Close

"Bunun kökündə məsuliyyətsizlik, nəzarətsizlik və cəzasızlıq dayanır" - MÜSAHİBƏ

Son həftə ərzində dünyada və Azərbaycanda çox mühüm hadisələr baş verib. Bu hadisələri şərh etmək üçün iqtisad elmləri doktoru, professor Fikrət Yusifova müraciət etdik. Professorun TNS-ə müsahibəsini təqdim edirik.

- Fikrət müəllim, ABŞ Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb və məktubda bizdən Ermənistanla sülh müqaviləsini ən qısa müddətdə bağlamaq az qala təkidlə istənilir. Doğrudanmı, ABŞ sülhün əldə olunmasında maraqlıdır, yoxsa Qərbin başqa planları var?

- ABŞ administirasiyası Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasının istənildiyinə dair eyni məzmunlu məktubu Ermənistanın Baş naziri Nikol Paşinyana da ünvanlayıb. Bu müraciətin ABŞ-də seçkilərə sayılı günlər qalan bir ərəfədə, indiyə qədər görünəmiş bir formada yazılmasının başlıca hədəfi sülh müqaviləsinin tezliklə bağlanması deyil. Əsas hədəf noyabrın 5-də keçiriləcək seçkilərdə ABŞ-də yaşayan ermənilərin səsini demokratların xeyrinə almaqdır. Ermənilər demokratların hakimiyyətindən narazıdırlar. Onlar hesab edirlər ki, ABŞ administrasiyası Qarabağdan ermənilərin getməsinin qarşısını ala biləcək heç nə etmədi. Bayden bu məktubla ermənilərə demək istəyir ki, baxın, biz demokratlar Ermənistan üçün əlimizdən gələni edirik. Kamala Harrisin bu yaxınlarda – “mən prezident seçilərəmsə, ermənilərin Qarabağa qayıtması üçün çalışacam” deməsi də bu sıradan olan təbliğatdır.

- Bu, məsələnin seçkilərlə bağlı olan tərfidir. Axı ABŞ  və Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını bundan öncə də istədiklərini dəfələrlə bəyan ediblər. Yəni, biz bu məsələdə Qərbin ciddi təzyiqlərini görürük. Təbii ki, bu təzyiqləri körükləyən əsas tərəf Ermənistan rəhbərliyidir. Bu durumda sizcə Azərbaycan hökuməti nə etməlidir?

-Doğru buyurusunuz. Bu məsələdə artıq uzun müddətdir ki, biz ABŞ başda olmaqla, Qərbin təzyiqləri ilə üz-üzəyik. Ermənistanla sülh müqaviləsini bağlamaq istəməməyimizin tək səbəbi Ermənistanın konstitusiyası başda olmaqla, bir çox hüquqi aktlarında Azərbaycan torpaqlarına birbaşa və dolayı təhdidlərin mövcud olmasıdır. Bu səbəbdən Azərbaycan hökuməti haqlı olaraq hesab edir ki, belə təhdidlər ortadan qaldırılmayana qədər Ermənistanla sülh müqaviləsi bağlamağın mənası yoxdur. Çünki hər hansı bir sülh müqaviləsi ölkənin konstitusiyasından üstün hüquqi sənəd sayıla bilməz. Ermənistanın natura etibarilə cığal bir dövlət olduğunu bütün dünya bilir. Belə bir cığal dövlətin “biz konstitusiyamızı 2027-ci ildə dəyişəcəyik” kimi vədinə inanmaq olarmı? Nikol Paşinyan artıq 10 noyabr 2020-ci il Üçtərəfli Bəyannaməsinin altından atdığı imzadan imtina edəcəyini deyirsə,  sabah onun “konstitusiya sülh müqaviləsindən üstün sənəddir” deyib, Azərbaycana qarşı hərbi əməliyyatlara başlamayacağına kim təminat verə bilər?  Paşinyan 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra bir tərəfdən sülh müqaviləsindən dəm vurur, digər tərəfdən isə ölkəsini sürətlə hücum silahları ilə silahlandırır və bu silahları Azərbaycanla sərhəd boyunca yerləşdirir. İndu biz bu adama necə inanaq? Təbi ki, ortada olan bu məqamlar Qərbi qətiyyən maraqlandırmır. Qərbin Cənubi Qafqazda əsas hədəfi nə yolla olursa olsun, Rusiyanı bu bölgədən çıxartmaqdır. Sabah Ermənistan Azərbaycana qarşı hər hansı hərbi təxribat törədəcəksə, bu, Qərbi narahat edən məsələ deyil.

