roman hara və düz də eləyərsən. Mən onu “Dəli Kür” olduğuna görə oxumurdum ki! O vaxt nə bilirdim “Dəli Kür” nədir, onu yazan kimdir, roman nə təhər olur? Ona görə oxuyurdum ki, yaşıl cildli o qalın kitabı oxumaq növbəsi mənim idi. O vaxtlar, sizə 70-ci ilin söhbətini eləyirəm, belə idi bizdə: şəhərin istisindən baş götürüb qaçan əmim uşaqları ilə uzun yay tətili boyunca bağçada, altına xalça sərilmiş uca ağacların qalın kölgəsində bəhsə-bəhs xeyli kitab oxuyardıq. Balaca olduğuma görə növbə mənə lap axırda çatırdı. Mütaliə başdansovdu ola bilməzdi, çünki bizi bu işin sonunda  o illər Culfa Rayon Partiya Komitəsinin birinci katibi işləyən böyük əmim İbrahim Bağırov və sonralar AMEA-nın müxbir üzvü seçilən kiçik əmim Adil Bağırovun iştirakı ilə sual-cavab gözləyirdi. Deyim ki, o cür ciddi müzakirələri illər sonra  AYB-nin Natəvan klubunda keçirilən onlarla kitab təqdimatının birində də görə bilmədim.    

Ortaya çıxan saysız-hesabsız sualların içində ən çətini bu olardı: əsərin əsas ideyası nədir?  Nəyə də cavab versəm, həmişə bu yerdə ilişirdim. Elə bil, zəif damarımı əmimgil də bilirdi. O yay “Dəli Kür”ün Azərbaycan ədəbi mühitində Məmməd Arazın kəndi kimi tanınan Nursuda, bir axşamtərəfi açıq havada keçirilən yeddinəfərlik müzakirəsi məni yenə yanar odların içinə atdı. Sözügedən sualda əmim  halımı necə fəna gördüsə, vəziyyətdən çıxım deyə bir az üzdən getməyə məcbur oldu, yaxşı, dedi, bu sualı saxlayaq sonraya, de görüm Cahandar ağa necə adam idi? 

Pəhh! Elə bunu gözləmirdim? Güllə kimi açıldım:

– Kişi adam idi.  

Əmim uğunub getdi, hamımız bir-birimizə qarışdıq, onlara baxıb, mən də əməlli-başlı ürəkləndim. Gül ki, güləsən. Özünə gələn əmim:

– Elə sən də kişi adamsan, – deyib cod, qıvrım saçlarımı sığalladı, – Yağlı bir beş! Bu gün birinci yer sənindir!

Söz düşmüşkən, onu da xatırladım: o yay oxunan kitablar arasında “Robinzon Kruzonun sərgüzəştləri”, “Şahzadə və dilənçi” ilə bərabər məni ömürlük öz cazibəsinə salan daha bir kitab var idi: “Köşək gözü.” Mətbəə yapışqanının iyi bu günün özündə də burnumdan getməyən o kitab uzun illər yazı masamın üstündən əskik olmadı. Sonra isə onun yerini yalnız bir kitab – “Əsrə bərabər gün” tutdu. Məncə, bu yerdə sualın cavabı da öz-özünə yaranır: “Dəli Kür” yox!  

 – Yazı və müsahibələrinizdə Mövlud Süleymanlının adı tez-tez hallanır. Əgər vaxtilə onun əlində olan imkan Sizdə olsaydı, necə davranardınız?

– Sinəmə çalın-çarpaz dağ çəksə də, Mövludla məsələmi sağlığında çürütdüm. Ona görə bir daha bu söhbətə qayıtmamağı qət etmişəm. Qaldı necə davranmağa, əlimdə imkan olmadan da mən istedadların üzünə həmişə qapı açmışam. 1980-ci illərin sonunda “Ulduz” jurnalında balaca bir işim olsa da, hərdən mənə də əsər oxumaq etibar edərdilər. Moskvadan yenicə qayıtmış, tanımadığım Rafiq Tağının üç hekayəsini Abbas Abdullaya ilk dəfə bəh-bəhlə mən təqdim etmişəm. Eluca Atalı, İlqar İlkin, İbrahim İbrahimli, Mübariz Örən, Kəramət Böyükçöl, Orxan Cuvarlı, Vüqar Vəkiloğlu kimi bu günün usta qələmlərinə və bir çox başqalarına ilk ürək-dirək verənlərdən biri də mən olmuşam. Xeyirxahlıq da qol-qanad qırmaq deyil ki, hər kəs bacarsın.  

– Əlabbas müəllim, Yazıçılar  Birliyinə üzv olmaq adi hala çevrilib. Vaxtilə qarşınıza “kötük atılmasını” haqsız hesab etdiyiniz qədər, qapıların bu qədər asan açılmasına da etirazınız varmı?

