Close

21:00
14 Noyabr 2024

Rəşad Məcid: "İctimaiyyət kimi qınadığını bilməlidir..." - MÜSAHİBƏ

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid COP29 zamanı jurnalistlərin üzərinə düşən məsuliyyət mövzusunda TNS-in suallarını cavablandırıb.

- Rəşad müəllim, məlum olduğu kimi, bu günlərdə Azərbaycana minlərlə xarici qonaq, sahəsi üzrə peşəkar mütəxəssislər gəlib. Sizcə, tədbir çərçivəsində jurnalistlərimizin üzərinə hansı məsuliyyət düşür? Ümumiyyətlə, mediamızın bu cür beynəlxalq tədbirlərdə işləmək bacarığı yetəri qədər inkişaf edibmi?

- Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi vacib tədbirə Azərbaycan çox məsuliyyətlə hazırlaşıb. Bir neçə gün öncə qeydiyyat sənədini götürmək üçün tədbirin keçiriləcəyi yerə gedən zaman bütün işlərin təşkilati və təhlükəsizlik baxımından yüksək səviyyədə qurulduğunu gördüm. Azərbaycana dünyanın müxtəlif ölkələrindən jurnalistlər gəlib. Bizim  jurnalistlərin də üzərinə böyük məsuliyyət düşür. Medianın İnkişafı Agentliyində bir neçə ay əvvəldən jurnalistlərə təlimlər keçirilib. Xüsusilə, ingilsdilli jurnalistlərlə bağlı keçirilən təlimlər haqqında məlumatım var. Elə bilirəm ki, Azərbaycan jurnalistikasının bu cür beynəlxalq tədbirləri işıqlandırmaq bacarığı, təcrübəsi yetərlidir. Sadəcə olaraq, indi sosial şəbəkədə olan xeyli fəal var ki, onlar jurnalist adına iddia edirlər. Onlar jurnalistlərin etibar və etimadını ictimaiyyətdə azaldırlar ki, bu da yolverilməzdir. İcimaiyyət qınaq edəndə bilməlidir ki, jurnalist kimdir, sosial şəbəkə fəalları kimdir. Mən Azərbaycan jurnalistikasına hər zaman yüksək qiymət vermişəm və jurnalistlərimizin fəaliyyətindən razıyam.

- Bir sıra xarici KİV-lər Azərbaycanla bağlı müxtəlif dezinformasiyalar yayır. Mediamız bu prosesə qarşı hansı addımları ata bilər və yaxud atmalıdır?

- Xarici mediada Azərbaycana qarşı olan dezinformasiyalar barəsində Medianın İnkişafı Agentliyi də bir neçə dəfə məlumatlar yayıb. Dezinformasiyaların, saxta-feyk xəbərlərin qarşısını almaq üçün bəyanatlar verib. Mətbuat Şurası da bir neçə dəfə bu barədə bəyanatlar verərək, fikrini bildirib. Çox təəssüf edirik ki, Azərbaycanı istəməyən bəzi qüvvələrin yalan uydurmaqla ölkəmizi ləkələmək halları mövcuddur. Bu, bəzi qüvvələrin siyasətinin tərkib hissəsidir. Təəssüf edirik ki, beynəlxalq medianın nümayəndləri də bu cür hallara yol verirlər.

Azərbaycan jurnalistlərinin vəzifəsi qonaqların COP29-un keçirilimə şəraitinə münasibətlərini işıqlandırmaq, tədbirin mahiyyəti barədə tamaşaçı və oxuculara sadə və aydın məlumatlar verməkdir. Bunlarla yanaşı, dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərlə təmas qurmaq və Azərbaycana qarşı aparılan dezinformasiyaların mahiyyətini həmkarlarına başa salmaqdan ibarət olmalıdır.

Buna Azərbaycanda gücü çatan yetərincə səviyyəli jurnalistimiz var.

- Xəzər dənizində görünən “balina” ilə bağlı xəbərlər geniş hay-küyə səbəb oldu. Hətta medianın bu hadisəni olduğundan fərqli təqdim etməsi halları yaşandı. Bu hadisənin, az qala COP29-la bağlı xəbərlərdən daha çox gündəmə gətirilməsini necə izah etmək olar?

- Balina maketinə sosial şəbəkələrdə olan reaksiyalar təbiidir. Çox güman ki, COP29 ərəfəsində belə bir işin hazırlanması ilə bağlı ictimaiyyət bilərəkdən əvvəlcədən məlumatlandırılmayıb. Bunun nə dərəcədə effektiv olduğunu bilmirəm. Yaxşıdır, yoxsa yox, deyə bilmərəm. Əlbəttə ki, ictimaiyyət əvvəldən məlumatlandırılsaydı, bu məsələ ətrafında belə yalan və şaiyələr, geniş reaksiya olmayacaqdı. Amma ola bilsin ki, diqqət cəlb etmək üçün qəsdən belə ediblər. İqlim dəyişikliyinə, qlobal istiləşmənin təbiətə vurduğu ziyanlara diqqət cəlb etmək baxımından normal təbliğat sayıla bilər. Hesab edirəm ki, insanları çox qınamaq da lazım deyil. Bütün dünyada sadəlövh, hər şeyə inanan və şayiə yayan insanlar var. Bunların hamısını jurnalist adı ilə qaralamaq da düzgün deyil.

Aygün