- Bəs belə vəziyyətdə çıxış yolunu nədə görürsünüz? Azərbaycan Qərblə düşmən olmaq istəmir. Azərbaycan bölgədə balanslaşdırılmış siyasət aparan bir dövlətdir. Bu durumda biz nə etməliyik?

- Düşünürəm ki, yaranmış vəziyyətdən çıxışın ən məqbul yolu Ermənistanla sülh müqaviləsini bizim üçün vacib olan bir şərtlə bağlamaqdır. Sülh müqaviləsinə bir bənd əlavə edilir ki, əgər Ermənistan bu müqavilə imzalandığı gündən ötən bir il müddətində özünün konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycan torpaqlarına qarşı təhdidləri aradan qaldırmazsa, müqavilə öz qüvvəsini itirmiş olur. Biz başa düşürük ki, Nikol Paşinyan müxalifətin basqıları qarşısında konstitusiyada dəyişikliyi indi etməkdən çəkinir. Bu dəyişikliyə erməni toplumunu hazırlamaq lazımdır, yəni Paşinyanın bir qədər də zamana ehtiyacı var. Nikol Paşinyan hakimiyyətinin devrilməsi və hakimiyyətə separatizm zəhəri ilə nəfəs alan qüvvələrin gəlməsi bizim maraqlarımıza qətiyyən uyğun deyil. O səbəbdən biz də güzəştə gedib, Paşinyana konstitusiyada və digər hüquqi aktlarda dəyişiklik etmək üçün zaman veririk.

- Bu günlərdə Tatarıstanın paytaxtı Kazan şəhərində BRICS-in növbəti toplantısı keçirildi. Məlumdur ki, Azərbaycan bu ilin avqust ayında BRICS-ə üzv olmaq üçün rəsmi müraciət edib. Necə hesab edirsiniz, biz niyə Qərbə deyil, Şərqə gedirik?

- Biz Türk qardaşlarımız kimi uzun müddət o dediyiniz Qərbə getmək yolunu tutduq. Lakin Qərb bizim haqqımızı tanımadı. Qərb 30 il ərzində bizim haqqımızı erməni separatçılarının ayaqları altına atmaqla bizə göz dağı verdi. İndi də işğalçı Ermənistandan demokratik ölkə düzəltməyə qalxıblar. Bu qədər haqsızlığı normalada heç bir dövlət həzm edə bilməzdi. Biz də haqlı olaraq həzm edə bilmədik.

Bu gün Azərbaycan yerləşdiyi bölgədə müstəqil və eyni zamanda milli maraqlara uyğun siyasət yürüdən yeganə ölkədir. Öz müstəqilliyinə hörmətlə yanaşan və onu maksimum qorumağa çalışan hər bir dövlət, məhz belə davranmalıdır. Lakin müstəqilliyimizin ilk günlərindən Azərbaycana qarşı ikili standartlar prizmasından münasibət bəsləyən Qərb ölkələrinin özlərindən kiçik dövlətlərin suverenliyinə münasibəti tam fərqlidir. Qərb bu gün nə qədər demokratiyadan, insan haqlarından, söz azadlığından danışsa da onun Azərbaycan kimi müstəqilliyini qoruyub saxlamağa çalışan ölkələrə münasibətində XVIII əsrin müstəmləkə təfəkkürü ortadadır. Bunlar rəsmi müstəmləkəçilik dövründə olduğu kimi, kiçik dövlətləri yalnız özlərindən asılı vəziyyətdə görmək istəyirlər. Lakin anlamırlar ki, dünya dəyişir, “demokratiya alətlərini” dövriyyəyə buraxıb, onlarla manipulyasiya etməklə qarşındakını aldatmaq zamanı artıq çoxdan bitib. İndi sözlə əməlin arasında bu qədər fərqlə yaşamaq mümkün deyil.

