Close

20:39
22 Noyabr 2024

“Gələn il bütün pensiya və maaşlar artırılacaq” - MÜSAHİBƏ

Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov gələn il nəzərdə tutulan əməkhaqqı və pensiya artımları, vergi güzəştləri və digər məsələlərlə bağlı TNS-in suallarını cavablandırıb.

- Vüqar müəllim, məlumdur ki, gələn il əməkhaqqı və pensiya artımı nəzərdə tutulub. Artıq mətbuatda konkret rəqəmlər də səsləndirilib. Rəqəmlərdə dəyişiklik gözlənilir?

- Prezident İlham Əliyev tərəfindən minimum pensiya və əməkhaqqının artırılması ilə bağlı tapşırıqlar var. Buna uyğun olaraq, son aylar müvafiq dövlət qurumları qiymətləndirmə aparır. Məqsəd növbəti ildə sosial paketin genişlənməsi istiqamətlərinin müəyyənləşdirilməsi və buna uyğun olaraq, sosial paketin dərinləşməsindən ibarətdir. Biz minimum əməkhaqqı və pensiya ilə bağlı təkliflərimizi təqdim etmişik. Təkliflərimiz ona əsaslanır ki, 2023 və 2024-cü illərdə ölkəmizdə qeydə alınan infilyasiya səviyyəsi nəzərə alınmaqla, artımlar həyata keçirilsin. Hər iki istiqamətdə artımların iki rəqəmli olması məqsədəuyğundur. Sözsüz, bu artım bizim fiskal imkanlarımız çərçivəsində həyata keçiriləcək. Birmənalı şəkildə artımlar xüsusilə 2025-ci ildə nəzərdə tutulan sosial öhdəliklərə uyğun olaraq reallaşacaq. Ümumiyyətlə, 2025-ci ildə sosial paketin dərinləşməsi nəzərdə tutulur. Çünki büdcə xərclərində sosial istiqamətlərə yönəldilən vəsaitlərin həcmi 17 milyard manata yaxındır. Digər tərəfdən, büdcə xərclərinin 43 faizi birbaşa sosial istiqamətə yönəldilən vəsaitlərdir. Sosial müdafiə və sosial təminata 4 milyard 800 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da sosial istiqamətdə artımların həyata keçirilməsi anlamına gəlir. Büdcədə əks olunan rəqəmlər ondan xəbər verir ki, növbəti il sosial paket genişlənəcək.

Cənab Prezidentin göstərişinə uyğun olaraq, bu istiqamətdə həyata keçirilən siyasət daha çox vətəndaşlarımızın sosial təminat tədbirlərindən faydalanmasına imkan yaradacaq.

- Gələn il müavinət və təqaüdlərin artımı da olacaqmı?

- Sosial paket yalnız minimum ödənişlərin deyil, eləcə də bir sıra müavinət və təqaüdlərin artırılmasını da özündə ehtiva edəcək. Artıq bununla bağlı büdcə müzakirələrində xüsusi məlumatlar da qeyd olunub. Bəzi müavinətlərin, eləcə də təqaüdlərin artırılması nəzərdə tutulur. Ehtiyac meyarının artırılması, ünvanlı sosial yardım proqramı çərçivəsində yardım alan vətəndaşların büdcədən aldıqları vəsaitlərin artmasına imkan verəcək. Ona görə 2025-ci ildə sosial paketin daha da dərinləşməsi və daha çox vətəndaşlarımızın sosial təminatının dövlət büdcəsinin ayrılmaları hesabına ödənilməsi nəzərdə tutulur. Bu, praktiki olaraq xüsusən də sosial istiqamətə ayrılan vəsaitlərin həcminin artırılması ilə bağlıdır.

- Təqaüd və müavinətlərin nə qədər olacağı ilə bağlı konkret rəqəmlər demək olarmı? Məsələn, xəstəliyə görə 220 manat müavinət alanlar var...

- Bunu sosial paket elan olunduqdan sonra, onun istiqamətlərinə uyğun olaraq konkret cavablandırmaq mümkün olacaq. Amma büdcə müzakirələrində də qeyd olunduğu kimi, bir sıra müavinət və təqaüdlərin artırılması nəzərdə tutulur. Bu da nəticə etibarilə sosial paketin yalnız minimum əmək haqqı və pensiya deyil, həm də müavinət və təqaüdləri əhatə edəcəyindən xəbər verir.

- Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər mikrosahibkarlar üçün hansı imkanları yaradacaq?