-15-20 il əvvəl ədəbi prosesdəki canlanmanı xatırlamırsınız? Hələ o zaman yazmışdım ki, hazırda Azərbaycanda neftdən çox roman istehsal olunur. Ədəbiyyata hər yeni gələn nüfuz meydanında üzəngi parıldadıb bir müddətdən sonra qeybə çəkilirdi. Çünki onların əksəriyyəti kabab iyinə gələnlər idi. Az zaman içində ən azı onu hiss etdilər ki, ədəbiyyat hər adamın duracağı yer deyil. Heç Yazıçılar Birliyi də adama istedad vermir, olsa-olsa özünü yaxşı aparanlara birillik təqaüd verir. Necə gəlmişdilər, üzüsulu da yoxa çıxdılar. Maraqlıdır ki, onların arasında az-çox ciddi imzalar da vardı.

 - Azad yazıçının Azərbaycan Yazıçılar Birliyinə daxil olmasına necə baxırsınız? 

- Belə bölgü ilə razı deyiləm. Belə çıxmır ki, Yazıçılar Birliyi qəlbən azad olmayanların təşkilatıdır? Ora üzv olmaq da, çıxmaq da hər kəsin öz seçimidir. Arxada qalan illərdə dəfələrlə şahidi olduq bunun. Hətta diqqət çəksin deyə hay-küylə, ərizə-filanla gedənləri də gördük, amma təqaüd alandan sonra... 

- Yazıçılar Birliyi niyə bu qədər topa tutulur? Sizdəmi oranı lazımsız qurum hesab edirsiniz? 

- Anar müəllim təşkilatdan gedən kimi hay-küy də kəsiləcək. Hər şey ona görədir. Buna qəti şübhəniz olmasın. AYB lazımsız yox, ciddi islahatlara ehtiyacı olan qurumdur. 

- Deyirsiniz ki, vicdanlı qələm əhli mağardan qıraqda, eləcə eşitdiyi toy havasına öz aləmində oynayan uşaq kimidir. Bəs, vicdanısız qələm əhlinin vəziyyətini necə təsvir edərdiniz?

- Onları Məmməd əmi (Araz) “ağızdan halal tikəni qapanlar kimi” “vəsf edibsə”, daha mən nə deyim? Suala cavabımı isə “Sona bülbüllər”in müəllifindən çəkdiyim misalla qiyas götürün. 

- “Mən gəlib şəhərdə bilmişəm ki, adamın ad günü də olur”. Belə yazmışdınız bir vaxtlar. Ötən illər şəhər həyatı Əlabbas müəlllimə daha nələri öyrətdi?

Üzü 70-ə gedərkən daha hansı sirlərə vaqif oldunuz? 

- Çox dara-baradan sonra başa düşdüm ki, hər şeyə səbəb içimdə sadəlövh bir kənd uşağının hələ də sağ qalmağı olub. Mən dünyaya bu gün də şəhərin təntidib əldən saldığı, üzü bədliklər görmüş, murdarlar, şeytanlar yola salmış bir ahılın yox, hələ də o avam uşağın gözü ilə baxıram. Hərdən düşünürəm ki, görəsən, dünyanın altını, üstünü bilməyim nəyi dəyişə bilərmiş həyatımda? 

- “Yaşamaq həmişə olduğundan daha çox məşəqqətə çevrilib” – sizin fikrinizdir. Bu qənaətinizə nədən olan ən azı 5 səbəb vuğulamağınızı istəsəm...

- Hətta beşdən də çox səbəb var, amma onlardan yalnız birini deyim. Artıq hər şeyin arxada qaldığını və bir daha geri dönməyəcəyini hiss etmək qədər ağır heç nə yoxmuş dünyada.  

- Başqasına roman, əsər, dissertasiya yazdıranı qoyuram bir kənara. Onlar haqqında nə düşündüyünüzü soruşmuram. Bu işi görənlərə münasibətiniz necədir?

- Hələ səksənlərin əvvəlində ilk hekayələrimdən olan “Başsağlığı”nda təsvirə çəkmişəm bunu. Sonra “Gecəyarısı hadisə” gəldi, ardınca isə “Mərənd ölüsü”. İkinci hekayəni yazanda (1992) Bakı Dövlət Universitetində işləyirdim. Günün birində ərizəmi yazıb o vaxtlar rektor və hörmətim olan Murtuz müəllimin yanına getdim. Kim qəlbinə dəyib, soruşdu. Deyə bilmədim ki, könül quşum uçub, “Gecəyarısı hadisə”ni yazıb universitetdə qalmaq günahdı, vallah... Hərənin bir sentimental vaxtı olur, tərs kimi mənimki də o illərə düşmüşdü.  Elə o təsirlə də sonuncu hekayə dünyaya gəldi, həm də etirafımla: “Mərənd ölüsü”ndəki Talıb mən özüməm”. Bu yerdə böyük Səmədin sözünü də unutmayaq: “Ehtiyac qul edər qəhrəmanı da”.