Bu gün Azərbaycan Cənubi Qafqazın açar dövləti olaraq dünya güclərinin diqqət mərkəzindədir. Qərblə Şərqin böyük güclərinin arasında gedən mübarizədə artıq Şərq yetərli üstünlük əldə etməkdədir.  Bu üstünlüyün ən bariz formasını Şərqin aparıcı dövlətlərinin təşəbbüsü ilə yaradılmış BRICS-in nümunəsində görmək mümkündür. Qərbin məkrli yanaşmalarından fərqli olaraq,  BRICS-də üzv ölkələrin suverenliyinə və müstəqil yaşamaq prinsiplərinə hörmətlə yanaşılır. Bu birlikdə heç bir dövlət digərinin daxili həyatına müdaxilə edib, ona “sən belə yaşamalısan” demir. Bir sözlə, bu Birlik öz müstəqilliyinə hörmətlə yanaşan və onu maksimum qorumağa çalışan ölkələrin koalisiyasıdır. Elə bu səbəbdəndir ki, hal-hazırda dünyanın 40-a yaxın ölkəsi bu Birliyə üzv olmaq arzusunu ifadə etmişdir. Bu ölkələrdən biri də Azərbaycandır. Rəsmi Bakı cari ilin avqust ayının 20-də BRICS-ə üzvlüklə bağlı müraciət etmişdir. Azərbaycanın siyasi elitası həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda dialoqa, əməkdaşlığa və həmrəyliyə can atır və bunu müstəqil siyasətin əsas prinsipi hesab edir.

- Fikrət müəllim, bu həftə Bakıda baş vermiş hadisəyə - yağışın fəsadlarına da münasibət bildirməyinizi istərdik. Siz iqtisadçı alimsiniz, ölkənin ən çətin dönəmlərində Maliyyə Nazirliyinə rəhbərlik etmisiniz. Sizcə baş vermiş hadisənin kökündə nələr dayanır?

- Baş vermiş hadisənin kökündə məsuliyyətsizlik, nəzarətsizlik və cəzasızlıq dayanır. Budur həqiqət! Bilirsiniz ki, mən uzun illər Rusiyanın Sankt-Peterburq şəhərində yaşamışam. Bu məkan daimi yağışların olduğu bir yerdir. Bəzən həftələrlə fasiləsiz yağış yağır. Lakin bir dəfə olsun haradasa yağış suyunun yığışdığını görmək mükün deyil. Çünki bu şəhərdə bütün işlər mühəndis ağlı ilə görülür. Bu şəhərdə heç kim işıq, qaz, su, kanalizasiyaya qoşulmaq icazələri alınmadan hər hansı bir tikintiyə başlaya bilməz. Ancaq biz uzun illər ərzində Bakıda “novostroykaları” necə tikmişik? Əvvəl tikmişik, sonradan isə işıq, qaz, su və kanalizasiyaya necə qoşulmağın yollarını axtarmışıq.

Son illər ərzində Bakı şəhərində körpülərin, yeraltı avtomobil keçidlərinin inşasını aparanların korrupsiya əməllərindən bütün ölkə danışır. Bu körpülər, bu keçidlər hamısı dövlət büdcəsinin vəsaitləri hesabına tikilib. Bəs bu vəsaitlərin düzgün istifadəsinə kim nəzarət etməlidir? Ölkədə bu işə məsul olan Hesablama Palatası adlı bir təşkilat var. Büdcə vəsaitlərindən düzgün istifadəyə nəzarətlə bağlı bu təşkilatdan gözləntilər nə qədər böyük olsa da bu gün Hesablama Palatası maliyyə nəzarəti sahəsində görməli olacağı işlərin heç 10%-ni belə yerinə yetirə bilmir. Hansısa qeyri-hökumət təşkilatının büdcə vəsaiti hesabına reallaşdırdığı layihədə 3-5 manatın “təyinatından kənar xərcləndiyini” aşkarlayan Palata, dəyəri yüz milyonlarla ölçülən və bəzən milyard manata çatan layihələrdə baş verənlən əyintilərini də aşkara çıxarmağa məsuldur. Lakin təəssüf ki, biz illələdir, bunu görə bilmirik.

Və nəhayət, cəzasızlıq! Baş verən bir hadisəyə görə cəzasızlıq, növbəti daha dəhşətli bir fəlakətin bünövrəsinin qoyulması deməkdir. Yağışdan sonra baş vermiş fəlakətə görə yeraltı avtomobil keçidlərini tikən təşkilatların rəhbərlərini, onların mühəndis korpusunu məsuliyyətə cəlb etmək lazım idi. Ancaq onlara “gözün üstündə qaşın var” deyən olmadı.

- Müsahibə üçün təşəkkür edirik.