- Təkliflər bir neçə istiqaməti özündə ehtiva edir. Bütövlükdə vergi güzəştlərinin dairəsinin genişləndirilməsi, xüsusən də mikrosahibkarlar üçün vergi güzəştlərinin tətbiqinin həyata keçirilməsi nəzərdə tutulur. O cümlədən, dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni sərmayənin cəlb edilməsi, yaşıl iqtisadiyyatın dəstəklənməsi və qeyri-leqal fəaliyyət göstərən sahibkarlığın kiçildilməsi, vergi üçot nəzarətinin daha da gücləndirilməsi, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin gücləndirilməsi, eləcə də bir sıra sektorlarda, o cümlədən mədəniyyət sektorunda güzəştlərin tətbiq edilməsini ehtiva edir. Dövlət-özəl tərəfdaşlıq layihələrində dövlət - özəl tərəfdaşlığı müqaviləsində 30 ildən çox olmayan mənfəət, əmlak torpaq, idxalda əlavə dəyər vergisi üzrə güzəştlərin tətbiqi nəzərdə tutulur. Bu zaman həmin layihənin dəyəri 30 milyon manatdan çox olmalıdır. Maksimum müddət isə 49 il olması nəzərdə tutulur. Yaşıl iqtisadiyyatda yerli avtobus istehsalçılarına vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Sənaye məhəllələrində vergi güzəştləri davam etdirilir. Eyni zamanda, Azərbaycanda istehsal olunan avtobusların satışının, o cümlədən hüquqi şəxslər tərəfindən istehsal məqsədilə gətirilən avtobusların ehtiyat hissələrinin idxalının 8 il müddətinə ƏDV-dən azad olunması nəzərdə tutulur.

Torpaq və əmlak vergisi üzrə də güzəştlər var. Qeyd etdiyimiz kimi, kiçik sahibkarlığın təşviq edilməsi üçün mikrosahibkarlar üçün 45 min manatadək olan gəlirə 75 faizədək güzəşt tətbiq olunacaq. Tibbi turizmdə keşbək rejimi tətbiq olunacaq.

5 il ərzində torpaq vergisində tam, mənfəət-gəlir vergisində 90 faiz güzəşt tətbiq edilməsi nəzərdə tutulur. Xidmətlər üzrə ƏDV-nin 50 faizinin geri qaytarılması reallaşacaq. Eyni zamanda, mənfəət-gəlir vergisi üzrə güzəştlərin faizi 70 dən 90-a qədər qaldırılacaq.

Güzəşt subyektlərinin sayı artırılır. Teatr, muzey sinfonik orkestr, film prodüserləri də siyahıya əlavə olunur. Bu da həmin şəxslərin daha çox gəlir əldə etməsinə və fəaliyyətlərini genişləndirməsinə imkan yaradacaq.

- Sosial yardım proqramında yaşayış minimumu anlayışından istifadə olunması nə üçün vacibdir?

- Xeyli müddətdir ki, ehtiyac meyarı yaşayış minimumu ilə eyniləşib. Ona görə də bizim təklifimiz ondan ibarətdir ki, beynəlxalq təcrübəni nəzərə almaqla, artıq ehtiyac meyarı yox, yaşayış minimumu anlayışından istifadə olunsun.

Nəzərə alsaq ki, əksər ölkələrdə ehtiyac meyarı anlayışı yoxdur. Bu, Rusiyada tətbiq olunan sistem idi. Ünvanlı sosial yardımda da yaşayış minimumu anlayışından istifadə olunması daha məqsədəuyğundur. Bu, həm oxşar iki meyardan istifadənin qarşısını almış olar, həm də yaşayış minimumu artıqca ünvanlı sosial yardım məbləğlərində də artımlara səbəb ola bilər. Düzdür, ehtiyac meyarı da son illər artır. Bu da ünvanlı sosial yardım proqramında yardım məbləğlərində artıma gətirir. Amma nəzərə alaq ki, artıq 3 ildir ki, yaşayış minimumu ilə ehtiyac meyarı eyniləşib. Ona görə də bir anlayışdan istifadə olunması və artımların bu çərçivədə müəyyənləşməsi vacibdir.

- 2025-ci il dövlət büdcəsinin gəlirlərinin formalaşmasında hər hansı bir çətinlik gözlənilirmi?

- Dövlət büdcəsinin gəlirlərinin 51 faizi qeyri-neft sektorunun payına düşür. Neft sektorunda da Dövlət Neft Fondunun transferi xüsusi paya malikdir.

Neftin dünya bazarında qiyməti büdcə gəlirlərinin formalaşması eyni zamanda Dövlət Neft Fondu, dövlət aktivləri baxımından vacibdir. 2025-ci il dövlət büdcəsinin gəlirlərinin formalaşmasında xüsusi bir çətinliyin olması gözlənilmir. Çünki Dövlət Neft Fondunun vəsaitləri var ki, onları dövlət büdcəsinə transfer edə biləcək. Bu da büdcə gəlirlərinin formalaşmasına təsir edəcək. Qeyri-neft sektoru üzrə öhdəliklərin yerinə yetirilməsində hər hansı bir çətinlik yoxdur. Son qiymətləndirmələr göstərir ki, qeyri-neft sektoru da bu istiqamətdə öz öhdəliklərini yerinə yetirə biləcək. Neftin büdcədəki qiymətinin 70 dollar nəzərdə tutulması, növbəti il orta qiymət nisbəti aşağı olsa da belə, həm qeyri-neft sektorundan daxilolmalar, həm də Dövlət Neft Fondunun ödənişləri hesabına dövlət büdcəsinin gəlirlərin təmini mümkün olacaq. Ona görə də dünya bazarında neftin qiyməti aşağı olsa, bu zaman Dövlət Neft Fondunun transferleri üçün hər hansı bir çətinlik yaranmayacaq. Çünki Fondun aktivləri, büdcəsi var. Bunlar da növbəti il üçün dövlət büdcəsinin gəlirlərini formalaşdırmağa imkan verəcək.

Aygün İbrahimli