- Ona-buna əsər yazdıranlar arasında şöhrət tapanlar çox olub?

- Onları həmişə gözükölgəli, diligödək  gördüm. Belə adamlar şəkkak olurlar axı. Yetməzmi bu?  

- “Azərbaycan ədəbiyyatı indi ən böhranlı dövrünü yaşayır. İmitasiya var, ədəbiyyatın özü yoxdur”.  Rasim Qaracanın bu fikrinə bir əlavəniz var? 

- Bəzi istisnalar olmaqla şərikəm Rasim bəyin fikrinə. Düz sözə nə deyəsən? Ondan da dəqiqi Anar müəllimin sözü idi: ədəbiyyatın qızılca dövrü. Amma o daha əvvəllərə aid idi. 

- Əsərləriniz  haqda tənqid yazanlara qarşı tutarlı cavablarınız var. Haqlı iradlar olubmu? 

- Az da olsa, olub. Düzünü demək indi məndən heç nə almır. 

- İstedadlı qələm əhlinə qarşı qısqanc yanaşmalar 1937-ci ildə onların repressiyaya məruz qalmasına şərait yaratdı. Bəs bu gün həmin yanaşma nələrə səbəb olur?

- Deməzdim repressiyaya uğrayanlar qısqanc münasibətin qurbanı olublar. Bunun bütün ölkə ərazisini bürümüş fundamental səbəbləri vardı. O cür naqislikləri 50-90-cı illərdə əsasən redaksiya, nəşriyyat, templan şöbələrində edirdilər, çünki o zamanlar ədəbiyyat çörəkli peşə idi. Bu gün isə istedadıl şəxslərin qarşısını o cür murdar fəndlərlə almaq üçün mexanizm qalmayıb artıq.       

- Əlabbas müəllim, qələmi etibarlı sığınacaq hesab etmək olar?

– Bu yerdə Məmməd əminin muncuq tək sapa düzdüyü incilər yada düşür:

Anadan, bacıdan gizlətdiyimi,

Kağızdan, qələmdən gizlətməmişəm.

Təəssüf ki, bəlkə də, çox yaxın gələcəkdə biz qələm haqda keçmiş zamanda danışmalı olacağıq. Gör, heç lələkdən danışan var bu gün? “Əlli ilin əlli müəmması”ndandır bu fikir: “Mən indi tək alın yazısına deyil, adicə kağız parçasına həkk olunmuş dəyərli fikrə də sadəlövhcəsinə heyrət edənlərdənəm...

Hələ bir yandan da baxıram ki, deməyəsən, nə etibar varmış, elə kağıza varmış”. Bax belə... 

- “Qiyamçı”da adamların dədə-baba yurdundan dərbədər olmağına etirazınız var. Roman geniş oxucu kütləsinə zamanında çatmış olsaydı, nəsə dəyişə bilərdi? Axı bədii ədəbiyyatın missiyalarından biri də insanları “oyandırmaqdır”. 

– İnanmıram, əsərlə nəyisə dəyişmək mümkün ola biləydi, o da qalmışdı ağzından süd iyi gələn, kimsənin tanımadığı bir müəllifin əsəri ilə. Həm də o cür qarşısıalınmaz tarixi proseslər ərəfəsində...

Amma belə şeylər olub. Hüqo yazırdı ki, Fransa inqilabını Volterin əsərləri törədib. 

– Dövrün havasızlığı sizi dara çəkəndə, ən çox nədən mədəd umursunuz?

- Yenə sağ olsun yazı masası və çox az sayda qalan dostlarla dərd bölmək!

- Əlabbas müəllim, “şeypurda vağzalı çalanlar” ki, deyirsiniz... Bu gün onların sayı çoxdurmu?

– Nakəslər tarixin bütün dönəmlərində olub. Özünüzü aldatmayın ki, ən sivil  dövrə və məmləkətə qədəm qoysaq belə onlardan can qurtaracağıq. Elə şey yoxdur. Mələklə  şeytanı Allah bir yerdə yaradıb.

–  Bu gün kimləri zövqlə oxuyursunuz?

– Yalnız klassikləri! 

– Əgər bircə saatlıq gəncliyinizə dönsəydiniz, nə edərdiniz?

– Güman edirsiniz ki, o qəfil dönüşdən sonra adamın başına hava gəlməz? 

- Söz adamı ilə söhbət uzandıqca uzanır. Bugünkü söhbətimizin sonu üçün soruşmaq istəyirəm. Oxucularınıza, gənclərimizə, ümumiyyətlə sizi sevənlərə nə demək istəyirsiniz? 

- Yeni illəri mübarək! Xoşbəxt olsunlar!

- Sizin də Yeni iliniz mübarək olsun. Maraqlı müsahibə üçün təşəkkür edirik.

Aygün İbrahimli